Hörmüz boğazı, Musandam, Oman; 15 iyul 2026 (foto: “Reuters”)
ABŞ Prezidenti Donald Tramp İrana zərbələrin nə qədər davam edəcəyi barədə suala belə cavab verib: “Mən ‘kifayətdir’ deyənə qədər davam edəcək”.
“Gələn həftə onlar üçün durum həqiqətən pis olacaq, çünki gələn həftə növbə elektrik stansiyalarına, körpülərə çatacaq” deyə, o əlavə edib (“Reuters”).
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə ötən gecə Hörmüz boğazı yaxınlığında və İranın sahilboyu ərazilərində hərbi hədəflərə növbəti zərbələr endirdiyini açıqlayıb. İran limanlarına gedən və ya oradan çıxan gəmilərə dəniz blokadası yenidən tətbiq olunub.
Tehransa Bəhreyn və Küveytdə yerləşən ABŞ hərbi obyektlərini hədəfə aldığını bildirib.
“ABŞ-nin qırıcı təyyarələri, dronları və hərbi gəmiləri yeddi saatlıq əməliyyatda İranın raket və dron obyektlərinə, donanma imkanlarına və sahil müdafiə sistemlərinə dəqiq zərbələr endirib. Məqsəd İranın kommersiya gəmiçiliyini və mülki ekipajları təhdid etmək imkanlarını daha da zəiflətməkdir” – CENTCOM “X” platformasında belə yazıb.
İran rəsmiləri Amerika qüvvərinin son hücumları nəticəsində 260-dan çox insanın yaralandığını, əvvəlki günlərdə isə 30-dan çox şəxsin öldüyünü açıqlayıblar.
Analitiklər bildirirlər ki, ABŞ və İran yenidən qarşılıqlı ittihamlara başlasalar da, genişmiqyaslı müharibəyə qayıdış ehtimalı azdır. Bununla belə, gərginliyin daha da artması riski qalmaqdadır.
Bildirilir ki, İran Yəməndəki müttəfiqləri olan husilərdən Bab əl-Məndəb boğazını bağlamaq üçün istifadə barədə eyham vurur. Bu, Vaşinqtona qarşı yeni cəbhənin açılmasına və dünyanın iki mühüm enerji arteriyasının təhlükə altına düşməsinə səbəb ola bilər.
İran Hörmüz boğazında gəmiçiliyə daimi nəzarət yaratmağa və boğazdan keçən gəmilər üçün rüsum tətbiq etməyə çalışır. Bu, təhlükəsizliyinin təminatçısı rolunda ABŞ-nin çıxış etdiyi regionda qüvvələr balansına ciddi dəyiiklik olar.
Çərşənbə günü İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, «Amerikanın şərinə son qoyulana qədər» Hörmüz boğazı bağlı qalacaq.
Gəmiçilik məlumatları göstərir ki, ABŞ-nin İran limanlarına yeni blokadasından əvvəl boğazdan keçən İranla əlaqəli gəmilərin sayı artıb.
Bab əl-Məndəb boğazı Qırmızı dənizi Ədən körfəziylə birləşdirir. Səudiyyə Ərəbistanının neft ixracı yükləri və dünya dəniz daşımalarının əhəmiyyətli hissəsi bu marşrutdan keçir.
“Politfm”



