İllüstrasiya: “ChatGPT”
Yer kürəsində həyatın davamlılığını təmin edən təbii sistemlərin vəziyyəti müşahidələr dövrünün ən təhlükəli səviyyəsinə çatıb. Alimlərin yeni qiymətləndirməsinə görə, çirklənmə, qalıq yanacaqlardan istifadə və təbii yaşayış mühitinin məhv edilməsi planetin dəyişikliklərə tab gətirmək qabiliyyətini zəiflədir.
Potsdam İqlim Təsirlərinin Tədqiqi İnstitutunun hazırladığı 2026-cı il hesabatında Yer kürəsinin doqquz “planetar sərhəd”indən yeddisinin təhlükəsiz həddi keçdiyi bildirilir. Üstəlik, həmin yeddi sahənin hamısında vəziyyət pisləşməkdə davam edir (“The Guardian”).
“Planetar sərhədlər” anlayışı 2009-cu ildə irəli sürülüb. Bu sərhədlər Yer kürəsinin iqlimini, ekosistemlərini, su ehtiyatlarını və digər həyati sistemlərini sabit saxlayan proseslər üçün müəyyənləşdirilmiş təhlükəsiz hədlərdir. Həmin hədlərdən birinin aşılması dərhal fəlakətin baş verməsi demək deyil. Ancaq genişmiqyaslı, uzunmüddətli və geri qaytarılması çətin dəyişikliklərin ehtimalını artırır.
Təhlükəli həddin keçildiyi yeddi sahə
60-dan çox alimin iştirakı ilə hazırlanan hesabatda təhlükəsiz həddin aşıldığı sahələr bunlardır:
• iqlim dəyişikliyi – atmosferdə istixana qazlarının artması və Yer kürəsinin istiləşməsi;
• biosferin bütövlüyünün pozulması – canlı növlərinin azalması və ekosistemlərin öz funksiyalarını yerinə yetirmək qabiliyyətini itirməsi;
• torpaq örtüyünün dəyişdirilməsi – meşələrin qırılması, təbii ərazilərin kənd təsərrüfatı və şəhərsalma üçün dəyişdirilməsi;
• şirin su dövranının pozulması – çayların, göllərin, yeraltı suların və torpaqdakı rütubətin təbii rejiminin dəyişməsi;
• azot və fosfor dövranının pozulması – gübrələrdən həddindən artıq istifadənin torpağa və su hövzələrinə təsiri;
• süni maddələrin təbiətə yayılması – plastik, pestisid, sənaye kimyəviləri və təbiətdə əvvəllər olmayan digər maddələrin sürətlə çoxalması;
• okeanların turşulaşması – atmosferdəki karbon qazının okeanlar tərəfindən udulması nəticəsində suyun kimyəvi tərkibinin dəyişməsi.
Okeanların turşulaşmasının təhlükəsiz həddi aşdığı ilk dəfə 2025-ci ilin qiymətləndirməsində müəyyənləşdirilib.
Doqquz sahədən yalnız ikisi hələ təhlükəsiz həddədir: stratosferdəki ozon qatının vəziyyəti və atmosferdəki aerozolların ümumi miqdarı. Ozon qatının bərpası insan fəaliyyətinin yaratdığı ekoloji problemin beynəlxalq əməkdaşlıq yolu ilə aradan qaldırıla biləcəyini göstərir. Bununla belə, havanı çirkləndirən xırda hissəciklər dünyanın bir çox bölgəsində insan sağlamlığı üçün ciddi təhlükə olaraq qalır.
Hesabatın aparıcı müəllifi Boris Sakşevskinin sözlərinə görə, təhlükəsiz həddi keçmiş bütün sahələrdə təzyiq artır. Bu isə geniş əraziləri əhatə edən, uzun müddət davam edən və geri qaytarılması çətin dəyişikliklərin baş vermə ehtimalını yüksəldir. Eyni zamanda problemləri həll etmək üçün qalan vaxt azalır.
Təbii müdafiə sistemləri zəifləyir
İnsan sivilizasiyası son 10 min ildə nisbətən sabit iqlim şəraitində inkişaf edib. Sabit temperatur, su dövranı, münbit torpaq, meşələr və zəngin canlı aləmi insanların qida istehsalına, şəhərlər qurmasına və mürəkkəb cəmiyyət yaratmasına imkan verib.
İndi bu sabitliyi təmin edən sistemlər eyni vaxtda bir neçə istiqamətdən təzyiq altındadır. Neft, qaz və kömürün yandırılması atmosferdə istixana qazlarını artırır. Plastik və zəhərli kimyəvi maddələr təbiətdə toplanır. Meşələr və bataqlıq ərazilər kənd təsərrüfatı, yol tikintisi və şəhərlərin genişləndirilməsi üçün məhv edilir.
Eyni zamanda bu proseslər bir-birini gücləndirir. Meşələrin azalması atmosferdəki karbon qazının daha az udulmasına səbəb olur və iqlim dəyişikliyini sürətləndirir. İqlimin dəyişməsi isə quraqlığı artırır, su dövranını pozur və meşələrin məhvini sürətləndirir.
Hesabatda bildirilir ki, meşələrin, torpaqların və su hövzələrinin iqlim dəyişikliyinin təsirini yumşaltmaq imkanları getdikcə daha çox azalır. Onların karbon qazını udmaq və əlavə istiliyin bir hissəsini saxlamaq qabiliyyəti əvvəl düşünüldüyündən az ola bilər.
Əsas narahatlıqlardan biri Amazon meşələri ilə bağlıdır. Quraqlıq, yanğın və meşələrin qırılması müəyyən həddi keçərsə, Amazonun bir hissəsi tədricən savannaya çevrilə bilər. Belə dəyişiklik planetin ən böyük karbon anbarlarından birini zəiflədər, qlobal iqlimə, su və ərzaq təhlükəsizliyinə ciddi təsir göstərər.
Bütün fəlakətlərin səbəbi eynidir
Hesabatın açıqlanmasından əvvəlki bir il ərzində dünyanın müxtəlif bölgələrində sərt hava hadisələri baş verib. Pakistan genişmiqyaslı daşqınlarla üzləşib. Avropada rekord istilər və meşə yanğınları qeydə alınıb. ABŞ müşahidələr tarixinin ən isti yayını yaşayıb. Tibetlə Nepal arasındakı sərhəd bölgəsində dağıdıcı uçqun baş verib.
İnsan fəaliyyətinin yaratdığı əlavə istiliyin böyük hissəsini udan okeanlarda da temperatur rekordları yenilənib.
Alimlər bildirirlər ki, bu hadisələrin hər birini ayrıca böhran kimi qiymətləndirmək mənzərənin bütövlüyünü arxa plana keçirir. İqlim, meşələr, su ehtiyatları, okeanlar və biomüxtəliflik bir-birindən ayrı fəaliyyət göstərmir. Sistemlərdən birinin zəifləməsi digərlərinin də dayanıqlığını azaldır.
“Bunlar bir-birindən ayrı fövqəladə hallar deyil. Planet müxtəlif bölgələrdə eyni vaxtda tarazlığını itirdiyini göstərir. Yağışların ildən-ilə azalmasını görən çoban da, dənizin qalxmasından əziyyət çəkən sahil sakini də eyni dəyişikliyin təsirini yaşayır. Yeni hesabat bu insanların çoxdan gördüyü mənzərəni elmi məlumatlarla təsdiqləyir” – alimləri, iş adamlarını və ictimai fəalları birləşdirən “Planetary Guardians” koalisiyasının sədri Hindu Umaru İbrahim belə deyib.
.
Vəziyyəti dəyişmək olar
Hesabatın həmmüəllifi, iqlimşünas Yohan Rokström qeyd edir ki, vəziyyətin ağır olmasına baxmayaraq Yer kürəsini yenidən təhlükəsiz hədlərə qaytarmaq üçün elmi biliklər və texniki imkanlar var.
Bunun üçün qalıq yanacaqlardan istifadənin azaldılması, meşə və bataqlıqların qorunması, çirklənmənin qarşısının alınması, kənd təsərrüfatında azot və fosfordan daha səmərəli istifadə edilməsi tələb olunur.
Ozon qatının bərpası bunun mümkün olduğunu göstərən nümunədir. Ozonu dağıdan kimyəvi maddələrin istehsalı Monreal Protokolu əsasında mərhələli şəkildə məhdudlaşdırıldıqdan sonra ozon qatında bərpa əlamətləri yaranıb.
Rokströmün sözlərinə görə, təhlükəsiz hədlərə qayıtmaq üçün tədbirlərin sürətləndirilməsi insanların həyatını və dolanışıq imkanlarını qorumaq, gələcək nəsillərin rifahını təmin etmək baxımından vacibdir.
Şirkətlər iqlim planlarından niyə daha az danışırlar?
Hesabat Nyu-Yorkda BMT Baş Assambleyası ərəfəsində keçirilən “İqlim həftəsi” başlayandan sonra təqdim edilib. Təşkilatçılar tədbirlərdə 100 mindən çox insanın iştirak edəcəyini və builki toplantının indiyədək keçirilən ən böyük “İqlim həftəsi” olacağını bildiriblər.
Hesabatın təqdimatında İrlandiyanın keçmiş prezidenti Meri Robinson, Nobel Sülh mükafatı laureatı və Kolumbiyanın keçmiş prezidenti Xuan Manuel Santos, okeanoloq Silviya Erl də iştirak ediblər.
Tədbiri təşkil edən “Climate Group”-un rəhbəri Helen Klarkson şirkətlərin iqlim məsələlərindən əvvəlki qədər açıq danışmadığını bildirib. Bu davranış “yaşıl sükut” adlandırılır: şirkətlər ekoloji plan və öhdəliklərini ictimaiyyətə geniş açıqlamaqdan çəkinirlər.
Klarksonun sözlərinə görə, bir çox böyük şirkət “İqlim həftəsi”nə qatılacağını desə də, tədbirlərdə diqqət çəkməməyə çalışır:
“İqlim dəyişikliyinin bu qədər fəlakətə və insan faciəsinə səbəb olduğu yaydan sonra susmaq olmaz. İndi daha ucadan danışmağın vaxtıdır. Dünya uçurumun kənarındadır və insanlar real dəyişikliklər gözləyirlər”.
“Politfm”



