Foto: “Shutterstock”

 


Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 144,3 milyon ABŞ dolları dəyərində 105,2 min ton meyvə-tərəvəz ixrac edilib. İxrac edilən məhsulun miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 891 ton artaraq 105 290 tona çatıb. Hesabat dövründə meyvə-tərəvəz ixracı ölkənin ümumi ixracının 3,94%-ni təşkil edib.

Məlumatı Dövlət Gömrük Komitəsi yayıb.

Azərbaycanın ixrac strukturunda meyvə-tərəvəz satışının artımı müsbət tendensiyadır, amma açıqlanan rəqəmlər ölkə iqtisadiyyatının hələ də neft-qaz sektorundan asılı olduğunu göstərir.

Neft-qaz sektorundan asılılıq davam edir

Yanvar-fevral aylarında meyvə-tərəvəz ixracının dəyər ifadəsində 32,4% artaraq 144,3 milyon dollara çatması qeyri-neft sektorunun kənd təsərrüfatı qanadında canlanma olduğunu göstərir.

Amma həmin məhsulların ümumi ixracdakı payı cəmi 3,94% təşkil edib. Bu o deməkdir ki, kənd təsərrüfatı məhsullarının ixracı artsa da, ölkəyə daxil olan valyutanın mütləq əksəriyyəti hələ də enerji daşıyıcılarının satışından gəlir.

Hazırda Azərbaycanın ümumi ixracının təxminən 90%-i xam neft, təbii qaz və neft məhsullarının payına düşür. Məsələn, meyvə-tərəvəz ixracından əldə olunan iki aylıq gəlir, neft sektorunun cəmi bir neçə günlük ixrac gəlirinə bərabərdir. Bu, qeyri-neft sektorunun hələ də iqtisadiyyatda “həlledici alternativ” səviyyəsinə çatmadığını göstərir.

Qeyri-neft sektoru niyə zəif inkişaf edir?

Meyvə-tərəvəz ixracındakı artım qlobal bazarlardakı qiymət artımı və inflyasiyayla da bağlı ola bilər. Qeyri-neft sektoru, xüsusən də emal sənayesi zəif inkişaf etdiyi üçün Azərbaycan xaricə əsasən xammal (meyvə- ərəvəz) satır. Bu, əlavə dəyərin aşağı səviyyədə olması deməkdir.

Müqayisə üçün qeyd edək ki, neft sektorunda hasilatın azalması fonunda (fevral ayının statistikası) dövlət büdcəsinin gəlirlərini sığortalamaq üçün qeyri-neft sektorunun payı indiki 3-4%-lik göstəricidən qat-qat yuxarı olmalıdır.

İxracda diversifikasiyası problemi

Dövlət Gömrük Komitəsinin rəqəmləri göstərir ki, meyvə-tərəvəz ixracının böyük hissəsi hələ də tək bir bazardan – Rusiyadan asılıdır. Bu bazarda yaranan hər hansı loqistik və ya siyasi problem Azərbaycanın meyvə-tərəvəz ixracını iflic edə bilər. Neft sektorunda isə Azərbaycanın tədarük coğrafiyası (İtaliya, İsrail, Hindistan və s.) daha geniş və sabitdir.

144 milyon dollarlıq ixrac göstəricisi kənd təsərrüfatı üçün uğurlu göstərici sayıla bilər, amma ölkənin ümumi ixracının cəmi 3,94%-ni təşkil etməsi ölkə iqtisadiyyatının neft “iynəsindən” asılılığının hələ də kritik həddə olduğunu göstərir.

“Politfm”