Foto: skrinşot
Birləşmiş Ştatlar Ukraynaya təhlükəsizlik zəmanəti müqabilində qoşunlarını Donbasdan çıxarması şərtini irəli sürüb.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Reuters” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, qoşunların çıxarılması həm Ukraynanı, həm də Avropanı təhlükə altına qoyacaq. Zelenski vurğulayıb ki, bu addım regionun yaxşı möhkəmləndirilmiş müdafiə mövqelərinin Rusiyaya ötürülməsiylə nəticələnəcək.
Ukrayna prezidenti həmçinin qeyd edib ki, hazırda ABŞ-nin diqqəti İranla münaqişəyə yönəlib:
“Yaxın Şərq, şübhəsiz ki, prezident Trampa və hesab edirəm ki, onun hətta sonrakı addımlarına da təsir göstərir. Təəssüf ki, prezident Tramp hələ də Ukrayna tərəfinə təzyiqi artırmaq strategiyasını seçir”.
Yanvar ayında Ukrayna prezidenti bəyan etmişdi ki, Kiyevin ərazilərlə bağlı mövqeyi dəyişməyib və kompromislər qarşılıqlı olmalıdır. O bildirmişdi ki, ABŞ ilə ikitərəfli təhlükəsizlik zəmanətləri 100% hazırdır və Kiyev onların imzalanmasını gözləyir.
ABŞ-nin Ukraynaya belə bir şərt qoya biləcəyi barədə daha əvvəl mənbələrə istinadən “Financial Times” qəzeti yazmışdı.
Nəşrə danışan şəxslərin sözlərinə görə, Ukrayna qoşunlarını çıxaracağı təqdirdə Vaşinqton sülh dövründə Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünü artırmağa hazırdır. Amma ABŞ-nin bununla bağlı rəsmi öhdəlik götürüb-götürməyəcəyi qeyri-müəyyən idi.
“Politfm”



