lon Maskın yeni təklifi Əl Cəzirə, Sinxua və Russia Today-ın yolunu açır
Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask, “Azad Avropa/Azadlıq Radiosu” və “Amerikanın Səsi” radiosunun “hər il vergi ödəyicilərinin bir milyard dollar pulunu göyə sovurduğunu” bildirərək onları bağlamağa çağırıb. Dahi iş adamı, ancaq dövlət və onun fəaliyyəti haqqında bəsit təsəvvürlər sahibi olan İlon Mask “Azad Avropa/Azadlıq Radiosu” və “Amerikanın Səsi” radiosunun bağlanmasının hansı nəticələr doğura biləcəyini anlamır. Belə görünür ki, Mask bu təsisatların hansı zərurətdən yarandığını da bilmir.
“Amerikanın Səsi” Radiosu 1942-ci ildə nasist təbliğatına qarşı mübarizə üçün yaradılıb. İlk vaxtlar alman dilində yayım edən radio İkinci Dünya Müharibəsinin sonunda 50 dildə yayımlanırdı. Soyuq Müharibə illərində “Amerikanın Səsi” və “Azad Avropa/Azadlıq Radiosu” birlikdə “Dəmir Pərdə”nin arxasında qalan xalqların kommunizm adlı totalitarizmə qarşı mübarizəsində müstəsna rol oynayıb.
Kommunizm düşərgəsinin çöküşündən sonra Qərbdə belə qənaət yarandı ki, liberal demokratiya tam və qəti qələbə qazanıb. Filosof Frensis Fukuyamanın “Tarixin sonu və sonuncu insan” (The End of History and the Last Man ) kitabı da bu qənaətin məhsuludur.
Ancaq totalitar Çinin dünyaya hökm etmək iddiasının yaranması, avtoritar Rusiyanın yenidən böyük imperiya xülyasına düşməsi və siyasi İslamın 30 il öncə ilə müqayisədə təsəvvüredilməz dərəcə də güclənməsi liberal demokratiyanın özünün taleyhinin təhlükədə olduğunu üzə çıxardı. Üstəlik, totalitar Çin, avtoritar Rusiya və siyasi İslam nasist və sovet təbliğatından daha təhlükəli olmaqla yanaşı, daha güclü təbliğat vasitələrinə malikdir.
“Bir kəmər, bir yol” layihəsi ilə Totalitar Çin dünya üzərində iqtisadi hökmranlığını yaratmağı hədəflidiyi kimi, Sinxua agentliyi də bu məqsədin həyata keçirilməsi üçün beyinləri “yumaqla” məşğuldur.
Sel kimi axan neft pulları hesabına güclənən Rusiya yenidən böyük imperiya niyyətinə düşüb və bu istəyini bəşəriyyətin tarixi boyu müşahidə olunmamış informasiya müharibəsinin vasitəsilə həyata keçirməyə çalışır. Russia Today və Sputnik-in informasiya müharibəsinə faşist Almaniyasının təbliğat naziri Yozef Göbbels də həsəd aparardı.
Siyasi İslamın ən güclü təbliğat maşını olan Əl Cəzirə hər gün milyonlarla insanın beynini yuyur. Qətərin dövlət dəstəyi ilə fəaliyyət göstərən Əl Cəzirənin ingilis dilli kanalından fərqli olaraq ərəb dilli yayımında radikal dini görüşlər, başqa din və mədəniyyətlərə qarşı düşmənçilik təbliğ olunur. Əl Cəzirənin fəaliyyəti o qədər təhlükəli miqyas alıb ki, İsrailin nüfuzlu ekspertləri onu İran təhlükəsindən daha qorxunc hesab edirlər. Şəriətin hökm sürdüyü ölkələrdən qaçaraq Avropaya pənah aparanların London, Paris, Brüssel və digər şəhərlərdə şəriət tələbi yürüşlər keçirmələrində Əl Cəzirənin müstsəna rolu var.
Əl Cəzirə, Sinxua və Russia Today-ın informasiya müharibəsini gücləndirdiyi bir zamanda “Amerikanın Səsi” və “Azad Avropa/Azadlıq Radiosu”nun bağlanması fəlakətli nəticələr doğuracaq. Çünki, İlon Mask dahi iş adamı olsa da, çağdaş dünyada nüfuzlu kütləvi informasiya vasitələrinin ən təhlükəli silah olduğunu qiymətləndirəcək siyasi imkanlara malik deyil. Hər halda bir dönəm prezident olmuş Tramp və komandasının bir çox üzvləri bu reallığı bilməmiş deyillər.
XƏQANİ CƏFƏRLİ


