Foto: internet
Avropa İttifaqı (Aİ) “Google” şirkətini axtarış sistemi və tətbiq mağazası ilə bağlı rəqabət qanunvericiliyini pozduğuna görə 890 milyon avro məbləğində cərimələyib.
Avropa Komissiyası bildirib ki, şirkət Rəqəmsal Bazarlar Aktının (DMA) tələblərini pozaraq axtarış nəticələrində rəqib platformalarla müqayisədə öz xidmətlərinə – alış-veriş və otel təklifləri kimi məhsullara üstünlük verib (“The Guardian”).
Komissiyanın qənaətinə görə, “Google” abunəliklər də daxil olmaqla, tətbiq müəlliflərinin istifadəçiləri öz internet saytları və ya alternativ tətbiq mağazaları vasitəsilə daha sərfəli təkliflərə yönləndirməsinə mane olub.
Qərara əsasən, şirkət axtarış sistemi ilə bağlı pozuntuya görə 460 milyon avro, “Google Play” tətbiq mağazası ilə bağlı pozuntuya görə isə 430 milyon avro cərimə ödəyəcək.
Aİ “Google”-dan üçüncü tərəfin xidmətlərinə ədalətli və ayrı-seçkilik etmədən yanaşmağı, həmçinin tətbiq müəlliflərinin təkliflərini “Google Play”-dən kənarda da yerləşdirməyə imkan verməyi tələb edib.
Avropa Komissiyası qeyd edib ki, artıq şirkət artıq axtarış nəticələrində öz xidmətlərinin təqdimat formasını dəyişmək üçün sınaqlara başlayıb və bu, qaydalara uyğunlaşma istiqamətində əhəmiyyətli irəliləyişdir.
“Open Markets Institute Europe” analitik mərkəzinin direktoru Maks fon Tun isə bildirib ki, ötən il 400 milyard dollardan çox gəlir əldə edən “Google” üçün bu cərimələr minimum tədbirdir.
Onun sözlərinə görə, Avropa Komissiyası qayda pozuntusunu rəsmən müəyyən etdikdən sonra şirkətin rəqabətə zidd təcrübələrinə birdəfəlik son qoyması üçün təxirəsalınmaz addımlar atmalıdır.
Cərimə cəzasının Qərarın ABŞ Prezidenti Donald Trampın narazılığına səbəb ola biləcəyi istisna edilmir. Qərar ABŞ-nin təxminən 60 ölkəyə tətbiq etdiyi müvəqqəti qlobal rüsumlarla bağlı müddətin başa çatmasına bir neçə saat qalmış açıqlanıb.
Aİ-nin nümayəndəsi deyib ki, qurum öz yurisdiksiyasında fəaliyyət göstərən ABŞ şirkətlərini tənzimləmək üçün suveren hüquqa malikdir və cərimənin vaxtı tariflərlə əlaqəli deyil.
Ötən il “Apple” və “Meta” da DMA çərçivəsində cərimələnmişdi. “Apple” tətbiq mağazasındakı rəqabətə zidd fəaliyyətə görə 500 milyon avro, “Meta” isə “Facebook” və “Instagram” platformalarında tətbiq etdiyi “razılıq ver və ya ödə” modeli ilə bağlı 200 milyon avro cərimə cəzası almışdı.
“Google” qərardan apellyasiya şikayəti verə və cərimənin icrasının müvəqqəti dayandırılmasını tələb edə bilər.
Şirkətin qlobal məsələlər üzrə prezidenti Kent Uoker cəriməni “maraqlı tərəflərdən ibarət kiçik bir qrupun tələbləri nəticəsində məhsulun keyfiyyətinin pisləşdirilməsi” kimi qiymətləndirib. Onun sözlərinə görə, bu qərar Avropa biznesi və istehlakçıları üçün mənfi nəticələr doğuracaq.
Uoker bildirib ki, DMA “Google”-u Avropa istifadəçilərini real vaxt rejimində qiymət müqayisəsi, otel, aviabilet və restoran təkliflərinin birbaşa göstərilməsi kimi populyar axtarış funksiyalarından məhrum etməyə, həmçinin “Google Play”-də mövcud təhlükəsizlik mexanizmlərini zəiflətməyə məcbur edir.
“Politfm”



