Taker Karlson Ağ Evdə, 9 yanvar 2026 (foto: “Getty Images”)


 

Məşhur amerikalı jurnalist Taker Karlson ABŞ prezidenti Donalt Trampı dəstəklədiyinə görə üzr istəyib.

“Bu məsələ bizi hələ uzun müddət narahat edəcək. Ən azı məni. Demək istəyirəm ki, insanları yanıltdığıma görə üzr istəyirəm. Bunu qəsdən etməmişəm” – o, podkastda qardaşı Bakli Karlsonla söhbəti zamanı belə deyib (“meduzalive”).

“Sən, mən və onu dəstəkləyən digərləri – sən onun üçün çıxışlar yazırdın, mənsə onun kampaniyasını dəstəkləyirdim, – hamımız bu işə bulaşmışıq. Sadəcə ‘mən fikrimi dəyişdim’ və ya ‘Ah, bu pisdir, mən artıq kənara çəkilirəm’ demək kifayət deyil”.

Karlson hələ 1999-cu ildə Donald Trampı “planetin ən iyrənc adamı” adlandırmışdı. Amma  2016-cı ildə, Tramp birinci dəfə prezident seçilməzdən əvvəl onu ciddi qəbul etməyə çağırmış, 2024-cü ildə isə seçki kampaniyası boyunca aktiv şəkildə dəstəkləmiş və seçki tədbirlərinin birində çıxış etmişdi.

Yaxın Şərqdə müharibə başlayandan sonra Karlson ABŞ və İsrailin İrana zərbələrini “son dərəcə iyrənc və qəddar” adlandırıb. Buna cavab olaraq Donald Tramp bildirib ki, “Taker yolunu azıb” və artıq MAGA (Make America Great Again) hərəkatına aid deyil.

“Politfm”