Əsgər İrana Çinin satdığı iddia edilən zenit-raket kompleksini (MANPAD) idarə edir (foto:”Reuters”)

 

 

ABŞ Prezidenti Donald Tramp Rusiyanın İrana Amerika bazalarını vurmaqda kömək etdiyinə dair iddialara şübhəylə yanaşmaqda davam edir. Halbuki onun administrasiyasının bəzi üzvləri Moskva və Pekinin Tehrana müxtəlif formalarda dəstək verdiyini etiraf edirlər.

Rusiyanın İrana Fars körfəzində yerləşən ABŞ hərbi obyektlərinin peyk görüntülərini ötürdüyü barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamasını münasibət bildirən Tramp bildirib ki, İran ordusunun aldığı zərbələr fonunda istənilən yardım “tamamilə əhəmiyyətsiz” olardı.

“Bu məlumatın doğru olub-olmadığını öyrənəcəyik. Mən Putindən soruşacam. Bunu araşdıracağıq” – Tramp iyulun sonunda jurnalistlərə belə deyib.
“Onların bunu etdiyini düşünmürəm, ən azı yüksək səviyyədə etməzlər. Etsələr belə, bunun heç bir nəticəsi olmayıb” deyə, ABŞ prezidenti əlavə edib.

Peyk görüntüləri İrana mühüm hərbi obyektləri müəyyənləşdirməyə, zərbələrin koordinatlarını dəqiqləşdirməyə və hücumdan sonra hədəfin vurulub-vurulmadığını qiymətləndirməyə imkan verə bilər.

Trampın sözlərinə görə, müharibə zamanı İran ordusu ciddi itkilər verib və Rusiyanın mümkün yardımı ABŞ-nin Tehranın adi silah arsenalının əhəmiyyətli hissəsini məhv etməsinə mane ola bilməyib.

Rusiya və Çinin İrana müxtəlif formalarda dəstək göstərdiyinə dair məlumatlar təsdiqlənərsə, məlum olacaq ki, ABŞ-nin əsas geosiyasi rəqibləri sayılan Moskva və Pekin Vaşinqtonla müharibə vəziyyətində olan İrana gizli dəstək veriblər.

“Reuters” agentliyi yazıb ki, Çin Pakistan vasitəsilə Tehrana yüzlərlə daşına bilən zenit-raket kompleksi göndərmiş ola bilər. Pekin bu məlumatı təkzib edib.

Zelenski isə Ukraynanın əlində olan sübutlara diqqət çəkib. Bildirib, Rusiya peykləri iyulun əvvəlindən etibarən Fars körfəzi ölkələrini və ABŞ-nin bölgədəki hərbi obyektlərini müşahidə etməyə başlayıb.
“Həmin görüntülər sonradan İranda peyda oldu” – o, şənbə günü “X” sosial şəbəkəsində belə yazıb.
Ukrayna prezidenti həmçinin qeyd edib ki, Rusiya peykləri iki gün ərzində dörd hərbi hava bazasını – ikisi Bəhreyndə, biri İordaniyada, biri isə Küveytdə yerləşən bazaları müşahidə altında saxlayıb. Zelenski Ukrayna kəşfiyyatının bu məlumatları xarici tərəfdaşlarla bölüşdüyünü bildirib.

Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina iyulun 30-da jurnalistlərlə keçirilən dəyirmi masada bildirib ki, Zelenskinin Ağ evdə Donald Trampla görüşü zamanı bu məsələ müzakirə olunmayıb. Onun sözlərinə görə, görüşün gündəliyi kifayət qədər geniş olduğundan, Ukrayna həmin məlumatları “digər kanallar vasitəsilə” ABŞ tərəfinə çatdırıb.

ABŞ-nin müdafiə naziri Pit Heqset iyul ayında Senatda keçirilən dinləmələrdə Rusiya və Çinin İrana dəstək verdiyini etiraf edib.
“Sözsüz ki, belə qarşılıqlı fəaliyyət olub” deyən nazirin sözlərinə görə, Rusiya və Çin müxtəlif səviyyələrdə İranın bəzi fəaliyyətlərinə dəstək veriblər.

Heqset əlavə edib ki, ABŞ-nin bu cür dəstəklərin qarşısını almaq imkanları var, lakin həmin vasitələrin bir hissəsi məxfi saxlanılmalıdır. O daha əvvəl də bildirmişdi ki, administrasiya Moskva və Pekinin hansı addımlar atdığını “dəqiq” bilib və zəruri hallarda onların fəaliyyətinin qarşısını alıb.

Rusiya ABŞ-nin hərbi obyektləri ilə bağlı kəşfiyyat məlumatlarını İrana ötürdüyünü təkzib edir. Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Amerika bazalarının yerləşdiyi məkanlar barədə məlumat açıq mənbələrdə də var.

Tramp İranın Çindən yüzlərlə daşına bilən zenit-raket kompleksi almış ola biləcəyi barədə məlumatlara da şübhəylə yanaşıb. Onun sözlərinə görə, Çin Xalq Respublikasının Sədri Si Tszinpin Pekinin bu münaqişəyə müdaxilə etməyəcəyinə dair ona təminat verib.

“Bu, gözlənilməz olardı. Belə hallar baş verir, amma bu, həqiqətən gözlənilməz olardı. O mənə çox açıq şəkildə dedi ki, bu münaqişəyə qarışmayacaq. O bilir ki, əks halda mən çox məyus olaram. Deyəsən, sentyabrın 24-də bura gələcək” – Tramp çərşənbə günü jurnalistlərə belə deyib.

Pentaqonun və ABŞ kəşfiyyat orqanlarının sabiq əməkdaşı Metyu Kryoniq isə məlumatları “kifayət qədər inandırıcı” adlandırıb. Onun fikrincə, bu, Rusiya, Çin və İran arasında getdikcə dərinləşən əməkdaşlığın göstəricisidir.

Kryoniq “Fox News Digital”-a müsahibəsində deyib ki, “ABŞ-nin Yaxın Şərqdəki hərbi əməliyyatlarını çətinləşdirmək və Vaşinqton üçün xərcləri artırmaq Rusiya və Çinin maraqlarına uyğundur”.

Onun sözlərinə görə, Tramp Moskva və Pekinlə televiziya kameraları qarşısında açıq qarşıdurmaya getmək əvəzinə, onlara qapalı kanallar vasitəsilə xəbərdarlıq etməyə üstünlük verir.

Kryoniq bildirib ki, əgər Amerika prezidenti qərar qəbul edəndə Vladimir Putinin və Si Tszinpinin verdiyi təminatlara arxalansaydı, onun bu açıqlamaları daha böyük risk yarada bilərdi. O, Tramp administrasiyasını bunu açıq şəkildə bəyan etməyə çağırıb – Tehrana dəstək verən hər iki ölkə bunun bədəlini ödəməli olacaq.
“Düşünürəm ki, bu amilin heç nəzərə alınmaması ciddi risk yaradır” deyə, Kryoniq vurğulayıb.
O qeyd edib ki, Pekin Rusiyaya Ukrayna müharibəsində iqtisadi baxımdan və sənaye sahəsində dəstək verib, amma açıq şəkildə öldürücü silah verməkdən çəkinib və İran münaqişəsində də bu mövqeyi qoruyub saxlayacaq.

Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun baş elmi əməkdaşı Anna Borşevskaya isə bildirib ki, Moskva uzun illər ərzində Tehranla hərbi əməkdaşlığını sistemli şəkildə gücləndirib.
“Əgər bu məlumat təsdiqlənərsə, deməli, Rusiya İrana dəstək verməyin yolunu tapıb. Məhz buna görə bu məsələ böyük əhəmiyyət daşıyır” – Borşevskaya “Fox News Digital”-a müsahibəsində belə deyib.

Onun sözlərinə görə, İran 2022-ci ildə Rusiyaya “Şahed” zərbə dronlarını tədarük etməyə başlayıb. Bu, Moskvaya Ukraynanın şəhərlərinə və enerji infrastrukturuna hücum etmək üçün ucuz silah əldə etmək imkanı yaradıb. Daha sonra Rusiya İranın dəstəyilə həmin dronların öz versiyalarını istehsal etməyə başlayıb, onların konstruksiyasını təkmilləşdirib və PUA-ları əsas hücum vasitəsinə çevirib.

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın İrana dəstəyi barədə açıqlamaları fonunda Tehranın Moskvaya əvvəlki dəstəyi yeni məna kəsb edir. Kəşfiyyat məlumatlarının təqdim edilməsinin əhəmiyyətsiz görünə biləcəyini təsəvvür etmək çətindir” deyə, o əlavə edib.
Borşevskaya hesab edir ki, Tramp yalnız publik fonda Moskvayla münasibətləri yumşaltmağa çalışmış ola bilər, qapalı kanallar vasitəsiləsə ABŞ rəsmiləri Rusiyaya daha sərt mesajlar göndərirlər.

O qeyd edib ki, Rusiya Ukrayna və İran münaqişələrini ABŞ-nin qlobal təsirinə qarşı apardığı kampaniyanın tərkib hissələri kimi qiymətləndirir. ABŞ rəsmiləri isə, adətən, hər bir münaqişəyə ayrıca siyasi proses çərçivəsində yanaşırlar.

“Bizim əsas problemimiz ondadır ki, çox vaxt müxtəlif hərbi əməliyyatları bir-birindən ayrı qiymətləndiririk, Rusiya isə belə etmir. Moskva bütün bu münaqişələrə daha sıx əlaqəli və vahid kontekstdə baxır” deyə, Borşevskaya əlavə edib.

Onun sözlərinə görə, Rusiya İrana yardım göstərmək üçün elə üsullar seçib ki, onlar Rusiya qoşunlarını münaqişəyə cəlb etmədən və Vaşinqtonla birbaşa qarşıdurmaya girmədən Tehranın mövqeyini gücləndirə bilər.

“Politfm”