İndoneziyanın Sumatra adasındakı Oqan İlir bölgəsində meşə yanğını, 5 sentyabr 2026 (foto: Mast İrham/EPA)
Sakit okeanda getdikcə güclənməkdə olan El Nino hadisəsi hələ ən yüksək həddinə çatmamış yarandığı bölgədə su səthinin temperaturu artıq 150 illik müşahidə dövrünün rekordunu yeniləyib. Alimlər qarşıdakı aylarda temperaturun daha da yüksələcəyini və bunun 2027-ci ildə bütün dünyada istiləri, quraqlığı, daşqınları və ərzaq çatışmazlığını artıracağını bildirirlər.
Son ölçmələrə görə, Sakit okeanın izlənən hissəsində suyun temperaturu 1991–2020-ci illərin orta göstəricisindən 3,05 dərəcə yüksəkdir. Əvvəlki rekord 2015-ci ilin noyabrında qeydə alınmışdı. O zaman fərq 3,02 dərəcə olmuşdu. Hər iki göstərici ABŞ Milli Okean və Atmosfer Administrasiyasının məlumatlarına əsaslanır.
Meteoroloqlar uzunmüddətli qlobal istiləşmənin nəticəsini nəzərə almaq üçün başqa hesablama üsulundan da istifadə edirlər. Son 30 ilin dəyişən orta göstəricisinə əsaslanan bu ölçüyə görə, builki El Niño 2015-ci ilin rekordundan hələlik cəmi 0,01 dərəcə geri qalır. Hadisənin qarşıdakı aylarda güclənəcəyi nəzərə alınarsa, həmin rekordun da yenilənəcəyi gözlənilir.
El Nino nədir və niyə bütün dünyaya təsir edir?
El Nino Sakit okeanda bir neçə ildən bir yaranan təbii iqlim hadisəsidir. Normal şəraitdə şərqdən qərbə əsən küləklər isti səth sularını Cənubi Amerika sahillərindən Avstraliya və İndoneziya istiqamətinə aparır. Küləklər zəifləyəndə isə isti su yenidən okeanın mərkəzi və şərq hissələrinə yayılır.
Nəticədə okeanda toplanmış böyük həcmdə istilik atmosferə keçir. Bu proses təkcə Sakit okean ətrafındakı ölkələrə təsir etmir. Dünyanın müxtəlif bölgələrində temperatur, yağış və külək rejimi dəyişir.
İzlənən ərazidə suyun temperaturu normadan 0,5 dərəcə yuxarı qalxdıqda El Nino vəziyyəti yaranmış hesab olunur. Fərq 2 dərəcəni keçdikdə hadisə “çox güclü El Nino” və ya “super El Nino” adlandırılır.
İqlimşünas Zik Hausfazerin topladığı 14 proqnoz modelinin orta nəticəsinə görə, temperatur fərqi noyabr və dekabr aylarında 4 dərəcəyə çata bilər. Əvvəlki El Nino hadisələri ilə müqayisədə bu qədər böyük fərq alimlərin özləri üçün də gözlənilməzdir. Hausfazer proqnozu “ağlasığmaz”, digər mütəxəssislər isə hadisəni “Qodzilla miqyaslı” adlandırırlar. Proqnozlar dəqiq çıxarsa, builki El Niño son azı min ilin ən güclü hadisəsi ola bilər.
Qlobal istiləşmə El Ninonu da gücləndirir
El Nino təbii hadisə olsa da, artıq əvvəlki dövrlərlə müqayisədə daha isti olan dünyada baş verir. Kömür, neft və qazın yandırılması nəticəsində atmosferdə toplanan istixana qazları okeanları da qızdırıb. İndi El Niño həmin əlavə istiliyi atmosferə ötürür.
London İmperial Kollecinin professoru Friderike Otto bunu iqlim sistemində enerjinin nəhəng miqyasda yenidən bölüşdürülməsi adlandırıb:
“Bu hadisənin təhlükəsi ondadır ki, proses insan fəaliyyəti nəticəsində artıq xeyli istiləşmiş iqlimdə baş verir. Dünyanın bir çox yerində əvvəllər müşahidə olunmamış istilərlə qarşılaşacağıq. Bunun insan sağlamlığına, ərzaq təhlükəsizliyinə və su ehtiyatlarına ağır təsiri olacaq”.
Otto bildirib ki, El Niño müəyyən müddətdən sonra başa çatacaq, ancaq qalıq yanacaqların yandırılması davam etdikcə növbəti hadisələrin başlayacağı temperatur da getdikcə yüksələcək. Buna görə cəmiyyətlərin El Niñonun nəticələrinin öhdəsindən gəlməsi daha da çətinləşəcək.
“Science” jurnalında avqustda dərc olunmuş araşdırma da qlobal istiləşmənin El Niño hadisələrini gücləndirdiyini göstərib. Qalapaqos adalarındakı qədim və müasir mərcanların kimyəvi tərkibini öyrənən alimlər Sakit okeanın son min illik temperatur tarixini bərpa ediblər.
Araşdırmaya görə, son 40 ildə El Nino ilə bağlı temperatur dəyişiklikləri sənaye dövründən əvvəlki səviyyədən 36,5 faiz daha güclü olub. Tədqiqatçılar bu fərqin təbii dəyişikliklərlə izah edilə bilməyəcək qədər böyük olduğu qənaətinə gəliblər.
Beləliklə, El Nino qlobal istiləşməni sürətləndirir, qlobal istiləşmə isə növbəti El Niño hadisələrinin daha güclü olmasına şərait yaradır.
Fəsadlar artıq görünür
El Ninonun təsiri bəzi ölkələrdə indidən hiss olunur. İndoneziyada isti və quraq hava rekord meşə yanğınlarına, insan həyatı üçün təhlükəli hava çirklənməsinə səbəb olub. Hindistanda kənd təsərrüfatı və su ehtiyatları üçün həyati əhəmiyyət daşıyan musson yağışları azalıb.
Mərkəzi Amerika və Karib hövzəsində quraqlıq məhsul itkisinə gətirib çıxarır. Panama kanalında suyun səviyyəsinin aşağı düşməsi isə gəmilərin hərəkətini məhdudlaşdırır və beynəlxalq ticarəti ləngidir.
El Nino hər yerdə quraqlıq yaratmır – Peru və Çilidə güclü yağış və daşqınlar başlayıb, Maçu-Pikçuya gediş çətinləşib. Afrikanın şərqində yerləşən ölkələrdə də leysan və daşqın təhlükəsinin artacağı gözlənilir. ABŞ-nin cənub bölgələrində qış aylarının həddindən artıq yağışlı keçə biləcəyi bildirilir.
Cənub yarımkürəsində yay aylarının daha isti və quraq olacağı proqnozlaşdırılır. Bu, Avstraliya və Afrikanın cənubunda yanğın və su çatışmazlığı riskini yüksəldir. Sakit okeanda tayfunların güclənəcəyi, Atlantik okeanında isə qasırğaların nisbətən zəifləyəcəyi gözlənilir.
BMT-nin Ümumdünya Ərzaq Proqramının hesablamasına görə, El Niñonun nəticələri təxminən 50 milyon insanı kəskin ərzaq çatışmazlığı ilə üz-üzə qoya, dünya bazarında ərzağın qiymətini yüksəldə bilər.
2027-ci ildə yeni istilik rekordu yarana bilər
El Niño zamanı okeanın atmosferə ötürdüyü istilik adətən qlobal temperaturda bir qədər gec əks olunur. Buna görə də hadisənin ən böyük təsirinin 2027-ci ildə görünəcəyi gözlənilir.
İqlimşünaslar 2027-ci ilin müşahidələr tarixinin ən isti ili ola biləcəyini bildirirlər. 1997–1998 və 2015–2016-cı illərin güclü El Niño hadisələri dünyada yüz milyardlarla dollar ziyana səbəb olmuşdu. Hazırkı hadisənin isə hər ikisindən güclü olacağı proqnozlaşdırılır.
Ümumdünya Meteorologiya Təşkilatı ölkələrin təhlükəli hava hadisələri barədə vaxtında xəbərdarlıq edə bilməsi üçün tarixinin ən geniş hazırlıq tədbirlərinə başladığını açıqlayıb. Alimlər əvvəlki El Niño hadisələrinə əsaslanan proqnozların bu dəfə kifayət etməyə biləcəyindən narahatdırlar. Çünki təbii iqlim hadisəsi əvvəllər qeydə alınmamış dərəcədə isti şəraitdə inkişaf edir.
“El Nio gözümüzün önündə nəhəng ölçülər alır. Elm artıq şübhəyə yer qoymur: Yer kürəsi indiyədək qarşılaşmadığımız şəraitə daxil olub. İndi təhlükələrin artmasından daha sürətli tədbir görməli və insanları qorumalıyıq” – BMT-nin Baş katibi Antonio Quterreş belə deyib.
London Universitet Kollecinin professoru Bill Makquayr isə ekvatorial Sakit okeanda baş verənləri belə qiymətləndirib:
“Gördüyümüz mənzərə ağlasığmazdır. Bu, qlobal hava rejimində son min ilin ən böyük sarsıntılarından birinə çevrilə və dünyanın müxtəlif bölgələrində ard-arda fəlakətlərə səbəb ola bilər”.
“Politfm”
Mənbələr: “The Guardian”ın ilkin materialı, Ümumdünya Meteorologiya Təşkilatının açıqlaması və mərcan ehtiyatlarıyla bağlı min illik qeydlərə əsaslanan araşdırma barədə “Nature”ın materialı



