Foto:

 

Azərbaycanda səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini ilə Prezident İlham Əliyev arasında dünən – iyulun 14-də Şuşa şəhərində əvvəlcə təkbətək, sonra isə geniş tərkibli görüşlər keçirilib.

Sonrakı saatlarda dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər, Azərbaycanın görkəmli şəxsiyyətlərinin işğal dövründə zərər görmüş büstlərini ziyarət ediblər.

İlham Əliyev mətbuat konfransında deyib ki, Azərbaycanla Slovakiya arasında siyasi münasibətlər çox yüksək səviyyədədir və yüksək səviyyəli qarşılıqlı səfərlərin müntəzəm xarakter daşıması bunu əyani şəkildə nümayiş etdirir:
“2024-cü ildə biz Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladıq və onun həyata keçirilməsi artıq nəzərəçarpacaq nəticələr verir. Belə fəal siyasi iştirak və birgə layihələrin uğurla həyata keçirilməsi, şübhəsiz ki, yalnız güclü siyasi iradənin mövcudluğu şəraitində mümkündür”.

“Slovakiyanın Qarabağın bərpasında fəal iştirak etməsi bizi xüsusilə sevindirir” deyən president həmçinin qeyd edib ki, Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti “Ağıllı kənd” layihəsini həyata keçirir: “Bu dəstəyə və Slovakiyanın Qarabağın bərpasına verdiyi dəyərli töhfəyə görə Sizə bir daha minnətdarlığımı bildirmək istərdim”.
Əliyev deyib ki, görüşlərdə müzakirə edilən məsələlər arasındaticarət-iqtisadi əlaqələr, energetika və hərbi-texniki sahələrdə əməkdaşlıq, eləcə də digər istiqamətlər olub.

“Biz bütün bu məsələlər üzrə səmimi və açıq müzakirələr apardıq. Nümayəndə heyətlərimiz bu gün sıx təmas şəraitində işlərini davam etdirir və sabah da müzakirələrini davam etdirəcəklər” deyə, o əlavə edib.

Slovakiya rəsmiləri NATO-ya üzv dövlət kimi regional təhlükəsizlik və enerji təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirdiyini qeyd ediblər. Görüşlərdə Azərbaycanın NATO ilə tərəfdaşlıq əlaqələri (1994-cü ildən etibarən “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində), praktiki əməkdaşlıq imkanları və enerji təhlükəsizliyinin Avropa üçün əhəmiyyəti müzakirə olunub.

Slovakiya tərəfi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini ifadə edib, həmçinin müdafiə sənayesi sahəsində əvvəlki razılaşmaların icrasını və yeni layihələri nəzərdən keçirib.

Pelleqrini Slovakiya Respublikasının Bakıdakı səfirliyinin NATO-nun Azərbaycandakı kontakt nöqtəsi funksiyasını 2027-2028-ci illərdə də davam etdirəcəyini açıqlayıb.
Slovakiya səfirliyi bu funksiyanı 1 yanvar 2025-ci il tarixindən etibarən yerinə yetirir. Bu mandat çərçivəsində səfirlik Azərbaycan-NATO əlaqələrinin inkişafına dəstək göstərir, praktiki əməkdaşlıq layihələrinin koordinasiyasında iştirak edir və NATO ilə tərəfdaşlıq proqramı üzrə məsələləri müzakirə edir.

O, bu qərarın iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyini vurğulayıb.
Pelleqrini Ağdam rayonunda Baş Qərvənd kəndində “ağıllı kənd” layihəsi ilə tanış olub və Milan Rastislav Ştefanik adına məktəbin təməlqoyma mərasimində iştirak edib.
Məktəb “ağıllı kənd” layihəsi çərçivəsində tikilir və 840 şagird yerlik nəzərdə tutulub. Məktəb Slovakiyanın görkəmli dövlət xadimi, general və Çexoslovakiyanın qurucularından biri olan Milan Rastislav Ştefánikin adını daşıyacaq.

Bu layihə Slovakiya tərəfinin Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirdiyi humanitar və sosial dəstək təşəbbüslərindən biri kimi təqdim edilir.
O, həmçinin Azərbaycanın Baş naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə də görüşəcək, Şəhidlər Xiyabanını və Heydər Əliyevin məzarını ziyarət edəcək.

Tərəflər arasında aşağıdakı istiqamətlərdə bir neçə sənəd də imzalanıb:
– enerji əməkdaşlığının dərinləşdirilməsi və enerji təhlükəsizliyi üzrə praktiki layihələr;
– ticarətin və qarşılıqlı investisiyaların təşviqi;
– sənaye və texnologiya sahəsində tərəfdaşlığın genişləndirilməsi;
– nəqliyyat əlaqələrinin inkişafı;
– Slovakiya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində bərpa və yenidənqurma layihələrində iştirakı.

İmzalanmış sənədlərin tam siyahısı və dəqiq adları hələ ki rəsmən açıqlanmayıb.

“Politfm”