Foto: internet

 


Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Odessa sahilləri yaxınlığında iyulun 14-də baş vermis insidentlə bağlı açıqlama verib.

Bildirilir ki, yerli vaxtla saat 15:15 radələrində Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi həmin ərazidə dron hücumuna məruz qalıb.

Gəmi heyətindəki şəxslərdən 11-nin, o cümlədən kapitanın Azərbaycan vətəndaşı olduğu qeyd edilir. Axtarışı davam edən kapitan istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Azərbaycanın Ukraynadakı səfirliyi aidiyyəti qurumlarla əlaqə saxlayır və Azərbaycan vətəndaşlarına zəruri dəstəyinin təşkili üçün müvafiq tədbirlər görür – XİN-in açıqlamasında belə deyilir.

Sonrakı açıqlamasında isə nazirlik Azərbaycan vətəndaşlarına çağırış edib:

“Azərbaycan vətəndaşlarına bir daha çağırış edirik ki, hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan və ya bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən dəniz gəmilərində işləməkdən çəkinsinlər”.

“Politfm”