Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Ermənistan və Qarabağ elitaları 30 il ərzində Qarabağ xalqını girov statusunda saxlayıblar.
Baş nazir bunu parlamentdəki çıxışı zamanı deyib.
“Ermənistan və Qarabağ elitaları Qarabağ xalqını girov saxlayıblar. İnsanları 30 il ərzində qeyri-müəyyənlikdə saxlamaq, normal təhsil sistemi və s. qurmamaq… Bunun nə demək olduğunu anlayırsınızmı? Onlar Qarabağı ciddi qəbul edirdilər? Xeyr, etmirdilər. Mən 2018-ci ildə sual vermişdim: Qarabağdan neçə nəfər ən yaxşı universitetlərdə təhsil alaraq geri dönüb? Belələrini barmaqla saymaq olar və hamısı da nüfuzlu ailələrin nümayəndələri, şəxsi əlaqələri olanlardır. Qarabağ xalqını ümumi adı “qaçanlar” olan həmin insanlar girov saxlayıblar”.
O, vaxtilə bəzi generalları “qorxaq xainlər” adlandırdığını xatırladıb: “Bəli, qorxaq xainlər və qaçan elitalar tarixdə öz yerlərinə layiqdirlər — onlar Ermənistan dövlətçiliyini, Ermənistan və Qarabağ xalqını girov saxlayanlardır”.
Sülh, yoxsa müharibə?
Paşinyan qeyd edib ki, qarşıdan gələn parlament seçkilərində Ermənistan xalqı Qarabağ hərəkatının davam edib-etməyəcəyinə qərar verməlidir:
“Bu gün “Vətəndaş müqaviləsi” yeganə siyasi qüvvədir ki, Qarabağ hərəkatının davam etməyəcəyinə qərar verib. Digər bütün qüvvələr bu hərəkatın davam edəcəyini bəyan edirlər. Xalq qərar verməlidir. Əgər onlar hərəkatın davam etməsini seçsələr, bu, müharibə demək olacaq. Çünki Qarabağ hərəkatı elə müharibə deməkdir. Əgər sülhü seçsələr, biz Qarabağ hərəkatını davam etdirməyəcəyik. Bu, çox sadə bir seçimdir”.
Baş nazir həmçinin Müstəqillik Bəyannaməsini “münaqişə və asılılıq bəyannaməsi” adlandırıb.
“Heç kim başqasının qara gözünə görə öhdəlik götürmür”
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyansa sülh prosesində “zəmanətçilər” mövzusuna toxunaraq müxalifətin bu məsələdəki mövqeyini tənqid edib:
“Beynəlxalq münasibətlərdə heç bir ölkə kiminsə qara gözünə görə öhdəlik götürmür. Soyuq hesablamalar dünyasında heç kim başqasının qara gözü xatirinə zəmanətçi olmur, öz əsgərinin qanını tökmür və xərc çəkmir”.
Mirzoyan xatırladıb ki, tarixdə hətta imzalanmış və zəmanət verilmiş müqavilələrin pozulduğu, bəzən isə elə zəmanətçilərin özləri tərəfindən pozulduğu çox sayda nümunə var.
Nazirin vurğulayıb ki, sülh hər iki tərəf üçün faydalı olduğu müddətcə davamlı ola bilər:
“Ermənistanın məqsədi Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq sistemi qurmaqdır və bu, uzunmüddətli sülhün qorunmasına xidmət edəcək”.
“Politfm”



