Foto: “Getty İmages”
Konqres Büdcə Ofisinin (CBO) hesablamalarına görə, ABŞ Prezidenti Donald Trampın futuristik “Qızıl günbəz” raketdən müdafiə sisteminin iki onillik ərzində hazırlanması, yerləşdirilməsi və idarə olunması təxminən 1.2 trilyon dollara başa gələcək (BBC). Bu rəqəm ilkin olaraq nəzərdə tutulmuş 175 milyard dollarlıq məbləğdən əhəmiyyətli dərəcədə yüksəkdir.
ABŞ-ni ballistik və qanadlı raketlərdən qorumaq üçün nəzərdə tutulmuş bu sistemin keyfiyyətsiz ola biləcəyi barədə ehtimallar var. CBO-nun yeni hesabatında xəbərdarlıq edilir ki, “Qızıl günbəz” Rusiya və ya Çinin tammiqyaslı hücumuna dözüm gətirməyə bilər.
Maliyyə nəzarətçisi bildirib ki, təkcə satınalma xərcləri, o cümlədən tutucu təbəqələr və kosmos əsaslı raket xəbərdarlığı və izləmə sistemi üçün 1 trilyon dollardan çox vəsait tələb olunacaq.
İkinci dəfə Ağ Evə qayıdandan cəmi bir neçə gün sonra Tramp “yeni nəsil” hava təhdidlərinə qarşı mübarizə aparacaq sistemlə bağlı planlarını açıqlamışdı. O, keçən il demişdi ki, proqrama ilkin olaraq 25 milyard dollar investisiya lazım gələcək, ümumi xərc 175 milyard dollar olaq.
Hesabatdakı smetanı tələb edən demokrat senator Ceff Merkli bugünkü açıqlamasında deyib ki, “Prezidentin “Qızıl gümbəz”i müdafiə podratçılarına verilən nəhəng paydan başqa bir şey deyil və bunun pulunu tamamən Amerika işçiləri ödəyir”.
BBC mövzuyla bağlı şərh almaq üçün Ağ Evə və Pentaqona sorğu göndərib.
ABŞ-nin o qədər böyük bir ərazini əhatə edən hərtərəfli müdafiə sistemini qura biləcəyinə dair şübhələr mövcuddur. Rəsmilər xəbərdarlıq ediblər ki, mövcud sistemlər potensial rəqiblərin getdikcə mürəkkəbləşən silahlarıyla ayaqlaşa bilmir.
Tramp daha əvvəl demişdi ki, sistem “hətta dünyanın digər tərəfindən və ya kosmosdan atılan raketləri belə vurmaq qabiliyyətinə malik olacaq”.
Ötən ay “SpaceX” və “Lockheed Martin” şirkətləri sistem üçün kosmos əsaslı rakettutucu prototipləri hazırlamaq üçün 3.2 milyard dollar dəyərində müqavilə imzalayıblar.
“Politfm”



