Pekin, 14 may 2026 (foto:AP)

 

 

ABŞ-nin maliyyə naziri Skott Bessentin İranın dünyadakı maliyyə əlaqələrinə qarşı elan etdiyi genişmiqyaslı “iqtisadi hücumun” qarşısında mühüm bir maneə var: Çin.

“Assosiadet Press” agentliyinin bu haqda məqaləsində qeyd olunur ki, Pekin İranın ən böyük ticarət tərəfdaşı və neftinin əsas alıcısıdır. ABŞ administrasiyası İranı iqtisadi tərəfdaşlarından təcrid etməyə çalışdığı bir vaxtda Amerika prezident Donald Tramp sentyabrda Çinin sədri Si Tzsinpini Vaşinqtonda qəbul etməyə hazırlaşır. Səfərin məqsədlərindən biri iki ölkə arasında əldə olunmuş kövrək ticarət barışığını qorumaqdır.

Bessent açıqlamasında Tramp administrasiyasının Çinlə bağlı konkret hansı addımları atacağını bildirməyib. Bu, ABŞ-nin İrana qarşı yeni iqtisadi kampaniyasının nə dərəcədə təsirli olacağına dair suallar yaradır. Vaşinqton bir tərəfdən Tehrana maksimum iqtisadi təzyiq göstərmək, digər tərəfdənsə Çinlə ABŞ iqtisadiyyatına baha başa gələ biləcək yeni gərginlikdən yayınmaq istəyir.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) baş məsləhətçisi Edqard Kaqanın fikrincə, Bessentin açıqlamasında Çinə qarşı konkret addımların göstərilməməsi qarşıdakı sammiti riskə atmamaq məqsədi daşıya bilər. Kaqan qeyd edir ki, Si Tzsinpinin Vaşinqtona dövlət səfəri Çin lideri üçün nə qədər əhəmiyyətlidirsə, həmin səfərə ev sahibliyi etmək də Tramp üçün bir o qədər vacibdir.

Onun sözlərinə görə, əsas məsələ ABŞ-nin Çini İranla əlaqələrini azaltmağa və Tehran üzərində təzyiqi gücləndirməyə sövq edib-edə bilməyəcəyidir. Təzyiq həddindən artıq olarsa, Pekin tələbləri qeyri-real sayaraq əməkdaşlıqdan imtina edə bilər.

Çin gözləmə mövqeyi tutaraq minimum addımlarla kifayətlənə bilər

Bessentin elan etdiyi “İqtisadi təcrid” (“Operation Economic Outcast”) əməliyyatına cavab olaraq Çin bildirib ki, İranla əməkdaşlığı həmişə beynəlxalq hüquq çərçivəsində həyata keçirilib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan deyib ki, bu əməkdaşlığa maneə yaradılmamalıdır. O, Pekinin Amerikanın “qanunsuz birtərəfli sanksiyalarına” qarşı çıxdığını və Çinin hüquq və maraqlarını qorumaq üçün zəruri addımlar atacağını bildirib.
İranın ixrac etdiyi neftin 80 faizindən çoxunu Çin alır. Amma bu neft əsasən dolayı kanallarla Çinə çatdırılır.

Kaqan Pekinin açıqlamasını gözləmə mövqeyinin ifadəsi kimi qiymətləndirir. Onun fikrincə, Çin ABŞ ilə açıq qarşıdurmaya getmədən sanksiyalara minimum səviyyədə uyğunlaşmağa çalışacaq. Ekspert İran neftinin mənşəyini gizlətməyə imkan verən “gəmidən-gəmiyə” ötürmələrini sanksiyalardan yayınma üsullarından biri kimi göstərir.

Stimson Mərkəzinin Çin proqramının direktoru Sun Yun hesab edir ki, ABŞ-nin məqsədi İran iqtisadiyyatını dağıtmaq və hakimiyyətin süqutuna nail olmaqdırsa, Çin bu kampaniyaya qoşulmayacaq. Yox, əgər məqsəd İranı Hörmüz boğazı ilə bağlı güzəştlərə sövq etmək və münaqişənin başa çatmasına şərait yaratmaqdırsa, Pekin Tehranla əlaqələrini tam kəsmədən müəyyən səviyyədə əməkdaşlıq edə bilər. Sun Yunun sözlərinə görə, belə addımlardan biri Çinin İrandan neft idxalını azaltması ola bilər.

O bildirib ki, Tramp–Si Tzsinpin görüşünə bir neçə həftə qalmış tərəflərin heç biri ikitərəfli münasibətlərdə ciddi gərginlik istəmir. Çin müəyyən güzəştlərə getməli, ABŞ isə Pekinin bütün tələbləri yerinə yetirməyəcəyini qəbul etməlidir.

Vaşinqton niyə Çinə qarşı sərt addımlardan çəkinir?

Tramp administrasiyası indiyədək ABŞ maliyyə sistemi ilə əlaqələri olan iri Çin şirkətlərinə və banklarına sanksiya tətbiq etməyib.
Amerikanın Maliyyə Nazirliyi 60-a yaxın İranla əlaqəli qurum, şirkət və şəxsi sanksiya siyahısına salıb. Nazirlik onları İranın nüvə və raket proqramlarında, kiberfəaliyyətində və neft daşınmasında iştirak etməkdə ittiham edir.

Sanksiyalar arasında Çin və Honkonqda yerləşən, İranın raket və nüvə proqramlarına dəstək verməkdə ittiham olunan şəxslər və qurumlar da var. Çin şirkətinə məxsus bir tanker bu il milyonlarla barel İran neftini Çinə daşıdığına görə sanksiyaya məruz qalıb. Honkonqda qeydiyyatdan keçmiş bir şirkətsə İran neftini daşıyan “kölgə donanması”ndakı roluna görə siyahıya salınıb. Bununla belə, tədbirlər Çinin iri bank və şirkətlərini şamil edilməyib.

Beynəlxalq Böhran Qrupunun ABŞ–Çin münasibətləri üzrə baş məsləhətçisi Ali Uayn hesab edir ki, Tramp ticarət barışığını və Si Tzsinpinlə şəxsi münasibətlərini qorumağa çalışdığı üçün Çin liderinin səfərinə bir ay qalmış Pekinə qarşı qəfil sərt mövqe tutmaya bilər.

AP qeyd edir ki, Tramp ikinci prezidentlik müddətində Çinlə bağlı ilk prezidentlik dövründəkindən daha az sərt mövqe nümayiş etdirir və Si Tzsinpinlə münasibətlərinin yaxşı olduğunu tez-tez vurğulayır. ABŞ-nin biznes dairələri də iki liderin görüşünü müsbət əlamət sayır, baxmayaraq ki, həmin görüşdən ciddi razılaşmaların əldə olunacağına zəmanət yoxdur.

Si Tzsinpinin Vaşinqtona səfəri Trampın noyabrda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumunun (APEC) liderlər sammitində iştirak üçün Çinə səfərinə də zəmin yarada bilər.
Beləliklə, ABŞ-nin İrana qarşı yeni iqtisadi kampaniyasının təsiri böyük ölçüdə Çinin İranla iqtisadi əlaqələrini nə dərəcədə məhdudlaşdıracağından və Vaşinqtonun iri Çin şirkətlərinə və banklarına qarşı tədbir görüb-görməyəcəyindən asılı olacaq. Ancaq yaxınlaşan Tramp–Si Tzsinpin görüşü ABŞ-nin hələlik Pekinə qarşı kəskin addımlar atmaq ehtimalını azaldır.

“Politfm”