Donald Tramp və Si Tsinpin Xalq Yığıncaqları Sarayının önündə, Pekin (foto: AFP)
ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Tsinpin mayın 14-də Pekində yüksək səviyyəli görüş keçiriblər.
Amerika prezidentini səfərdə “Tesla”nın baş direktoru İlon Mask, “Nvidia”nın rəhbəri Censen Huanq və “Apple”ın baş direktoru Tim Kuk daxil olmaqla, bir sıra tanınmış biznes rəhbərləri müşayiət edirlər.
Müzakirələrdə İrandakı müharibənin və süni intellekt sahəsində rəqabətin də mühüm yer tutacağı gözlənilir. Tramp Çinə yola düşməzdən əvvəl bildirib ki, Si ilə Honqkonqun həbsdə olan media maqnatı Cimmi Ley barədə də danışmağı planlaşdırır.
Trampı hərbi orkestrin ifası, top atəşləri və əllərində bayraqlar və çiçəklər tutmuş uşaqların iştirakıyla müşayət olunan təntənəli mərasimlə qarşılayıblar. O daha sonra – Xalq Yığıncaqları Sarayında çıxış edərkən deyib ki, “Sizinlə burada olmaq mənim üçün böyük şərəfdir. Sizin dostunuz olmaq şərəfdir. Çin-ABŞ münasibətləri əvvəlkindən daha yaxşı olacaq”.
Tsinpin daha təmkinli danışıb. O, sammiti qlobal qeyri-sabitliyin artdığı fonda Pekin və Vaşinqtonun rəqabəti idarə etməyi bacarıb-bacarmayacaqlarının sınağı kimi dəyərləndirib.
Si vurğulayıb ki, əsas sual Çin və ABŞ-nin “Fukidid tələsi”ni aşaraq böyük güclər arasında yeni münasibətlər modelinə yol aça bilib-bilməyəcəyi ilə bağlıdır. Bu nəzəriyyə yüksələn bir güclə mövcud hegemon dövlət arasında qaçılmaz olaraq yaranan rəqabət və qarşıdurma tendensiyasını ifadə edir.
“Biz rəqib deyil, tərəfdaş olmalıyıq, bir-birimizin uğuruna nail olmalı, birlikdə inkişaf etməli və yeni dövrdə böyük dövlətlərin bir-biri ilə düzgün münasibət qurma yolunu müəyyənləşdirməliyik” – Si belə deyib.
Tramp və Si 2025-ci ilin oktyabrında Cənubi Koreyada keçirilən görüşdən sonra ilk dəfədir üzbəüz danışıqlar aparırlar. Bu, 2017-ci ildən bəri Trampın Çinə ilk səfəridir.
İki saat 15 dəqiqə davam edən danışıqlarda əsas mövzulardan biri Tayvan məsələsi olub. Çinin “Sinxua” dövlət xəbər agentliyinin məlumatına görə, Si Trampa xəbərdarlıq edib ki, bu problemin yanlış idarə olunması iki ölkəni birbaşa qarşıdurmaya sürükləyə bilər.
“Bu məsələ düzgün idarə olunarsa, iki ölkə sabitliyi qoruya bilər. Əks təqdirdə, iki ölkə toqquşa və hətta qarşıdurma yarana bilər ki, bu da ABŞ-Çin münasibətlərini son dərəcə təhlükəli vəziyyətə salar” deyə, Si vurğulayıbb.
Daha əvvəl yayılmış məlumata görə, Tramp administrasiyası Pekinlə gərginliyi artırmamaq üçün sammit ərəfəsində Tayvan üçün 13 milyard dollarlıq silah paketi ilə bağlı Konqresə bildirişin göndərilməsini təxirə salıb. Si hələ fevralda telefon danışığı zamanı Trampı bu məsələyə son dərəcə ehtiyatla yanaşmağa çağırmışdı (“AzadlıqRadiosu”).
Ticarət və iqtisadi gərginlik də danışıqlarda mühüm yer tutub. Amma ilkin nəticələr irəliləyişin məhdud olduğunu göstərir.
Pekin yüzlərlə Amerika kəsim məntəqəsinə Çinə mal əti ixracını bərpa etmək üçün yenidən lisenziya verib. Lisenziyaların müddəti Trampın Çin mallarına əvvəlki tarifləri tətbiq etməsindən sonra – 2025-ci ilin martında başa çatmışdı. Bu addım tariflər, ixrac məhdudiyyətləri və təchizat zəncirləri ilə bağlı bu gün Pekində aparılan daha geniş danışıqlar öncəsi məhdud xoşməramlı jest kimi qiymətləndirilir.
Digər tərəfdən, Si ABŞ-nin biznes nümayəndə heyətinə Çinin xarici bazarlara daha geniş açılacağını vəd etsə də, hələlik heç bir konkret öhdəlik açıqlamayıb.
“Çinin xarici dünyaya qapıları getdikcə daha da geniş açılacaq. Amerika şirkətlərini Çində daha parlaq perspektivlər gözləyir” – Çin dövlət mediası Sinin sammitdə dediklərindən sitat gətirib.
Tramp və Si ötən il Cənubi Koreyada görüş zamanı sürətlə artan ticarət mübahisəsini yumşaltmağa razılaşmışdı. Bundan əvvəl Pekin ABŞ tariflərinə cavab olaraq nadir torpaq elementlərinin ixracına geniş məhdudiyyətlər tətbiq edəcəyi ilə hədələmişdi. Çin həmin tədbirləri bir il müddətinə təxirə saldı. Bu müvəqqəti razılaşmanın uzadılıb-uzadılmayacağı sammitin əsas mövzularından biridir.
Bundan başqa, smartfonlardan tutmuş, qırıcı təyyarələrə qədər ən müxtəlif sahələrdə tətbiq olunan 17 mineraldan ibarət nadir torpaq elementləri Pekinin əlində mühüm təsir rıçaqına çevrilib. Qabaqcıl texnologiyalar və qlobal təchizat zəncirləri uğrunda rəqabətin kəskinləşdiyi bir dövrdə Çin bu elementlərin dünyadakı hasilat və emal gücünün böyük hissəsinə təkbaşına nəzarət edir.
Görüş başa çatandan sonra Tramp onun “möhtəşəm keçdiyini” bəyan edib.
Vaşinqton və Pekin hələ ki danışıqların nəticələriylə bağlı ətraflı məlumat açıqlamayıblar.
“Politfm”



