Foto: “magnific.com”



Dövlət Statistika Komitəsi (DSK) 2026-cı ilin yanvar-aprel ayları üzrə inflyasiya göstəricilərini açıqlayıb.

Bildirilir ki, ölkədə istehlak qiymətləri indeksi ötən ilin eyni dövrüylə müqayisədə 5,6% artıb. Bu müddət ərzində qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 6,7%, qeyri-qida məhsulları 3,7%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 5,7% bahalaşıb.

Aprel ayında əvvəlki ayla (mart) müqayisədə qiymətlərində dəyişiklik olmuş məhsullar:

– bahalaşmış qida məhsulları: qarabaşaq yarması, mal və qoyun əti, kolbasa məmulatları, pendir, süfrə marqarini, qarğıdalı yağı, limon, banan, alma, kivi, ağ kələm, brokkoli, süfrə çuğunduru və kartof.
– ucuzlaşmış qida məhsulları: yumurta, portağal, şabalıd, gül kələm, göyərti, xiyar, pomidor, şirin bibər, badımcan, sarımsaq və soğan.
– qeyri-qida sektoru: sement, kəsilmiş taxta, mebel və yuyucu vasitələr bahalaşıb; zərgərlik məmulatları (zinət əşyaları) ucuzlaşıb.

Müstəqil ekspertlər hesab edirlər ki, rəsmi göstəricilər real inflyasiyanı tam əks etdirmir. Onların fikrincə, ölkədə son bir ildə faktiki bahalaşma ikirəqəmli həddə çatıb.
İlin ilk dörd ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 20.1 milyard manatlıq mal satılıb ki, bunun da 11.2 milyard manatını ərzaq malları, içkilər və tütün məmulatları təşkil edib.

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, alıcıların pərakəndə ticarətdə xərclədiyi vəsaitin 50,6%-i sırf qida məhsullarının payına düşüb:
“Biabırçı rəqəmdir. Azərbaycan vətəndaşı ay ərzində xərclədiyi hər 100 manatın 50 manat 60 qəpiyini ərzağa ayırır. Dünyada bu göstərici kasıblıq əlaməti sayılır. İnkişaf etmiş ölkələrdə bu rəqəm cəmi 9-20 faiz arasında dəyişir”.

Ekspert qeyd edib ki, Azərbaycanın bu göstəricisi Afrika ölkələrinin (Nigeriyada 58,9%, Keniyada 56,1%) səviyyəsinə yaxındır (“AzadlıqRadiosu”).

Gürcüstanda bu rəqəm 32%, Rusiyada 38%, Ermənistanda isə 42,9% təşkil edir.

“Politfm”