Foto: internet
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) mobil operatorlar üzrə median internet sürəti göstəricilərini əks etdirən ilk hesabatını açıqlayıb.
Təhlillər müasir mobil cihazlar (“Modern Chipsets”) filtri əsasında formalaşdırılıb və istifadəçi təcrübəsinin daha dəqiq qiymətləndirilməsinə imkan yaradır.
Hesabata görə, ən yüksək sürətli mobil internet “Azercell”dədir — 111,4 Mbps. İkinci yerdə “Bakcell” — 81,3 Mbps, üçüncü yerdə isə “Nar” — 75,4 Mbps qərarlaşıb.
“Speedtest Global Index”-in son məlumatlarına əsasən, bir sıra ölkələrdə median mobil internetin sürəti daha yüksəkdir.
Məsələn, Birləşmiş Ərəb Əmirliklərində bu göstərici 500 Mbps, Qətərdə 350 Mbps, Cənubi Koreyada 150 Mbps-dir. Türkiyədə bu göstərici təxminən 70–80 Mbps, Gürcüstanda 45–50 Mbps aralığındadır. Bu baxımdan Azərbaycanın, xüsusilə də “Azercell”in göstəricisi region ölkələriylə müqayisədə daha yüksəkdir.
İKTA-nın təqdim etdiyi göstəricilər istifadəçilərin könüllü şəkildə həyata keçirdiyi ölçmələr əsasında formalaşır və istifadəçi davranışı, cihaz xüsusiyyətləri, şəbəkə şəraiti və ölçmə intensivliyi kimi amillərdən asılı olaraq dəyişə bilər. Ona görə də nəticələr ümumi tendensiyaların qiymətləndirilməsi məqsədilə istifadə olunur.
“Politfm”



