Folarin Baloquna qırmızı vərəqə göstərilir (Foto: Şarlot Vilson / “Stringer” )
Bazar günü ABŞ millisinin dünya çempionatındakı çıxışı gözlənilməz məcraya yönəlib. FİFA misli görünməmiş qərar qəbul edərək qırmızı vərəqə almış Folarin Baloqunun avtomatik diskvalifikasiyasını dayandırıb və hücumçuya bazar ertəsi Belçikaya qarşı keçiriləcək 1/8 final oyununda iştirak etməyə icazə verib. Bu qərar ABŞ Prezidenti Donald Trampın FİFA prezidenti Canni İnfantino ilə əlaqə saxlayaraq qərara yenidən baxılmasını xahiş etməsindən sonra verilib (“Reuters”).
Qərar FİFA-nın intizam prosedurunu diqqət mərkəzinə gətirib, Belçika tərəfinin sərt etirazına səbəb olub və turnirin əsas müzakirə mövzusunu taktika və heyət seçimindən çox, futbolun ali idarəedici qurumuyla siyasi hakimiyyət arasındakı münasibətlərə çevirib.
FİFa-nın bu addımı cəmi bir neçə dəqiqə ərzində turnirin ən böyük qalmaqallarından birinə çevrilib. İdman xəbərləri və tok-şoular bu mövzunu gündəmə gətiriblər; ekspertlər, şərhçilər və sabiq futbolçular isə FİFA-nın ədalətli davranıb-davranmadığını, öz qaydalarını sarsıdıb-sarsıtmadığını müzakirə ediblər.
Qərarın qəbul olunma şəraitiylə bağlı suallar getdikcə artıb. FİFA “Reuters” agentliyinin həm bu qərar, həm də Trampın İnfantino ilə telefon danışığı barədə çoxsaylı sorğularına cavab verməyib.
Baloqun Bosniya və Herseqovina üzərində 2:0 hesablı qələbəylə başa çatan oyunda dünya çempionatındakı üçüncü qolunu vurmuş, ikinci hissədə Tarik Muharemoviçin topuğuna zərbə endirdiyinə görə qırmızı vərəqə almışdı.
25 yaşlı futbolçu VAR baxışından sonra meydandan qovulub. ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino bunun qırmızı vərəqəyə uyğun qayda pozuntusu olmadığını deyib.
Məlumatlı mənbənin sözlərinə görə, Tramp İnfantinoya zəng edərək futbolçunun meydandan kənarlaşdırılması barədə qərara yenidən baxılmasını istəyib.
FİFA cəzanı ləğv etmədən Baloquna oynamaq hüququ verib
“FİFA-nın İntizam Məcəlləsinin 27-ci maddəsinə uyğun olaraq bir oyunluq diskvalifikasiyanın icrası bir il sınaq müddətinə dayandırılır” – FİFA-nın bəyanatında belə deyilir.
Qurum əlavə edib ki, əgər Baloqun sınaq müddəti ərzində eyni xarakterli və ağırlıqdakı başqa pozuntu törədərsə, dayandırılmış cəza qüvvəyə minəcək və yeni pozuntuya görə tətbiq olunacaq əlavə sanksiyalara mane olmayacaq.
İntizam orqanı öz mülahizəsinə əsasən cəzanın icrasını tam və ya qismən dayandırmaq səlahiyyətinə malikdir.
“Böyük ədalətsizlik aradan qaldırıldı”
Bunun ardınca Tramp “Truth Social” platformasında yazıb ki, “Doğru addım atdığına və böyük bir ədalətsizliyi aradan qaldırdığına görə FİFA-ya təşəkkür edirəm”.
Ağ Ev isə “X” platformasında “USA-USA-USA” paylaşımı edərək Baloqunun komandaya qayıdışını alqışlayıb.
ABŞ Futbol Federasiyası qərarı müsbət qarşılayıb. Baloqunun komanda yoldaşları isə bildiriblər ki, bu xəbəri bazar ertəsi Sietldə keçiriləcək oyunöncəsi məşqə gedərkən sosial şəbəkələrdən öyrəniblər.
“Bura gələndə eşitdik. Əvvəl düşünürsən ki, doğrudanmı belədir? Sonra isə “Bu, əla xəbərdir” deyib sevinirsən” – ABŞ millisinin hücumçusu Kristian Pulişiç jurnalistlərə belə deyib.
Bazar axşamı Sietldə keçirdiyi mətbuat konfransında Poçettino qərarı dəstəkləyib.
“Məncə, futbol aləmində insanların 99,9 faizi bunun ədalətsiz cəza olduğunu deyir. Keçmişdə də belə hallarda cəzanın icrası təxirə salınıb. Buna görə insanların niyə təəccübləndiyini anlamıram”.
O əlavə edib ki, bu cür qərarlar əvvəllər də verilib və bu çempionatda cəzalandırılmayan başqa futbolçular da olub.
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel bildirib ki, Baloquna qırmızı vərəqə göstərilməsi doğru qərar olmayıb. Bununla belə, o qeyd edib ki, bazar günü Meksikaya qarşı oyunda İngiltərə komandasınını müdafiəçisi Carrell Quansa meydandan qovulduğu halda Baloqunun cəzasının dayandırılması sual doğurur.
RBFA: “Şokdayıq”
Belçika Kral Futbol Assosiasiyası (RBFA) FİFA-nın Baloquna oynamaq icazəsi verməsi qərarından “şoka düşdüyünü” açıqlayıb və mümkün olan bütün hüquqi addımları nəzərdən keçirdiyini bildirib.
RBFA bəyan edib ki, FİFA qərarını İntizam Məcəlləsinin 27-ci maddəsiylə əsaslandırsa da, həmin məcəllənin 66.4-cü maddəsi qırmızı vərəqənin növbəti oyuna avtomatik diskvalifikasiya tətbiq etdiyini açıq şəkildə nəzərdə tutur və bu, dünya çempionatında indiyədək verilmiş bütün qırmızı vərəqələrə tətbiq olunub.
Assosiasiyanın bəyanatında həmçinin vurğulanıb ki, qərar turnirin reqlamentinə də ziddir.
Amma Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu da ötən il İrlandiyaya qarşı oyundan kənarlaşdırılmış, üç oyunluq cəzasının son iki oyunu FİFA tərəfindən dayandırıldığı üçün dünya çempionatının ilk oyunlarında iştirak edə bilmişdi.
Qətər millisinin yarımmüdafiəçisi Assim Madibo isə qrup mərhələsində Kanadanın yarımmüdafiəçisi İsmael Koneni ağır zədələyən kobud müdaxiləsinə görə beş oyunluq cəza almışdı.
Beləliklə, bazar ertəsi keçiriləcək ABŞ–Belçika qarşılaşması artıq turnirin ən mübahisəli qərarlarından birinin kölgəsində baş tutacaq və FİFA-nın səlahiyyətləri ilə bağlı müzakirələr, yəqin ki, final fitindən sonra da davam edəcək.
“Politfm”



