NATO-nun Baş katibi Mark Rütte Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına münasibət bildirib. Ukrayna prezidenti bir gün əvvəl “Reuters” agentliyinə müsahibəsində demişdi ki, ABŞ Donbasın işğal olunmamış hissəsini Rusiyaya verməsi üçün Ukraynaya təzyiqi artırıb.
“Bütün NATO müttəfiqləri və hamıdan əvvəl Ukrayna özü müharibənin başa çatmasını istəyir. Ancaq öz əraziləriylə bağlı qərarı Kiyev özü verməlidir” – Rütte belə deyib (“AzadlıqRadiosu”).
Zelenski həmin müsahibəsində həmçinin qeyd etmişdi ki, yalnız Donbası Rusiyaya təhvil verməyə razılaşacağı təqdirdə ABŞ Kiyevə təhlükəsizlik zəmanətlərini təqdim etməyə hazırdır. Rüttenin buna münasibəti belə olub:
“Ukrayna da bu müharibənin bitməsini istəyir, ancaq bu, davamlı sülh olmalıdır. Bu isə o deməkdir ki, müharibə bitdikdən sonra biz Ukraynanın suveren və müdafiə oluna bilən olmasını təmin etməliyik”.
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da Zelenskinin güzəştlə bağlı dediklərinə münasibət bildirib. Aİ-nin baş diplomatı deyib ki, Ukrayna ərazi güzəşti tələbiylə razılaşmamalıdır:
“Bu, doğru yanaşma deyil, Rusiyanın danışılqar prinsipinə uyğundur – onlar həmişə özlərinə aid olmayanı tələb edirlər”.
“Politfm”



