Foto: Jonathan Ernst/”Reuters”
ABŞ Prezidenti Donald Tramp İranla danışıqların “çox yaxşı getdiyini” bildirərək qərar verməsi üçün Tehrana aprelin 6-na kimi vaxt verib. O deyib ki, bu müddətə qədər razılıq əldə olunmasa, İranın enerji obyektləri məhv ediləcək.
Media yazır ki, İran “yalnız Birləşmiş Ştatların və İsrailin maraqlarına xidmət etdiyi” üçün ABŞ-nin təklifini rədd edib.
Tramp Nazirlər Kabinetinin Ağ Evdə keçirilən iclasında qeyd edib ki, İran təklifi rədd etsə, təzyiqlər daha da artırılacaq. O, özünün “Truth Social” platformasında yazıb ki, İranın enerji obyektlərinə planlaşdırılan hücumlar əlavə 10 gün müddətinə – 6 aprel 2026-cı il tarixinədək təxirə salınır. Daha əvvəl – martın 23-də Tramp hücumlarla bağlı 5 günlük fasilə elan etmişdi.
Tramp “Fox News” telekanalına müsahibəsində bu qərarını belə izah edib: “Onlar 7 gün istədilər, mən isə dedim ki, sizə 10 gün verirəm. Çünki onlar mənə gəmiləri verdilər”.
Amma “The Wall Street Journal” nəşri danışıqlarda vasitəçilik edən mənbələrə istinadən yazır ki, İran 10 günlük təxirə salınmayla bağlı müraciət etməyib. Həmçinin bildirilir ki, Tehran ABŞ-ın təqdim etdiyi 15 bəndlik sülh planına hələlik yekun cavabını verməyib.
Danışıqlar üçün “güclü siqnallar”
Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Tehranın danışıqlara hazır olduğuna dair “güclü siqnallar” aldıqlarını bildirib. Onun sözlərinə görə, Vaşinqton İrana Pakistan vasitəsilə15 maddəlik siyahı göndərib.
ABŞ İranı inandırmaq istəyir ki, vəziyyət kritikdir, daha çox ölüm və daha çox dağıntıdan başqa alternativ vəd etmir. Uitkoff belə deyib.
İran rəhbərliyi Trampın iddialarını rədd edərək Vaşinqtonla birbaşa danışıqlar aparılmadığını bildirib.
Pakistanın xarici işlər naziri isə iki ölkə arasında İslamabad vasitəsilə mesaj mübadiləsinin – dolayı danışıqların aparıldığını açıqlayıb. Bildirilir ki, Türkiyə və Misir də vasitəçilik səylərini dəstəkləyir.
15 maddəlik təklif rədd edilib
“Reuters” agentliyinə danışan İran rəsmisi bildirib ki, Pakistan vasitəsilə təqdim edilən 15 maddəlik təklif müzakirə olunub və rədd edilib. Siyahıda İranın nüvə proqramının ləğvi, raket imkanlarının məhdudlaşdırılması və Hörmüz boğazına nəzarətin ABŞ-yə verilməsi kimi tələblər var.
İran tərəfi isə mümkün hərbi əməliyyatlara qarşı təminat, dəymiş ziyana görə kompensasiya və boğaz üzərində rəsmi nəzarət hüququ tələb edir. Tehran həmçinin vasitəçilərə bildirib ki, mümkün atəşkəs razılaşmasına Livan da daxil edilməlidir. İranın “Hizbullah” üzərində ciddi təsiri olduğu qeyd olunur.
“Wall Street Journal” qəzetinin məlumatına görə, Pentaqon Yaxın Şərqə 10 minədək əlavə hərbçi göndərilməsi imkanını nəzərdən keçirir.
Müharibənin iqtisadi təsirləri
İranın nüvə proqramıyla bağlı danışıqlar davam edən günlərdə ABŞ və İsrail bu ölkəyə hava zərbələri endirməyə başladı (28 fevral). Dörd həftədir davam edən müharibə hazırda bütün Yaxın Şərqə yayılıb və minlərlə insan həlak olub.
Enerji qiymətlərində kəskin artım qlobal iqtisadiyyata təsir edir. Neft qiymətləri təxminən 40%, gübrə qiymətləri isə 50% artıb, mayeləşdirilmiş təbii qaz (LNG) da bahalaşıb. Brent markalı neftin bir barelinin qiyməti 105 dolları keçib.
Qlobal neft və LNG ticarətinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazı İranın blokadası səbəbindən faktiki olaraq bağlıdır.
“Politfm”



