Foto: “Armenpress”

 


“Ən vacib hadisə Azərbaycanla sülhdür. Qeyd etmək lazımdır ki, əvvəlki dövrdə nə iki il, nə də heç olmasa, bir il belə olmayıb ki, atışmalar, itkilər və yaralanmalar olmasın”.

Ermənistanın Baş naziri Nikol Pashinyan Yerevandakı Ermənistan–Aİ sammitindən sonra keçirilmiş birgə mətbuat konfransında belə deyib.

“Birgə tariximizdə ilk dəfədir ki, Ermənistan və Azərbaycan eyni və ya çox oxşar ritorikadan istifadə edir. Azərbaycan prezidenti də deyir ki, sülh həyatımızda yeni reallıqdır və biz sülh şəraitində yaşamağı öyrənirik” deyə, o əlavə edib.

Paşinyanın sözlərinə görə, tərəflər hələ də sülhün mahiyyətini və praktik nəticələrini anlamağa çalışır. Baş nazir sülhün institusionallaşdırılmasının vacibliyini vurğulayaraq qeyd edib ki, imzalanmış sülh sazişinin təsdiqi və ratifikasiyası zəruridir, bunun üçün artıq hüquqi baza mövcuddur:

“Ermənistan və Azərbaycan arasında qurulmuş sülhün hüquqi əsası yoxdur demək yanlışdır. 2024-cü ildə sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında müddəalar imzalanıb və ratifikasiya olunub. Bu, ölkələrimiz arasında məcburi hüquqi qüvvəyə malik ilk dövlətlərarası sazişdir”.

Paşinyan əlavə edib ki, bu razılaşma çərçivəsində Alma-Ata deklarasiyası delimitasiya prosesinin əsas prinsipi kimi qəbul olunub. O həmçinin bildirib ki, sülh prosesi artıq konkret addımlarda da öz əksini tapır:

“Artıq Azərbaycan dəmir yolları vasitəsilə Ermənistana təxminən 26 min ton yük çatdırılıb, Ermənistan da Azərbaycandan neft məhsulları idxal etməyə başlayıb”.

Baş nazir sosial-psixoloji amillərin əhəmiyyətinə də diqqət çəkib:
“Biz 40 il boyu düşmənçilik mühitində yaşamışıq, bu düşmənçiliyi bir anda söndürüb sülh düyməsini basmaq mümkün deyil. Bu, inersiyayla davam edən prosesdir”.

Bununla yanaşı, o qeyd edib ki, cəmiyyət səviyyəsində sülhün institusionallaşması gözləniləndən daha sürətlə irəliləyir.

Paşinyan həmçinin deyib ki, ilkin sülh müqaviləsinin imzalanması barədə razılıq əldə olunacağına inanır, amma proses bununla proses bitməyəcək:

“Sülh sazişinin imzalanması işin başa çatması demək deyil. Əksinə, bundan sonra müxtəlif sahələr üzrə çoxsaylı yeni sazişlərin imzalanması tələb olunacaq”.

O vurğulayıb ki, kommunikasiyaların açılması yalnız texniki və iqtisadi məsələ deyil, eyni zamanda təhlükəsizlik və etimad mühitinin formalaşmasıyla bağlıdır:
“Əlbəttə, yolları bir-birimiz üçün tam açmağımız, o cümlədən Türkiyə ilə sərhədin açılması son dərəcə vacibdir. Bunun baş verəcəyinə mənim heç bir şübhəm yoxdur. Bu, sülhün institusionallaşdırılması istiqamətində mühüm addım olacaq”.



“Politfm”