ABŞ Prezidenti Donald Tramp İranda müharibənin bitə biləcəyinə dair açıqlamalarından sonra gərginliyi yenidən artıraraq Tehranın enerji stansiyalarını vurmaqla hədələyib.

“Əgər İran dərhal və heç bir təhdid olmadan Hörmüz boğazını 48 saat ərzində tam olaraq açmazsa, ABŞ ən böyüyündən başlayaraq müxtəlif enerji stansiyalarını vuracaq və məhv edəcək!” – Tramp martın 21-də özünün “Truth Social” platformasında belə yazıb.

Bugünkü açıqlamasında isə Amerika prezidenti İrana qoyduğu vaxtı uzatdığını açıqlayıb:

“İranın elektrik stansiyalarına və enerji infrastrukturuna qarşı bütün hərbi zərbələri beş günlük müddətə təxirə salmağı tapşırmışam”.

İran ordusunun mərkəzi əməliyyat komandanlığı Xatem əl-Ənbiya Trampın tələbinə cavab olaraq bəyan etmişdi ki, Vaşinqton İranın yanacaq və enerji infrastrukturuna hücum etsə, Tehran ABŞ-nin bölgədə yerləşən enerji, informasiya texnologiyaları və dəniz suyunun şirinləşdirilməsi infrastrukturlarını hədəf alacaq.

İranın Beynəlxalq Dənizçilik Təşkilatındakı nümayəndəsi Əli Musəvi isə bildirmişdi ki, Hörmüz boğazı “İranın düşmənləriylə əlaqəli gəmilər istisna olmaqla” bütün dəniz nəqliyyatına açıqdır. O qeyd edib ki, boğazdan keçid təhlükəsizlik qaydalarının Tehranla koordinasiyası şərtiylə mümkündür.

Gəmiizləmə xidmətlərinin məlumatlarından aydın olur ki, Hindistan bayrağı altında üzən bəzi gəmilər və Pakistan neft tankeri boğazdan təhlükəsiz keçə bilib.

İranın xarici işlər naziri Abbas Əraqçi Yaponiyanın “Kyodo News” agentliyinə müsahibəsində deyib ki, İran Yaponiya gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidinə kömək etməyə hazırdır.

“Politfm”