Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi real müzakirə mərhələsinə çatdığı bir vaxtda region yenidən böyük güclərin rəqabət meydanına çevrilir. TRIPP (Trans-İran Keçid Layihəsi) iqtisadi əməkdaşlıq kimi təqdim olunsa da, əslində geosiyasi seçim məsələsinə çevrilir. Xüsusilə İran və İsrail qarşıdurmasının genişlənməsi və bu münqişədə ABŞ faktorunun aktiv rolu regiondakı balansı dəyişir.

Vəziyyəti daha da həssaslaşdıran amillərdən biri də Ermənistanda qarşıdan gələn seçkilərdir. Seçki dövrü xarici siyasət məsələləri daxili siyasi mübarizənin əsas mövzularından birinə çevirir. Üstəlik, bu xarici siyasət həm birbaşa ölkənin daxilini də dəyişməyə iddia edirsə. Əgər Moskva ilə daha yaxın xətti müdafiə edən, Rusiya tərəfindən dəstəklənən qüvvələr hakimiyyətə gələrsə, Bakı-İrəvan sülh gündəliyinin ləngiməsi və ya yenidən hansısa şərtlərə bağlanması ehtimalı arta bilər. Bu isə illərlə müzakirə olunan razılaşmaların taleyini qeyri-müəyyən vəziyyətə salar.

Moskva Cənubi Qafqazı öz təsir zonası hesab edir və Rusiyanın nəzarətində olmayan alternativ nəqliyyat layihələri, xüsusilə də regionu fərqli iqtisadi bloklara bağlayan təşəbbüsləri Kremlin maraqlarına  zidd hesab edir. Bu səbəbdən TRIPP kimi layihələr yalnız iqtisadi deyil, həm də siyasi  seçimlər və reaksiyalar doğuran faktor kimi qiymətləndirilir. Nəzərə alsaq ki, Rusiyanın region ölkələrinə iqtisadi, siyasi və təhlükəsizlik baxımdan təsir rıçaqları hələ də qalır, deməli, işlər elan edildiyi kimi hamar getməyə bilər.

“Fürsət” yarana bilərmi?

ABŞ-nin başının İranda qarşması və bütün strateji oyunlarını bu ölkə ilə müharibə üzərində qurması Rusiyanın Cənubi Qafqazda siyasi revanş iştahasına düşməsinə səbəb ola bilər. Bunun bəzi işartıları Köçəryanın yenidən baş nazirliyə namizəd kimi göstərilməsi ilə ortaya çıxır.

 

Azərbaycan nə etməlidir?

Bütün bu baş verənlərin fonunda Azərbaycanın dövlət marağı tələb edir ki, sülh müqaviləsi ən tez zamanda imzalansın. Bu həm də İranda vəziyyətən daha arzuolunmaz istiqamətə getdiyi vaxt Ermənistanla məsələni tam həll etmək üçün vacibdir. Yəni Ermənistandakı seçki və regiondakı vəziyyətin qarışıq olduğu bir vaxtda heç bir halda riskə getmək olmaz.

Aqil Məhərrəmli