Ermənistanda siyasi gərginlik nəfəs dərmədən yüksəlir. Tərəflər bir-birini hərb və sülh satqınlığında ittiham edirlər. Söz yox ki, Paşinyan öz kampaniyasını keçmiş hakimiyyətin müharibə keçmişi üzərində qurub və onların özünə qarşı bütün çıxışlarını müharibə vədi kimi yozur.
Başqa tərəfdən Paşinyan opponentlərini diplomatik məğlubiyyətdə, Qarabağ məsələsini 90-cı illərdə beynəlxalq müstəvidə uduzmaqda ittiham edir. O, həmçinin iddia edir ki, ikinci Qarabağ savaşında uduzan Köçəryan və Sarkisyanın qurduğu ordudur. Burada diqqəti çəkən əsas məqamlardan biri də odur ki, qarşı düşərgə Paşinyana qarşı yeni siyasi lider çıxara bilmədi. Yenidən keçmiş prezident və separatizmin lideri Robert Köçəryanın üzərində dayanmalı oldu. Bu o deməkdir ki, Ermənistanın gənc siyasi elitasında Azərbaycanla müharibəni, etnik separatizmi və Rusiyanın təsir dairəsində qalmağı seçən qabarıq fiqur yoxdur.
Uğurun riskli tərəfi
Köçəryanın yenidən Paşinyana qarşı hərəkatın liderinə çevrilməsi və hətta radikal millətçilərin, xüsusilə, daşnakların da namizədi olması onu deməyə əsas verir ki, keçmiş prezident həm də Qərbdəki erməni lobbilərinin namizədidir. Düzdür, Paşinyanın ikinci Qarabağ müharibəsindəki məğlubiyyəti rasional qiymətləndirməsi və Ermənistanı milli sərhədlər daxilində dünyaya təqdim etməsi rəsmi Qərb dairələrini Köçəryana dəstək verən diaspora ilə məsafəli davranmağa vadar edə bilər, amma söhbət həm də böyük təsirə malik çevrələrdən gedirsə, düşünməyə dəyər. Burada ortaya çıxan mənzərə budur ki, Köçəryan gəncliyin dəstəkləmədiyi bir prosesə liderlik edir və bu proses dünyadakı radikal erməni qrupları ilə Ermənistanda marginallaşmış müharibə dəllallarının ümidinə qalır. Eyni zamanda bu, Rusiyadan açıq dəstək alan bir prosesdir və şübhə yoxdur ki, ən ciddi risk beynəlxalq nizamın bu şəkildə yerlə bir olduğu vaxtda Paşinyanın fiziki məhvi məsələsi ola bilər. Hazırda dünyada dövlət başçıları və ideoloji liderlərin asanlıqla aradan götürüldüyü bir mənzərə var və Kreml də bu presedentdən yararlanmaq istəyə bilər.
Paşinyan sülhdən danışır, amma…
Bu yaxınlarda Ermənistan müdafiə naziri fransalı həmkarı ilə hava hücumundan müdafiə sistemlərini yeniləməklə bağlı bir razılıq əldə edib. Erməni mətbuatı bu sazişi Ermənistan müdafiə sahəsində yeni era kimi təqdim edir. Burada ilk baxışdan Paşinyan opponentlərinə “sizin dediyiniz kimi mən Ermənistanın müdafiəsinə biganə deyiləm” cavabı verir, amma başqa tərəfdən də ölkəsini real olaraq silahlandırır. Yəni bu təkcə siyasi kampaniya məsələsi deyil, həm də ciddi silahlanmadır.
TRİPP-siz sülh, sülhsüz islahat ola bilərmi?
Paşinyan bu günlərdə həyacanla bildirmişdi ki, TRİPP ABŞ üçün prioritet deyil və bu məsələyə diqqətin azalması sülhü riskə ata bilər. Fəqət TRİPP-dən öncə və sonra Azərbaycan tərəfi Ermənistana sülh üçün konstitusiya islahat təklif etmişdi. İndi əsas sual budur ki, TRİPP olmadan Ermənistan bu islahatları edəcəkmi və Azərbaycan bu məsələyə hansı çərçivədə baxacaq?
Hər tərəfdən görünən mənzərə
Ermənistanda hakimiyyətə iddia edən qüvvələrin mahiyyəti və İranda faktiki hərbi rejimin qurulması, Rusiyanın bu vəziyyət fürsət hesab etməsi əlbəttə region üçün hər an risklərin mövcudluğunu deməyə əsas verir. Bu yeni eskalasiya da ola bilər, münasibətlərin kəskin pisləşməsi də. Hər iki halda Rusiya və İran üçün bölgədə yeni əlverişli imkanlar yarana bilər. Bunun qarşısının alınması üçün ən optimal yol tərəflərin qarşılıqlı şəkildə və hətta vasitəçisiz sülh istiqamətində iradə göstərmələri ola bilər. Bu olacaqmı? İzləyək.
Seymur Həzi



