Foto: AP
ABŞ Prezidenti Donald Trampın Çinə səfəri başa çatıb.
Çin Xalq Respublikasının sədri Si Tzinpin haqqında iki gün boyu tərif yağdıran Tramp bu gün – mayın 15-də ticarət münasibətlərində ciddi irəliləyiş əldə etmədən və Pekindən İranla müharibənin dayandırılması üçün nəzərəçarpacaq dəstək almadan geri dönüb (“Reuters”).
O, Amerikanın əsas strateji və iqtisadi rəqibi hesab olunan Çinə ilk dəfə 2017-ci ildə getmişdi –Konqresə aralıq seçkilər ərəfəsində azalan reytinqini yüksəltmək üçün danışıqlarda konkret nəticələr əldə etməyə.
Trampın budəfəki səfəri təntənəli mərasimlərlə yadda qaldı — sıraya düzülmüş əsgərlərdən tutmuş, hökumətin gizli bağlarına təşkil edilən ekskursiyalara qədər. Amma qapalı görüşlərdə Si Tzinpin Trampa Tayvanla bağlı sərt xəbərdarlıq edib, bildirib ki, bu məsələdə istənilən yanlış addım münaqişəyə gətirib çıxara bilər.
Tramp Amerikaya qayıdarkən jurnalistlərə deyib ki, Çin lideri ona Tayvanın müstəqilliyinin əleyhinə olduğunu bildirib.
“Onu dinlədim. Şərh etmədim… Heç bir tərəfə vəd vermədim” deyən Tramp əlavə edib ki, Tayvana silah satışına dair qərarı yaxın vaxtlarda – “hazırda Tayvanı idarə edən şəxs”lə danışandan sonra verəcək.
Bunlar Trampın Pekində keçirdiyi iki gündən sonra ilk spontan açıqlamalarıdır. Həmin günlərdə o, qeyri-adi dərəcədə təmkinli davrandı, improvizə olunmuş çıxışlarının böyük hissəsini Si Tzinpinin nüfuzunu və qonaqpərvərliyini tərifləməyə həsr etdi.
“Bu, inanılmaz bir səfər idi. Düşünürəm ki, çox faydalı oldu” – Tramp Si Tzinpinlə son görüşündə, keçmiş imperator bağı olan Çjunnanhay kompleksində, lobster kürəcikləri və “Kunq Pao” toyuğundan ibarət nahardan əvvəl bildirib.
Tramp biznes sahəsində dərhal bir razılaşma əldə etmək, məsələn, “Boeing” təyyarələrinin satışına fokuslanıb, Si Tzinpin isə Vaşinqtonla sabit ticarət münasibətlərinin qorunmasına dair uzunmüddətli “yenidən başlanğıc” konsepsiyasından danışıb. Bu onların prioritetləri arasındakı fərqi ortaya qoyub.
Si bu münasibətləri təsvir etmək üçün yeni termin də təklif edib – “konstruktiv strateji sabitlik”. ABŞ-nin keçmiş prezidenti Co Baydensə Çin-Amerika münasibətlərini “strateji rəqabət” adlandırmışdı.
“İndiyədək Çin alternativ təqdim etmirdi, indi isə etdi. Əgər Amerika tərəfi onu qəbul etsə, bu, irəliləyiş olacaq” – Pekindəki Tsinxua Universitetinin Beynəlxalq Təhlükəsizlik və Strategiya Mərkəzinin direktoru Da Vey “Reuters”-ə açıqlamasında belə deyib.
Çin İran məsələsində ABŞ-yə yardım etməyəcək
Bugünkü danışıqlar barədə qısa məlumat verən Ağ Ev bildirib ki, hər iki lider Hörmüz boğazının yenidən açılmasını istəyir və Si Tzinpin Çinin Yaxın Şərqdən asılılığını azaltmaq üçün Amerikadan neft almaqda maraqlıdır.
Amma liderlərin çay süfrəsi arxasındakı görüşündən bir az əvvəl Çinin Xarici İşlər Nazirliyi sərt bəyanat yayaraq müharibədən narazılığını ifadə edib. “Bu münaqişə heç vaxt başlamamalı idi və davam etməsi üçün heç bir əsas yoxdur” deyən nazirlik əlavə edib ki, Çin qlobal enerji təchizatının və qlobal iqtisadiyyatın nizamını pozmuş müharibənin sülh yoluyla həllini dəstəkləyir.
Trampsa Çjunnanhayda İran məsələsini müzakirə etdiklərini və “çox oxşar” nəticələrə gəldiklərini bildirib. Si Tzinpin isə bunu şərh etməyib. ABŞ-yə dönüş yolunda Tramp əlavə edib ki, İran məsələsində “heç kimdən yardım istəmir”.
Bununla belə, ABŞ-nin maliyyə naziri Skott Bessent Pekini Tehrana təsir etməyə çağırıb. Analitiklər hesab edirlər ki, Si Tzinpin Tehranı ciddi şəkildə sıxışdırmağa və ya İran ordusuna dəstəyi dayandırmağa hazır deyil. Çünki İran Pekin üçün ABŞ-yə qarşı strateji balans elementidir.
2017-ci ildəki səfərindən fərqli olaraq Tramp bu dəfə Si Tzinpinlə “struktur islahatları”, “qlobal iqtisadi idarəetmə” və ya “beynəlxalq ticarət sistemi” məsələlərini müzakirə etməyib.
Hətta səfərin ən böyük nəticəsi kimi təqdim olunan razılaşma da gözləntiləri doğrultmayıb. Tramp cümə axşamı Çinin “Boeing” şirkətindən 200 təyyarə alacağını açıqlayandan sonra şirkətin səhmləri 4% ucuzlaşıb. Halbuki “Reuters”-ə danışan mənbələrinin məlumatına görə, daha əvvəl təxminən 500 təyyarənin satışı müzakirə olunub. Tramp deyib ki, “yaxşı işləsələr”, sifariş 750-yə qədər artırıla bilər.
Amerika rəsmiləri 30 milyard dollarlıq kənd təsərrüfatı məhsullarının satışı barədə razılıq əldə olunduğunu bildiriblər. Amma razılaşmanın detalları açıqlanmayıb və “Nvidia” məhsullarının satışı məsələsində hər hansı irəliləyiş əlaməti görünməyib.
Tramp uzun müddətdir Çin-Amerika münasibətlərinə problem yaradan nadir torpaq elementlərinin tədarükü məsələsini də həll edə bilməyib. Trampın 2025-ci ilin aprelində tətbiq etdiyi tariflərə cavab olaraq Çin bu vacib mineralların ixracına məhdudiyyət tətbiq etmişdi.
Ötən ilin oktyabrında tərəflər Vaşinqtonun tarifləri azaltması, Çinin isə nadir torpaq elementlərinin tədarükünü davam etdirməsi barədə müvəqqəti razılaşma əldə etmişdilər. Amma Pekinin məhdudiyyəti ABŞ-nin mikroçip istehsalçılarında və aerokosmik şirkətlərində çatışmazlıq yaradıb.
Jurnalistlər Amerika prezidentindən soruşublar ki, tərəflər atəşkəs xarakterli ticarət razılaşmasını sonrakı ilə qədər uzadıblarmı. Tramp deyib ki, onlar “tarifləri müzakirə etməyiblər”.
Çin sahillərindən təxminən 80 kilometr məsafədə yerləşən Tayvan məsələsi uzun müddətdir Vaşinqton-Pekin münasibətlərində gərginlik mənbəyi olaraq qalmaqdadır. Çin adaya nəzarəti bərpa etmək üçün hərbi gücdən istifadəni istisna etmir, ABŞ isə qanunla Tayvanı özünümüdafiə vasitələriylə təmin etməyə borcludur.
ABŞ dövlət katibi Marko Rubio “NBC News” telekanalına açıqlamasında deyib ki, “ABŞ-nin Tayvan məsələsinə dair siyasəti dəyişməz olaraq qalır”. Tayvanın xarici işlər naziri Lin Çia-lun isə dəstəyə görə Vaşinqtona təşəkkür edib.
“Politfm”



