Ölkədəki demoqrafik vəziyyət sadəcə statistika deyil. Bu, istənilən dövlət üçün milli təhlükəsizliyin, iqtisadi dayanıqlığın və sosial sabitliyin təməlində duran ən mühüm strateji faktordur. Dövlət idarəçiliyində demoqrafiya “gələcəyin planlaşdırılması” deməkdir.
Hazırda dünyanın bir çox ölkəsində demoqrafik fəlakət yaşanır.
Bunun qarşısını almaq, doğuş sayını artırmaq üçün hökumətlər müxtəlif stimullaşdırma tədbirlər həyata keçirirlər.
Məsələn, Cənubi Koreyanın bəzi regionlarında hər yeni doğulan uşaq üçün minlərlə dollar dəyərində “xoş gəldin” bonusu verilir.
Almaniyada uşaq müəyyən yaşa çatana qədər dövlət hər ay ailəyə sabit məbləğ ödəyir. Çoxuşaqlı ailələr gəlir vergisindən qismən və ya tam azad edilir.
Macarıstanda 4 uşağı olan qadınlar ömürlük gəlir vergisi ödəmirlər.
İsraildə və bəzi Avropa ölkələrində süni mayalanma prosedurlarını dövlət maliyyələşdirir.
Fransa və Sakndinaviya ölkələrində uşaq bağçaları şəbəkəsi çox genişdir və dövlət tərəfindən maliyyələşir.
İsveç və Norvçedə valdeynlər üçün xüsusi “valideyn kvotası” var. Bu ölkələrdə atalıq məzuniyyəti təşviq edilir ki, qadın iş həyatına daha tez qayıda bilsin.
Estoniyada anaya 1.5 il müddətinə tam maaşlı məzuniyyət imkanı yaradılır.
Tədqiqatlar göstərir ki, doğuş sayını yüksəltmək üçün təkcə maliyyə dəstəyi kifayət etmir.
Ən uğurlu nəticələr həm maliyyə dəstəyi, həm də anaların iş fəaliyyətinə mane olmayan sosial mühit yaradan ölkələrdə müşahidə olunur.
Azərbaycanın “qocalan” demoqrafik piramidası
Son illər Azərbaycanda da doğum göstəricilərində azalma müşahidə olunur.
2014-cü ildə 170.503, 2016-cı ildə 159.464, 2019-cu ildə 141.179, 2021-ci ildə 112.284, 2024-cü ildə 102.310, 2025-ci ildə 95.875 uşaq doğulub. Göründüyü kimi, tendensiya azalan istiqamətdədir.
Ekspertlər qeyd edirlər ki, Azərbaycanın demoqrafik piramidası tədricən “qocalma” meyilləri göstərir. Gələcəkdə əmək qabiliyyətli əhalinin payının azalmaması üçün doğumu stimullaşdıran tədbirlər həyata keçirilməlidir.
Demoqrafik vəziyyətlə birbaşa bağlı olan amillərdən biri də nikah və boşanma statistikasıdır. Azərbaycanda son 10 ilin (2014–2024) nikah və boşanma statistikası belə bir mənzərə ortaya qoyur: ailə quranların sayı tədricən azalır, boşanmaların sayı isə artma və ya sabit yüksək həddə qalma meyli göstərir.
2014-cü ildə 84.912 nikah və 12.088 boşanma, 2016-cı ildə 66.771 nikah və 13.114 boşanma, 2018-ci ildə 62.484 nikah və 14.857 boşanma, 2020-ci ildə 35.348 nikah və 14.628 boşanma, 2022-ci ildə 61.939 nikah və 15.983 boşanma, 2023-cü ildə 54.200 nikah və 21.688 boşanma, 2024-cü ildə 49.508 nikah və 21.384 boşanma qeydə alınıb.
Hazırda ölkədə hər 1000 kişiyə təxminən 1009-1010 qadın düşür ki, bu da cins balansının demək olar ki, qorunduğunu göstərir.
Doğuş sayı niyə azalır?
Azərbaycanda doğuş səviyyəsinin aşağı düşməsi həm qlobal meyillərlə, həm də ölkədaxili spesifik faktorlarla əlaqəlidir. Son illərin statistikası göstərir ki, ailə modelində “çoxuşaqlılıq”dan “bir və ya iki uşaqlı” modelə keçid sürətlənib. Bu tendensiyanın arxasında dayanan səbəbləri və dövlət siyasətindəki boşluqları aşağıdakı kimi qruplaşdırmaq olar:
İqtisadi qeyri-sabitlik və həyat bahalığı
Uşaq böyütməyin maliyyə yükü (qida, geyim, tibbi xidmətlər, təhsil) ildən-ilə artır. İnflyasiya və istehlak səbətinin bahalaşması ailələri gələcək planlarında daha təmkinli olmağa vadar edir. Gənc ailələr çox vaxt “əvvəl iqtisadi bazanı quraq, sonra uşaq olsun” prinsipiylə hərəkət edirlər və bu, ilk uşağın doğum yaşının yuxarı qalxmasına, növbəti doğumlarınsa ümumiyyətlə planlaşdırılmamasına səbəb olur.
Mənzil problemi və ipoteka yükü
Gənc ailələrin böyük əksəriyyəti mənzil sahibi olmaq üçün uzunmüddətli ipoteka kreditlərinə üz tuturlar. Gəlirlərin əhəmiyyətli hissəsinin bank öhdəliklərinə getməsi ailə büdcəsini sıxır və ikinci və ya üçüncü uşağın doğulmasını iqtisadi baxımdan riskli edir.
Urbanizasiya və həyat tərzinin dəyişməsi
Kənd yerlərindən şəhərlərə köç “ənənəvi böyük ailə” strukturunu dağıdır. Şəhər həyatında qadınların təhsilə və karyeraya daha çox vaxt ayırması, həmçinin fərdi inkişaf meylləri doğuşun gecikməsinə səbəb olan əsas sosial faktorlardandır.
Əmək bazarında qeyri-sabitlik
Xüsusilə özəl sektorda çalışan qadınlar hamiləlik və doğuşdan sonra iş yerlərini itirmək qorxusu yaşayırlar. İşəgötürənlərin gənc və azyaşlı uşağı olan qadınlara qarşı bəzi hallarda nümayiş etdirdiyi qeyri-rəsmi diskriminasiya qadınları ailə və karyera arasında seçim etməyə məcbur qoyur.
Hökumətin demoqrafiya siyasətindəki çatışmazlıqlar
Dövlətin hazırkı demoqrafik dəstək tədbirləri yetərli deyil, ekspertlər bu sahədə ciddi sistem boşluqları olduğunu vurğulayırlar:
1. “uşaqpulu” və müavinət sisteminin zəifliyi. Azərbaycanda sosial müavinətlər əsasən ünvanlılıq və spesifik qruplar (məsələn, beşdən çox uşağı olanlar) üzərində qurulub. Universal “uşaqpulu”nun (hər uşağa görə aylıq sabit ödənişin) olmaması orta təbəqənin demoqrafik davranışına stimul vermir. Birdəfəlik doğum müavinəti isə uşağın hətta ilkin ehtiyaclarını qarşılamağa da yetmir;
2. məktəbəqədər təhsil müəssisələrinin çatışmazlığı. Dövlətə məxsus uşaq bağçalarının sayının azlığı və özəl bağçaların həddindən artıq baha olması ananın işə qayıtmasını çətinləşdirir. Bu infrastrukturun zəifliyi valideynləri uşağa baxmaq üçün ya dayə tutmağa (əlavə xərc), ya da tərəflərdən birinin işdən çıxmasına (gəlir itkisi) məcbur edir;
3. “atalıq məzuniyyətinin” və gender balansının olmaması. Qanunvericilikdə ataların uşaq tərbiyəsində iştirakını stimullaşdıran (məsələn, Avropada olduğu kimi icbari və ödənişli atalıq məzuniyyəti) mexanizmlər zəifdir. Bu, uşaq baxımı yükünün tamamilə qadının üzərinə düşməsinə və onun əmək bazarından uzaqlaşmasına səbəb olur;
4. çoxuşaqlı ailələr üçün vergi və mənzil güzəştlərinin azlığı. Mövcud güzəştli ipoteka şərtləri ailədəki uşaq sayına mütənasib olaraq dəyişmir. Məsələn, hər uşaq doğulanda ipoteka borcunun müəyyən faizinin dövlət tərəfindən silinməsi və ya çoxuşaqlı ailələr üçün gəlir vergisində ciddi endirimlərin tətbiqi kimi birbaşa təşviq mexanizmləri yoxdur.
Azərbaycanda demoqrafik artımı təmin etmək üçün hökumət yalnız “yardım” xarakterli müavinətlərdən uzaqlaşmalı və ailənin iqtisadi yükünü azaldacaq sistemli təminat modelinə keçməlidir. Bura həm təhsil, həm mənzil, həm də əmək bazarı islahatları daxildir.
Bəzi ekspertlər hesab edirlər ki, 5 uşağa şamil olunan güzəştlər 3 uşağa görə də şamil olunsa, bu, uşaq sayının artmasına stimul ola bilər.
Başqa bir təklifsə bundan ibarətdir ki, Azərbaycan “ana kapitalı” sistemi tətbiq edilsin. Bu sistem Rusiya və Qazaxıstanda müsbət nəticə verib. Ana kapitalına mənzil şəraitinin yaxşılaşdırılması, ana fondunun yaradılması və s. kimi güzəştlər daxildir.
“Politfm”



