Foto: “AZƏRTAC”

 


BMT Təhlükəsizlik Şurasının islahatı prosesində xüsusilə Qlobal Cənubun səsi və onun ədalətli təmsilçiliyi təmin olunmalıdır.


Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev belə deyib (“AZƏRTAC”).

Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) Bakıda keçirilən ilk Baş Assambleyasında danışan Hacıyev qeyd edib ki, Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi bütün çətinlikləri və problemləri “tam və hərtərəfli” anlayır:

“Bunun tarixi bir səbəbi də var, çünki Azərbaycan da müstəqillik illərində və ümumilikdə bütün tarixi boyunca bu çətinlikləri və problemləri yaşayıb. Xüsusilə müstəmləkəçilik və yeni müstəmləkəçilik elementlərini vurğulamaq istərdim. Qlobal Cənub ölkələri tarix boyu çox əziyyət çəkiblər. Təəssüf edirik ki, bu praktika qlobal səviyyədə hələ də davam edir, sadəcə yeni forma və təzahürlər qazanır”.

Onun sözlərinə görə, Azərbaycan 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə yeni müstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərindən biri elan edib:
“Təəssüf edirik ki, BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsi indiyədək öz mandatını tam yerinə yetirə bilmir, çünki bəzi ölkələr dekolonizasiya prosesinə müqavimət göstərirlər”.
Hacıyev əlavə edib ki, dünya nizamının formalaşdırılmasında Qlobal Cənubun rolu məhdudlaşdırılır:
“Etiraf etməliyik ki, biz qlobal nizamsızlıq dövründə yaşayırıq. Yeni təhdidlər, yeni çağırışlar və yeni qeyri-müəyyənliklər meydana çıxır. Təəssüf ki, tarix boyu yeni qlobal nizam formalaşarkən Qlobal Cənub masada təmsil olunmayıb. Xüsusilə İkinci Dünya müharibəsindən sonra Qlobal Cənubun səsi eşidilməyib”.

Hikmət Hacıyev bu vəziyyətin davam etməsinin qəbuledilməz olduğunu vurğulayıb:

“Hazırda isə daha böyük potensialı və dünya əhalisinin 80 faizinin Qlobal Cənub ölkələrində yaşadığını nəzərə alaraq, biz yeni dünya nizamının formalaşmasını sadəcə müşahidə edən və kənardan baxan tərəf ola bilmərik. Qlobal Cənub ölkələri bütün bu proseslərdə və təşəbbüslərdə fəal iştirak etməlidirlər. Beynəlxalq institutların hazırkı strukturu, xüsusilə BMT Təhlükəsizlik Şurası müasir dünyanın reallıqlarını əks etdirmir. Bu institutda Qlobal Cənubun səsi kifayət qədər eşidilmir. Həmçinin ədalətli coğrafi təmsilçilik də təmin edilməyib. Biz hesab edirik ki, BMT Təhlükəsizlik Şurasının islahatı prosesində xüsusilə Qlobal Cənubun səsi və onun ədalətli təmsilçiliyi təmin olunmalıdır. Azərbaycan qətiyyətlə çoxtərəflilik tərəfdarıdır”.

“Politfm”