Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “İqtisadiyyat.az” saytına açıqlamasında deyib ki, bəzi məhsulların bahalaşması bayram ərəfəsində tələbatın artmasıya bağlıdır, süni qiymət artımı isə işbazların əməlidir, belə halların qarşısını almaq üçün monitorinqlər keçirmək lazımdır.
Deputat Azər Badamov da qiymət artımını qarşıdakı bayramla əlaqələndirib, artımın davam edəcəyini vurğulayıb, deyib ki, insanlar bayramın yaxınlaşmasını gözləmədn bazarlıq etməlidirlər.
Bu iki yanaşma iqtisadiyyatın iki fərqli qütbünü — inzibati tənzimləmə və liberal bazar qanunauyğunluqlarını təmsil edir. Bu fikirləri Azərbaycanın mövcud sosial-iqtisadi mənzərəsi və əhalinin alıcılıq qabiliyyəti fonunda müqayisə etdikdə aşağıdakı mənzərə yaranır.
İşbazlıq, yoxsa tələb-təklif tərəzisi
Hər iki yanaşmanın özünəməxsus arqumentləri var, problemə fərqli prizmalardan baxılır.
Birinci yanaşma inzibatidir – süni qiymət artımı, işbazlar, monitorinq və sərt nəzarət, qiymət intizamının qorunması.
İkinci yanaşma bazar qanununa istinad edir: tələb-təklif tarazılığı, istehlakçı davranışı, bazarın özü-özünü tənzimləməsi.
Azərbaycan hökuməti rəsmi olaraq bazar iqtisadiyyatı prinsiplərinə sadiq olduğunu bəyan etsə də, sosialyönümlü siyasət çərçivəsində bayram günlərində bazara aktiv müdaxilə edir.
“Yumşaq güc” – yarmarkalar
Tahir Rzayevin monitorinq təklifi hökumətin “kənddən şəhərə” yarmarkaları və Antiinhisar Xidmətinin fəaliyyətiylə səsləşir. Bu, bir növ “yumşaq tənzimləmə”dir.
Amma Azərbaycan reallığında yarmarkalar simptomatik müalicə (dərman) rolunu oynayır — yəni problem (qiymət artımı) yarananda onu müvəqqəti həll edir.
Bu model tam effektiv deyil və bir neçə zəif nöqtəsi var:
1. logistika və əhatə dairəsi: adətən, yarmarkalar böyük şəhərlərin mərkəzi hissələrində qurulur. Ucqar mikrorayonlarda yaşayanlar üçün yarmarkaya getmək əlavə vaxt və nəqliyyat xərcidir, bu da qənaət olunan məbləği xeyli dərəcədə azaldır;
2. keyfiyyətə nəzarət: bəzən alverçilər də “fermer” adı altında yarmarkaya daxil olur və bu, “vasitəçisiz satış” ideyasını zədələyi;.
3. məhdud zaman: yarmarkalar müvəqqəti xarakter daşıdığı üçün bazara uzunmüddətli təsir göstərə bilmir. Bayram bitən kimi qiymətlər yenidən bazarın insafına qalır.
İnhisarçılıq problemi
“İşbazlıq” bazarın rəqabətli olmamasından qaynaqlanır. Bazarda real rəqabət olsa, hansısa satıcının qiyməti süni şəkildə qaldırması onun müştəri itirməsiylə nəticələnər. Rzayevin yanaşması əslində rəqabət mühitindəki çatışmazlıqlardan xəbər verir.
Real gəlir problemi
Azər Badamovun “qabaqcadan tədarük edin” təklifi nəzəri cəhətdən doğru olsa da, əhalinin real gəlirləri və istehlak vərdişləriylə toqquşur.
Likvidlik problemi
Aşağı və orta gəlirli təbəqə əsasən maaşdan-maaşa yaşayır.
Bayram bazarlığını bir ay əvvəldən etmək üçün əlavə “sərbəst vəsait” olmalıdır ki, bu da hər kəs üçün əlçatan lüks deyil.
Psixoloji inflyasiya problemi
Bayramqabağı qiymət artımı gözləntisi özü-özlüyündə inflyasiyanı stimullaşdırır. Bu gözlənti əhalini “panik” alış-verişə sövq edir və qiymətlər həm də buna görə qalxır.
Əslində, hər iki yanaşma reallığı əks etdirir:
– bazarda şaquli inteqrasiya (istehsaldan satışa qədər bir əldə cəmləşmə) rəqabəti boğur və bayram fürsətçiliyinə şərait yaradır. Monitorinq vacibdir.
– kütləvi tələb hər zaman qiymətləri artırır. Ancaq bunun həll yolu (qabaqcadan bazarlıq etmək) əhalinin böyük hissəsinin maliyyə imkanlarıyla uzlaşmır.
İnflyasiya sıçrayışı
Azərbaycanın iqtisadi reallığında bayramlar təkcə mənəvi deyil, həm də ciddi bir “inflyasiya testi”dir. Bayram aylarındakı qiymət dinamikasını və bahalaşmanın əhalinin alıcılıq qabiliyyətinə təsirini 2023–2025-ci illərin rəsmi statistik rəqəmləri və bazar müşahidələri əsasında nəzərdən keçirək.
Azərbaycanda illik inflyasiya göstəricisi çox vaxt təkrəqəmli olsa da, ərzaq inflyasiyası bayram aylarında ümumi statistikadan kəskin fərqlənir.
Novruz bayramının qeyd olunduğu mart ayında ərzaq məhsulları üzrə qiymət indeksi fevral ayıyla müqayisədə 1.5% – 3% artır. Ancaq bu, ümumi göstəricidir. Bayram səbətinə daxil olan spesifik məhsullarda (qoz, fındıq, ət, göyərti) artım 15% – 40% aralığında olur.
Yeni il bayramından əvvəl, yəni dekabr ayında idxal məhsullarının (ekzotik meyvələr, qənnadı məmulatları) payı artdığı üçün idxal inflyasiyası da prosesə qoşulur.
Əhalinin alıcılıq qabiliyyəti
Minimum əməkhaqqı və pensiyaların artırılması alıcılıq qabiliyyətini qorumağa xidmət edir. Ancaq bu, gözlənilən effekti vermir.
Psixoloji hədd
Maaşların artacağı xəbəri bazarda “gözlənti inflyasiyası” yaradır. Satıcılar “əhalinin pulu çoxalacaq” məntiqiylə qiymətləri qabaqcadan korreksiya edirlər.
İstehlak səbəti və real xərclər
Rəsmi yaşayış minimumu (məsələn, 305 AZN) əslində minimum kalori ehtiyacını əks etdirir. Bayram günlərində isə əhalinin lüks və ya bayram yönümlü xərcləri bu səbətin həcmini kəskin aşır.
“Politfm”



