Foto: Saul Loeb / AFP



ABŞ Prezidenti Donald Tramp “Viktor Orbana səs verin!” çağırışıyla Macarıstan seçkilərinə aşkar şəkildə müdaxilə etdi. Avropa İttifaqını (Aİ) hədəf alan bu dəstəyin arxasında nə dayanır?

Trampın Avropada bu ilin “ən kritik seçkisi” kimi qiymətləndirilən prosesə – Macarıstandakı parlament seçkilərinə birbaşa müdaxiləsi transatlantik münasibətlərdəki gərginliyi daha da artırır.

Amerika prezidenti istəyir ki, Macarıstanın Aİ-yə meydan oxuyan və bu qurumda qərarların qəbulunu bloklayan sağçı-populist Baş naziri Viktor Orban nəyin bahasına olursa-olsun, hakimiyyətdə qalsın.

“Viktor Orbana səs verin!”

Tramp Orbanın seçki kampaniyasını gücləndirmək üçün əvvəlcə (fevral ayında) Dövlət katibi Marko Rubionu, bu həftə isə Aİ-ni “Macarıstan seçkilərinə müdaxilə etməkdə” günahlandıran vitse-prezident Cey Di Vensi Budapeştə göndərdi.

Bununla da kifayətlənməyən ABŞ prezidenti bazar günü keçiriləcək seçkilərə cəmi iki gün qalmış “Viktor Orbana səs verin!” deyə Macarıstan seçicilərinə müraciət etdi.

Bu günsə o, sosial media hesabında Macarıstan rəhbərini “güclü və nüfuzlu bir lider” adlandırıb. Orbanı özünə bənzədən, onun öz xalqını sevdiyini və ölkəsi üçün yorulmadan çalışdığını vurğulayan Tramp iki ölkə arasındakı münasibətlərin məhz özü və Orban sayəsində “yeni zirvələrə çatdığını” bildirib.

Orbanla işləməyə davam etmək istədiyini və onu dəstəkləməkdən qürur duyduğunu vurğulayan Tramp növbəti dəfə Macarıstan seçicilərinə səslənib:

“Gedin və Viktor Orbana səs verin. O, əsl dost, döyüşçü və QALİBDİR. Onun yenidən baş nazir seçilməsinə dəstəyim tam və qətiyyətlidir. Viktor Orban Macarıstanın böyük xalqını heç vaxt məyus etməyəcək. Hər zaman yanındayam!”

Aİ niyə hədəfdədir?

Avropa paytaxtlarında ABŞ-nin Macarıstan seçkilərinə bu şəkildə müdaxiləsi narahatlıqla izlənir. Vitse-prezident Cey Di Vens bu həftə Budapeştdə Orbanla birlikdə qatıldığı tədbirdə Aİ-ni ölkə iqtisadiyyatını “məhv etməkdə” ittiham edərək seçicilərə səslənib:

“Brüsseldəki bürokratlara qarşı duracaqsınızmı? Suverenlik və demokratiya üçün ayağa qalxacaqsınızmı? Azadlıq, həqiqət və əcdadlarımızın Tanrısı üçün mübarizə aparacaqsınızmı? Elə isə, dostlarım, bu həftəsonu sandıq başına gedin və Viktor Orbanın arxasında durun!”

Almaniya hökuməti bu ittihamlara dərhal cavab verib. Hökumət sözçüsünün müavini Sebastian Hille Aİ-nin müdaxiləsi barədə iddiaları qəti şəkildə rədd edib:

“Seçkilərə bir neçə gün qalmış Macarıstana gedib kampaniya aparan şəxs məhz ABŞ vitse-prezidentidir. Bu fakt kimin kimə müdaxilə etdiyini açıq şəkildə ortaya qoyur”.

Dəstəyin arxasında nə var?

Tramp Orbanı dəstəkləməklə Avropadakı liberal demokratiya tərəfdarlarını zəiflətmək istəyir. İkinci prezidentliyi dövründə NATO və Aİ kimi qurumları hədəf alan Tramp üçün Orban Avropadakı ən strateji müttəfiqdir.

Orbanın “illiberal demokratiya” modeliylə Trampın MAGA (Amerikanı Yenidən Möhtəşəm Et) hərəkatı bir çox nöqtədə kəsişir:

– sərt miqrasiya əleyhdarlığı;
– qloballaşmaya və qlobal qurumlara qarşı müqavimət;
– xristian millətçiliyi;
– mətbuata və vətəndaş cəmiyyətinə qarşı təzyiqlər.

Macarıstanın müxalifət lideri Peter Madyarın sorğularda öndə görünməsi Tramp administrasiyası üçün ciddi siqnaldır. Orbanın məğlubiyyəti Tramp üçün də ideoloji uğursuzluq sayılacaq, ona görə də ABŞ rəhbərliyi bütün diplomatik normaları bir kənara qoyaraq bu seçki marafonuna birbaşa daxil olub. İndi son sözü macar seçiciləri deyəcək.


“Politfm”