Foto: “news.am”

 

Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkiləriylə bağlı seçki kampaniyası davam edir. Rusiya yönümlü “Ermənistan” blokunun baş nazirliyə namizədi, sabiq prezident Robert Koçaryanın seçicilərlə dünənki görüşündə sakinlərdən biri ona 1 mart 2008-ci il hadisəsi haqda sual verib. Həmin gün prezident seçkilərinin nəticələrinə etiraz edən nümayişçilərə qarşı döyüş silahından atəş açılmış, 10 nəfər həlak olmuşdu. Bu iş üzrə məsuliyyətə cəlb olunanlar arasında Koçaryan da vardı. O, konstitusiya quruluşunu devirməkdə ittiham edilirdi.

“Siz niyə bizə atəş açdırdınız?” deyə, həmin şəxs Koçaryandan soruşub. Sabiq prezident sualı anlamayıb. Ardınca ondan 1 mart qurbanlarından biri olan Qor Kloyanı tanıyıb-tanımadığı soruşulub.
“Xeyr, tanımıram” deyə, Koçaryan cavab verib.
“Bilirsinizmi ki, onun övladı yetim böyüdü?” sualına isə Koçaryan “Xeyr, bilmirəm” deyə cavab verib.
Bundan sonra həmin şəxs ona “Mən təəccüblənirəm ki, siz, ümumiyyətlə, insanların qarşısına necə çıxırsınız” deyib.

Müdafiə naziri Suren Papikyan isə Rusiya yönümlü “Güclü Ermənistan” blokunun rəhbəri, dövlət quruluşunu devirməyə çağırış ittihamıyla ev dustaqlığında saxlanılan rusiyalı milyarder Samvel Karapetyana müraciət edib.

“Sənin nəslində altı yetkin oğlan var, niyə heç biri vətən uğrunda həlak olmayıb və ya yaralanmayıb? Siz hansı ölkə uğrunda mübarizə aparırsınız? Əgər nəslindəkilərin hamısı vətənpərvərdirsə, 44 günlük müharibə zamanı (2020-ci ilin payızında) oğullarını cəbhəyə göndərməliydilər. Amma onları xaricdəki malikanələrində saxlayırdılar” – Papikyan belə deyib.

Dünən Rusiya yönümlü “Çiçəklənən Ermənistan” partiyasının lideri, oliqarx Qaqik Tsarukyana məxsus “Araratsement” şirkətinin özəlləşdirilməsi prosesində bir sıra pozuntular aşkar edildiyi açıqlanıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Baş nazir Nikol Paşinyan daha əvvəl bildirmişdi ki, müəssisə yaxın vaxtlarda dövlət mülkiyyətinə keçiriləcək. O, partiyanın deputatlığa namizədi Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib; bildirib ki, Milli Təhlükəsizlik Xidməti bununla bağlı cinayət işinin başlanması üçün İstintaq Komitəsinə sorğu göndərəcək.

“Bu casus şəbəkəsinin kökünü kəsəcəyik” deyən Paşinyan xəyanət ittihamını təsdiqləyən konkret faktlar təqdim etməyib.

Daha əvvəl Tevanyan baş naziri “dövlət xaini” adlandırmış və onu “Azərbaycan maraqlarına xidmət etməkdə” günahlandırmışdı.

Bu arada Rusiya rəsmiləri Ermənistan rəhbərliyinə qarşı təhdid xarakterli açıqlamalar verməyə davam edirlər.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistanın Avropa İttifaqına inteqrasiya siyasətini sərt tənqid edib, ölkənin Rusiyadan iqtisadi asılılığını xatırladıb:
“Ermənistana təbii qazı, unu, taxılı, gübrəni və benzini bazar qiymətindən üç dəfə ucuz məhz Rusiya tədarük edir. Bundan başqa, Ermənistanın kənd təsərrüfatı məhsulları ixracının 98 faizi və alkoqollu içkilər ixracının 78 faizi Rusiya bazarının payına düşür”.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin isə Rusiya Təhlükəsizlik Şurasının xüsusi işçi qrupunun iclasından sonra jurnalistlərə deyib ki, “Rusiya Ermənistan rəhbərliyinin Rusiyanın xəbərdarlıqlarına qulaq asdığını görmür. Həmin xəbərdarlıqların mahiyyəti ondan ibarətdir ki, Qərbin, o cümlədən Rusiyaya qarşı açıq düşmən siyasəti yürüdən Avropa İttifaqının əsas məqsədi Ermənistandan Rusiyaya qarşı istifadə etməkdir”.

Rusiyanın tənzimləyici qurumu “Rosselxoznadzor” mayın 22-dən etibarən Ermənistandan gül idxalına məhdudiyyətlər tətbiq ediləcəyini açıqlahyıb. Bildirilib ki, bu məhdudiyyət istixana təsərrüfatlarının yoxlanılması və nəticələrin təhlili başa çatana qədər davam edəcək.

Bütün bunların fonunda Ermənistan baş nazirinin müavini Mher Qriqoryan videokonfrans formatında Rusiyada keçirilən Avrasiya İqtisadi Komissiyasının iclasında iştirak edib. Müzakirələrin əsas mövzusu Avrasiya İqtisadi İttifaqı çərçivəsində gömrük tənzimlənməsi olub.


“Politfm”