ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edir; Nyu-York, 22 sentyabr 2026 (foto: Daniel Torok/Ağ Ev)

 

 

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı çıxışında bildirib ki, İranla müharibəyə son qoyacaq saziş əldə edilməsə, İslam Respublikasını “məhv etmək” barədə qərar verə bilər. Həmin gün BMT toplantısı çərçivəsində ABŞ və İran arasında təxminən üç saatlıq dolayı danışıqlar keçirilib.

BMT-də sürpriz danışıqlar

Tramp jurnalistlərə bildirib ki, Stiv Uitkoff və Cared Kuşner İran tərəfi ilə təxminən üç saat danışıq aparıblar. O, görüşün məzmunu və gedişi barədə ətraflı məlumat verməyib (“Associated Press”).

“Çox yaxşı görüş oldu. İran tərəfini ən yüksək səviyyəli rəsmilər təmsil etmirdi, amma bu da müəyyən addımdır” – Tramp belə deyib.

Uitkoff daha sonra “X” platformasında yazıb ki, danışıqlar birbaşa yox, ABŞ və İran nümayəndələri arasında gedib-gələn vasitəçilərin iştirakı ilə aparılıb. O bu təmasların müsbət nəticə verəcəyinə ümid etdiyini vurğulayıb.

İki ölkə arasında əlaqələr iyunda əldə edilmiş qısamüddətli atəşkəsin pozulmasından sonra dalana dirənmişdi. İyulun əvvəlində ABŞ və İran nümayəndələri Qətər və Pakistan vasitəçiləri ilə Dohada ayrı-ayrılıqda görüşmüşdülər.

ABŞ dövlət katibi Marko Rubio NBC telekanalının “Today” proqramında Trampın Nyu-Yorkda İran Prezidenti Məsud Pezeşkianla görüşməyə hazır olduğunu deyib:

“Prezident problemlərin həlli üçün təmasın vacibliyinə inanır və ona görə də, demək olar ki, hamıyla görüşməyə hazırdır. Bu, sonda razılığa gələcəyimiz demək deyil, amma ünsiyyət vacibdir” (AP).

Tramp: “Geri çəkilməyəcəyəm”

Tramp BMT Baş Assambleyasındakı çıxışında İrana qarşı müharibəyə başlamaq qərarını müdafiə edib. O, Tehranı Hörmüz boğazını tam açmağa və müharibənin dayandırılması üçün danışıqlara qayıtmağa çağırıb.

“Qarşımda mühüm qərar var: İranla onun yenidən qurulmasına və əvvəlkindən qat-qat güclü, bəlkə də, Yaxın Şərqin, hətta dünyanın ən böyük ölkələrindən birinə çevrilməsinə imkan verəcək saziş bağlanacaqmı? Yoxsa İslam Respublikasını tez bir zamanda məhv edəcəyəm və onun insanları öldürməsinə, ölkələri dağıtmasına bir daha imkan verməyəcəyəm?” deyən Tramp İran rəhbərliyinin davranışını zəiflik əlaməti kimi qiymətləndirib:

“Terrorçu rejim güclü və özünəinamlı olduğu üçün yox, zəif və çıxılmaz vəziyyətdə olduğu üçün belə davranır”.

Trampın çıxışı zamanı İran nümayəndə heyətinin böyük hissəsi zalı tərk edib.

İran müharibəsi respublikaçıların seçki imkanlarına təsir edir

AP yazır ki, Trampın xarici siyasəti, xüsusilə də İranla müharibəyə başlamaq qərarı Respublikaçılar Partiyasının aralıq seçkilərdə Konqresin hər iki palatasındakı çoxluğu qorumaq imkanlarını zəiflədən amillərdən birinə çevrilib.

Tramp isə çıxışında öz siyasətini müdafiə edib:

“Təhlükələrin böyüməsinə göz yummaq fikrim yoxdur”.

O növbəti dəfə iddia edib ki,  2025-ci ilin iyununda İranın üç əsas nüvə obyektini  bombalamaqla ABŞ bu ölkənin nüvə imkanlarını “məhv edib”.

AP xatırladır ki, təxminən yeddi aydır davam edən müharibədə ABŞ və İsrailin zərbələri nəticəsində İran rəhbərliyinin böyük hissəsi öldürülüb, ölkənin hərbi hava və dəniz qüvvələri məhv edilib, İran neftinə tətbiq olunan ABŞ blokadası ölkə iqtisadiyyatını ağır vəziyyətə salıb.

Müharibə enerji bazarlarında qeyri-müəyyənliyi də artırıb. İrandan dəstək alan İraq qruplarının hücumundan sonra Səudiyyə Ərəbistanı alternativ marşrut rolunu oynayan əsas boru kəmərlərindən birini bağlayıb. Husilərin Bab əl-Məndəb boğazı yaxınlığında irəliləməsi isə Qırmızı dəniz marşrutundan istifadə edən neft tankerləri üçün təhlükəni artırıb.

Diplomatik marafon

Tramp İran müharibəsini müzakirə etmək üçün Körfəz Əməkdaşlıq Şurasına daxil olan altı ölkənin və İordaniyanın rəhbərləri və yüksək vəzifəli rəsmiləri ilə də görüşüb.

O, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsenlə yeni təhlükəsizlik sazişi imzalayıb. Sazişə əsasən, Qrenlandiya Danimarkanın tərkibində qalır, ABŞ-nin adadakı hərbi mövcudluğu genişlənir, iki böyük hərbi baza tikilir.

ABŞ prezidenti həmçinin Böyük Britaniyanın Baş naziri Endi Börnem, Yaponiyanın Baş naziri Sanae Takaiçi, Cənubi Koreya Prezidenti Li Cae Myunq, Ukrayna Prezidenti Volodimir Zelenski və Venesuela Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodrigeslə də görüşüb.

Rodrigeslə görüş ABŞ qüvvələrinin Trampın göstərişi ilə yanvarda Nikolas Maduronu saxlayaraq Nyu-Yorka aparmasından sonra tərəflər arasında ilk təmas olub.

Rusiya neftini alan ölkələrə tarif xəbərdarlığı

Tramp çıxışında Rusiya–Ukrayna müharibəsinin tezliklə başa çatacağına ümid etdiyini deyib. O, Ukraynanın Rusiyadakı dizel yanacağı istehsal edən neft emalı zavodlarını, Rusiyanın isə Ukraynanın enerji şəbəkəsini vurmasından narazılığını gizlətməyib.

Tramp ötən həftə imzaladığı qanunun ona Rusiya neftinin və ya təbii qazının beş əsas idxalçısına 100 faizə qədər tarif tətbiq etmək səlahiyyəti verdiyini xatırladıb. Rusiyanın qaz ixracının 15 faizindən azını alan və idxalı azaltmaq üçün mühüm addımlar atan ölkələrə istisna nəzərdə tutulub. Prezident hələlik bu tarifləri tətbiq etməyib.

“Ehtiyac yaranarsa, onlardan istifadə edəcəyəm. Qətli dayandırmağın vaxtıdır”, – Tramp bildirib.

“Politfm”