Foto: Bartłomiej Kubkowski/”Instagram”


 

Polşalı uzun məsafə üzgüçüsü Bartlomey Kubkovski Baltik dənizini İsveçdən Polşaya qədər üzərək keçən ilk insan kimi tarixə düşüb. O, 160 kilometrlik marşrutu 55 saata qət edib.

Bu barədə “euronews.com” saytı məlumat yayıb.

Kubkovski cümə günü İsveçdə dənizə girərək beşinci dəfə karyerasının ən çətin sınaqlarından birinə cəhd edib. O, Polşa sahillərinə bazar günü axşam çatıb. İdmançını çox sayda azarkeşi qarşılayıb. Rekordun rəsmi şəkildə tanınması üçün Kubkovcki marşrut boyunca heç bir kənar yardım almamalı və sahilə öz gücü ilə çıxmalı idi. Bu şərtlərin hamısı yerinə yetirilib.

Sahilə çıxandan sonra o bildirib ki, iki gündən artıq fasiləsiz suda qaldığı və yatmadığı üçün hələ də nailiyyətinin miqyasını tam dərk edə bilmir.

Üzgüçünün sözlərinə görə, ən böyük çətinlik yalnız məsafə yox, həm də yuxusuzluq və güclü fiziki yorğunluq olub. Onu müşayiət edən komanda təhlükəsizliyini təmin edib, marşrutu izləyib və qidalanmasına və maye qəbuluna nəzarət edib.

Bu uğur bir neçə illik hazırlığın və uğursuz cəhdlərin nəticəsi olub. Kubkovski ilk dəfə 2022-ci ildə Baltik dənizini keçməyə cəhd edib, amma 115 kilometrdən sonra yarışı dayandırmağa məcbur qalıb. O, hədəfinə ən çox 2025-ci ildə yaxınlaşıb – Polşa sahillərinə 15 kilometr qalmış orqanizminin güclü tükənməsi səbəbindən cəhdi dayandırılıb. Bu dəfə idmançı əvvəlki təcrübəsinə əsaslanaraq ciddi fiziki və psixoloji hazırlıq keçib, xüsusi qidalanma strategiyası tətbiq edib.

Kubkovski uğurunu “Cancer Fighters” fondunun himayəsindəki xəstələrə həsr edib. O, üzdüyü müddətdə xeyriyyə məqsədilə vəsait toplanmasına da dəstək verib. Kubovski uzun illərdir ki, ekstremal idman növlərini xeyriyyə fəaliyyəti ilə birləşdirir.

O, 24 saatlıq fasiləsiz üzmə üzrə dünya rekordçusudur, milli və beynəlxalq yarışlarda çoxsaylı medallar qazanıb, həmçinin “Ultra Baltic Swim” layihəsinin təşəbbüskarıdır. Baltik dənizini üzüb keçməsi isə karyerasının ən böyük nailiyyətidir.

Polşanın olimpiya üzgüçüsü Karolina Şepanyak da onunla eyni vaxtda Baltik dənizini keçməyə cəhd edib. Pekin və London olimpiadalarının iştirakçısı olan Şepanyak 72 saat fasiləsiz üzmə üzrə Ginnes rekordunun sahibidir. Bu dəfə o, 14 yaşlı Pyotr Malolepşanın müalicəsinə dəstək məqsədilə üzüb. Amma 58 saat suda qalandan sonra, Polşa sahillərinə təxminən 40 kilometr qalmış cəhdini dayandırmalı olub.

Baltik dənizini üzərək keçmək uzun məsafəli üzmənin ən çətin sınaqlarından biri hesab edilir. İdmançılar uzun məsafə ilə yanaşı, soyuq su, dəyişkən hava şəraiti, yüksək dalğalar və getdikcə artan fiziki yorğunluqla da mübarizə aparmalı olurlar.

Kubkovskinin uğuru idman ictimaiyyətində böyük maraqla qarşılanıb. Beş uğursuz cəhd və minlərlə saatlıq məşqdən sonra o, Baltik dənizini üzərək keçən ilk insan kimi adını tarixə yazdırıb.

“Politfm”