Videodan skrinşot (foto: “The Economic Times”)
ABŞ prezidenti Donald Tramp dünən – mayın 4-də “Fox News” telekanalına müsahibəsində deyib ki, ABŞ “İranın nüvə silahına sahib olmasına yol verə bilməz”.
Tramp həmçinin qeyd edib ki, İran “Azadlıq Layihəsi” əməliyyatı çərçivəsində iştirak edən Amerika gəmilərinə hücum etsə, “yer üzündən silinə bilər”.
Ağ Evdəki kiçik biznes sammitində çıxış edən Tramp ABŞ-nin iqtisadi göstəriciləri və milli təhlükəsizlik siyasəti arasında əlaqə quraraq bildirib ki, nüvə eskalasiyasının qarşısını almaq üçün İrana qarşı davamlı təzyiq zəruridir.
O, danışıqlarda İranın mövqeyinin dəyişdiyini, Tehranın “güzəştə daha meylli” olduğunu bildirib və əlavə edib ki, regionda ABŞ hərbi qüvvələrinin yerləşdirilməsi davam edir.
Tramp həmçinin bəyan edib ki, ABŞ qüvvələri “Azadlıq Layihəsi” çərçivəsində İranla əlaqəli yeddi kiçik gəmini məhv edib. Bu addım Hörmüz boğazı ətrafında gərginliyin artmasına səbəb olub.
“Truth Social” platformasındakı paylaşımında isə Tramp iddia edib ki, Tehran “İranla əlaqəsi olmayan ölkələrin” gəmilərinə zərbələr endirib. O, Cənubi Koreyaya məxsus yük gəmisiylə bağlı insidenti xatırladıb və Seula ABŞ-nin rəhbərlik etdiyi əməliyyata qoşulmaq barədə düşünməyi təklif edib.
O əlavə edib ki, Hörmüz boğazında başqa bir gəmiyə hücumla bağlı məlumat verilməyib.
Hörmüz boğazında lövbər salmış, Cənubi Koreyanın “HMM Co.” şirkətinə məxsus gəmidə partlayış baş verib, ardınca yanğın başlayıb.
“Yonhap News” agentliyi yazır ki, səlahiyyətli orqanlar hadisənin xarici hücum nəticəsində baş verib-vermədiyini araşdırır.
“Politfm”



