Foto: İİ

 

 

Azərbaycanda əhalinin yaşlanması sürətlənir. 2026-cı ilin əvvəlinə ölkədə 65 və yuxarı yaşda olan əhalinin sayı 1 milyon 86,4 min nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2025-ci ilin əvvəlində bu yaş qrupuna daxil olanların sayı 1 milyon 12,3 min nəfər olub. Deməli, cəmi bir il ərzində 65+ yaşlı əhalinin sayı 74,1 min nəfər və ya təxminən 7,3 faiz artıb. Bu göstərici son dövrdə yaşlanma prosesinin sürətləndiyini göstərir.

Yaşlanmanı sürətləndirən amillər

Statistik göstəricilər Azərbaycanda əhalinin yaşlanmasının iki istiqamətdə getdiyini göstərir: bir tərəfdən insanlar daha uzun yaşayır və daha çox insan 65 yaş həddinə çatır, digər tərəfdən doğumun azalması nəticəsində gənc yaş qrupları kiçilir.

2000-ci ildə Azərbaycanda doğulanda gözlənilən ömür uzunluğu 71,8 il idi. 2025-ci ildə bu göstərici 77,1 ilə yüksəlib. 5,3 illik artım ölüm səviyyəsinə təsir göstərən səhiyyə, yaşayış şəraiti və digər sosial amillərdəki dəyişikliklərin nəticəsi olaraq daha çox insanın ahıl yaşlara çatması və daha uzun yaşaması ilə müşayiət olunur. Buna görə 65+ əhalinin mütləq sayındakı artımın mühüm hissəsi uzunömürlülüyün yüksəlməsi və əvvəlki nəsillərin tədricən bu yaş qrupuna keçməsi ilə bağlıdır.

Eyni zamanda, doğum göstəricilərində azalma müşahidə olunur. 2000-ci ildə Azərbaycanda 116 994 uşaq doğulduğu halda, 2025-ci ildə doğulanların sayı 95 875 nəfərə enib. Bu, 18 faizlik azalma deməkdir. Lakin həmin müddətdə ölkə əhalisinin ümumi sayı təxminən 28 faiz artdığı üçün doğum səviyyəsindəki dəyişiklik əslində daha böyükdür: hər 1000 nəfərə düşən doğum sayı 14,7-dən 9,4-ə, bir qadına düşən orta uşaq sayı isə 1,99-dan 1,35-ə enib.

Bu proses yaş qruplarının sayında və ümumi əhali içindəki payında da aydın görünür. 2000–2026-cı illərdə 0–14 yaşlıların sayı 2 milyon 545,6 mindən 2 milyon 10 min nəfərə enib, yəni 21 faiz azalıb. Uşaqların ümumi əhali içindəki payı isə 31,7 faizdən 19,6 faizə düşüb. Eyni dövrdə 65+ əhalinin sayı 419,5 mindən 1 milyon 86,4 minə yüksələrək təxminən 2,6 dəfə artıb. Yaşlıların əhali içindəki payı da 5,2 faizdən 10,6 faizə çataraq iki dəfədən çox yüksəlib.

Son altı ilin statistikası bu iki istiqamətli dəyişikliyi daha aydın göstərir.

2020–2026-cı illərdə 65+ əhalinin sayı 364,2 min nəfər artdığı halda, 0–14 yaşlıların sayı 301,3 min nəfər azalıb. Beləliklə, yaş strukturunun yuxarı hissəsi böyüyür, aşağı hissəsi isə daralır.

Demoqrafik yükün tərkibi də dəyişib. 2000-ci ildə 15–64 yaşlı hər 1000 nəfərə 502 uşaq və 83 yaşlı düşürdü. 2026-cı ilin əvvəlində isə bu göstəricilər müvafiq olaraq 280 uşaq və 152 yaşlı təşkil edib. Yəni uşaqlarla bağlı demoqrafik yük azalarkən yaşlılarla bağlı yük təxminən iki dəfə artıb. Bunun nəticəsində əmək qabiliyyətli yaş qrupunun daşıdığı demoqrafik yükün ağırlıq mərkəzi tədricən uşaqlardan yaşlı əhaliyə doğru dəyişir.

Dövlət Statistika Komitəsinin 2000–2025-ci illər üzrə məlumatları ölüm yaşının daha yuxarı həddə qalxdığını göstərir:

– 2000-ci ildə ölən 46 701 nəfərin 25 283-ü (54,1 faizi) 65+ yaşda olub;
– 2025-ci ildə 59 834 ölümün 37 473-ü (62,6 faizi) 65+ yaş qrupuna aid olub; 75+ yaşda ölənlərin payı 25,8 faizdən 34,2 faizə; 85+ yaşda ölənlərin payı isə 10,9 faizdən 16,5 faizə yüksəlib.

Yaş qrupları üzrə ölüm əmsalları da azalıb. Hər 1000 nəfərə hesablanan ölüm göstəricisi:
• 65–69 yaşda 33,8-dən 18,7-yə;
• 70–74 yaşda 51,0-dan 27,8-ə;
• 75–79 yaşda 76,6-dan 40,2-yə;
• 80–84 yaşda 113,0-dan 84,8-ə;
• 85+ yaşda 188,8-dən 135,8-ə enib.

Bu rəqəmlər eyni vaxtda iki dəyişikliyi əks etdirir: ölümlər daha çox yüksək yaşlarda cəmlənir və ayrı-ayrı ahıl yaş qruplarında ölüm ehtimalı azalır.

Beləliklə, 65+ əhalinin mütləq sayının artmasında ömrün uzanması və daha çox insanın ahıl yaşlara çatması, yaşlıların ümumi əhali içindəki payının və demoqrafik yükünün yüksəlməsində isə bununla yanaşı doğumun azalması və gənc nəsillərin kiçilməsi rol oynayır. Başqa sözlə, Azərbaycanda əhalinin yaşlanması eyni zamanda həm “yuxarıdan” (uzunömürlülüyün artması), həm də “aşağıdan” (doğumun və uşaqların sayının azalması) hesabına sürətlənir.

“Politfm”