Foto: “pixabay.com”
Təhsil mütəxəssislərinin qənaətinə görə, tələbə təqaüdləri sadəcə müavinət yox, dövlətin insan kapitalına qoyduğu investisiyadır. Sistem elə qurulmalıdır ki, tələbə maddi çətinlikləri deyil, öz inkişafını düşünsün.
Bəs Azərbaycanın dövlət büdcəsindən təhsilə ayrılan vəsait tələbələrin təqaüdləri və məskunlaşması kimi xərc maddələrini də əhatə edirmi?
Bəli, amma dolayı şəkildə və selektiv olaraq.
Azərbaycanda dövlət büdcəsində “təhsil xərcləri” geniş kateqoriyadır və əsasən aşağıdakılardan ibarətdir:
– məktəb və universitetlərin maliyyələşdirilməsi;
– müəllim və akademik heyətin əməkhaqqı;
– infrastruktur (binalar, laboratoriyalar və s.);
– təhsil proqramları və idarəetmə xərcləri;
– dövlət sifarişiylə və ya akademik göstəricilərə görə təqaüdlər.
Məskunlaşma (yataqxana və yaşayış) xərclərinə gəlincə, bu məsələyə yanaşma fərqlidir. Universitet yataqxanaları və onların saxlanması dolayı şəkildə dövlət vəsaitilə dəstəklənə bilər (infrastruktur və idarəetmə xətti ilə), amma tələbənin yaşayış xərci dövlət tərəfindən tam qarşılanmır.
Hərçənd istisnalar da var:
– xüsusi proqramlar (məsələn, dövlət təqaüd proqramları) çərçivəsində;
– həssas qruplar (məcburi köçkünlər və s.) üçün;
– bəzi hallarda dövlət sifarişilə oxuyan tələbələr üçün əlavə sosial dəstək verilir.
Bu zaman həm təhsil haqqı, həm yaşayış (yataqxana) və hətta aylıq xərclər də dövlət tərəfindən ödənə bilər (wsec.edu.az) .
Azərbaycanda tələbə təqaüdlərinin məbləği real xərclərə adekvat olmadığı üçün daha çox “cib xərcliyi” funksiyasını yerinə yetirir, yəni kirayə və qida xərclərini ödəmir.
Təqaüdlər əsasən akademik göstəricilərə (qiymətlərə) görə verilir.
2025-ci ilin sentyabrında tətbiq edilən son artımlardan sonra rəqəmlər təxminən belədir:
– prezident təqaüdü: 350 manat (ən yüksək bal toplayanlar üçün);
– ali təhsil təqaüdü (bakalavr/magistr);
Akakademik göstəriciləri 91–100 bal olan tələbələr 240 manat, 71–100 bal olan tələbələr 180 manat, 51–100 bal olan tələbələrsə 120 manat təqaüd alır.
Bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri 91–100 bal olan tələbələrə 200 manat, 71–100 bal olan tələbələrə 160 manat, 51–100 bal olan tələbələrə 110 manat; orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri 91–100 bal olan tələbələrə 110 manat, 71–100 bal olan tələbələrə 90 manat, 51–100 bal olan tələbələrə 70 manat; peşə təhsili müəssisələrində akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə 110 manat, “4” və “5” (71–100 bal) olan tələbələrə 90 manat, “3”–“5” (51–100 bal) olan tələbələrə 70 (yetmiş) manat təqaüd verilir.
Doktorantura təqaüdü təxminən 300 – 450 manat civarındadır.
Yataqxana çatışmazlığı
Tələbələrin və valideynlərin ən ağrılı yeri tələbə yataqxanalarının azlığıdır. Bakıdan kənarda yaşayanlar məcburən kirayədə qalmalı olurlar ki, bu da ailələr üçün əlavə maddi yük yaradır. Bakıda 2 otaqlı evin kirayəsi minimum 400 manatdan başlayır. Universitetlərin yerləşdiyi ərazilərə yaxın yerlərdə isə kirayə haqqı 600 manatadan 1200 manata qədər dəyişir.
Bəzi universitetlərin yataqxanaları olsa da, tələbə tutumu məhduddur. Bəzilərində isə yataqxanaların ciddi təmirə ehtiyacı var və ya məcburi köçkünlər yerləşdirilib.
Məsələn, Azərbaycan Dövlət İqtisad Universitetinin 5 yataqxanası var. Amma uzun illərdit ki, bu yataqxanalarada məcburi köçkünlər məskunlaşıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yataqxanası 320 nəfərlikdir, 2-3 nəfərlik otaqlardan ibarətdir, hər otağın qiyməti 100 manatdır.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin 5 yataqxanasından 4-də məcburi köçkünlər məskunlaşıb.
Bakı Slavyan Universitetinin 4 yataqxanasının yalnız birinin və yalnız 1-ci və 4-cü mərtəbələri tələbələrin istifadəsinə verilib, aylıq ödəniş 50 manatdır. Digərlərində məcburi köçkünlər yaşayır.
Bakı Dövlət Universitetinin “Tələbə evi” 220 nəfərlikdir, hər otaq üçün ayda 75 manat ödəməlidir.
Azərbaycan Dillər Universitetinin 205 nəfərlik yataqxanası var, qızlar üçündür, tutumu 200 nəfərlikdir, bir nəfər üçün aylıq qiymət 20 manatdır.
Azərbaycan Texniki Universitetinin 6 yataqxanasından biri təmir etdirilir, ikisində qızlar, birində oğlanlar, digərində isə əcnəbi tələbələr yaşayırlar.
Azərbaycan Tibb Universitetinin 4 yataqxanasının ümumi tutumu 968 nəfərlikdir, otaqların qiyməti yerli tələbələr üçün aylıq 50-80 manat arası dəyişir.
Tələbə təqaüdləri necə tənzimlənməlidir?
Tələbə təqaüdlərinin tənzimlənməsi həm sosial ədaləti, həm də təhsilin keyfiyyətini qoruyan mürəkkəb bir prosesdir. Effektiv bir sistem yalnız maliyyə yardımı deyil, həm də tələbə üçün motivasiya mexanizmi rolunu oynamalıdır.
Ekspertlər bu prosesin optimal şəkildə tənzimlənməsi üçün bir neçə istiqaməti əsas götürülər:
– təqaüd sistemi tələbəni daha yaxşı oxumağa təşviq etməlidir;
– tələbə neçə bal topladıqda nə qədər təqaüd alacağını öncədən və dəqiq bilməlidir (məsələn, ÜOMG – Ümumi Orta Müvəffəqiyyət Göstəricisi əsasında);
– maddi vəziyyəti aşağı olan tələbələrə akademik göstəriciləri nəzərə alınmaddan “ehtiyac əsaslı” yardımlar edilməlidir;
– təqaüdlərin məbləği statik qalmamalı, ölkədəki inflyasiya səviyyəsinə və yaşayış minimumuna uyğun olaraq mütəmadi indeksasiya edilməlidir. Məbləğ tələbənin minimum qidalanma, nəqliyyat və tədris materialları xərclərini qarşılamağa yaxın olmalıdır;
– dövlət büdcəsindən asılılığı azaltmaq və tələbəyə daha çox imkan yaratmaq üçün şirkətlər gələcək kadr ehtiyacları üçün özəl təqaüd proqramları təsis etməyə təşviq edilməlidir;
– müəyyən ixtisaslar (məsələn, kənd təsərrüfatı, yüksək texnologiyalar) üzrə kadr çatışmazlığını aradan qaldırmaq üçün həmin sahələrə daha yüksək stimullaşdırıcı təqaüdlər verilməlidir.
Digər ölkələrdə tələbə təqaüdləri necə tənzimlənir?
Almaniya
Bu ölkədə təqaüd təkcə “yaxşı oxumağa” görə yox, ailənin gəlir səviyyəsinə görə verilir.
2026-cı il üçün maksimum aylıq təxminən 992 avro civarındadır. Bu məbləğin yarısı dövlət tərəfindən hədiyyə verilir, digər yarısı isə təhsil bitdikdən sonra (faizsiz) geri qaytarılır. Bu məbləğ bir tələbənin kirayə, sığorta və yemək xərclərini tam qarşılaması üçün hesablanıb.
Almaniyada dövlət universitetlərində təhsil haqqı, adətən, ya yoxdur, ya da çox minimaldır. Xarici tələbələr də bu imtiyazdan yararlana bilir. Ən məşhur dəstək proqramı DAAD (Alman Akademik Mübadilə Xidməti) vasitəsilə verilir.
Almaniyada müxtəlif partiya və fondlara aid təqaüdlər də mövcuddur. Bu fondlar magistratura üçün aylıq təxminən 934, doktorantura üçün aylıq 1,200 – 1,400 avro civarında təqaüd verir.
ABŞ
ABŞ-də universitetlərin özlərinin verdiyi təqaüdlər ön plandadır. Məsələn, “Fulbright” proqramı xarici magistr və doktorantlara illik 30.000–50.000 dollar aralığında təqaüd verir. “Harvard”, MIT, “Stanford” kimi universitetlər isə maddi ehtiyaca uyğun və ya akademik uğura görə tam və ya qismən təqaüdlər təqdim edir. Lakin bu təqaüdlər üçün rəqabət çox yüksəkdir.
ABŞ-də təqaüdlər əsasən iki böyük qrupa bölünür:
1. akademik göstəricilərə görə – tələbə (GPA), SAT/ACT balları, idman nailiyyətləri və ya xüsusi istedadları əsasında qiymətlər yazılır. Bu təqaüdlər ailənin gəlirindən asılı deyil.
2. maliyyə ehtiyacına görə – tələbənin və ailəsinin təhsil haqqını ödəmək imkanı olmadıqda. “Ivy League” kimi bəzi nüfuzlu universitetlər beynəlxalq tələbələrə maliyyə durumundan asılı olmadan (“need-blind”) qəbul siyasəti tətbiq edir.
Burada təqaüdlər hər şeyi, yalnız təhsil haqqını və ya qismən təhsil haqqını (illik 5,000–20,000$) ola bilir.
ABŞ universitetlərində yataqxana həyatı (on-campus living) təhsil təcrübəsinin ayrılmaz hissəsidir. Bir çox universitet birinci kurs tələbələrinin mütləq kampusda yaşamasını tələb edir.
Fransa
Fransada tələbələr üçün təhsil haqqı digər Avropa ölkələrinə nisbətən daha münasibdir. Həm dövlət, həm də universitet səviyyəsində müxtəlif təqaüd proqramları mövcuddur. Xarici tələbələr üçün əsas təqaüd mənbəyi “Eiffel Excellence” proqramıdır. Bu proqram magistr tələbələrinə ayda 1200 avro, doktorantlara isə 2.100 avro təqaüd verir. Üstəlik, sığorta, yol xərcləri və mədəni tədbirlər üçün də vəsait ayrılır. Bundan başqa, Fransa hökuməti tələbələrə güzəştli sosial mənzillər də təklif edir.
Fransada ən ucuz yaşayış variantı CROUS (Centre Régional des Œuvres Universitaires et Scolaires) tərəfindən idarə olunan dövlət yataqxanalarıdır. Aylıq ödəniş şəhərlərə görə 250-600 avro aralığındadır. Fransada tələbə yataqxanasında yer tuta bilməyən tələbələrin kirayə haqqının bir hissəsini dövlət tərəfindən qarşılayan APL (Aide Personnalisée au Logement) yardım proqramı mövcuddur.
Yaponiya
Yaponiya hökumətinin MEXT (“Monbukagakusho”) təqaüd proqramı xarici tələbələr arasında çox populyardır. Proqram magistr tələbələrinə ayda 144.000 yen (təxminən 900-1.000 ABŞ dolları) verir, əlavə olaraq yol xərcləri və təhsil haqqı da qarşılanır. Təqaüdün davam etməsi üçün tələbənin akademik göstəriciləri müntəzəm olaraq qiymətləndirilir.
Yaponiyada əsas təqaüd növləri və onların təxmini məbləğləri aşağıdakı kimidir.
Bakalavr təhsilində aylıq təxminən 750-800 dollar, magistraturada təxminən 920-950 dollar, doktoranturada təxminən 970 dollardır. Böyük şəhərlərdə aylıq 2,000 – 3,000 yen əlavə kompensasiya verilə bilər.
Yaponiyada bir çox özəl fondlar da təqaüdlər təklif edir.
Özəl fondların aylıq ödənişi 50,000 yenlə 200,000 yen arasında dəyişir. Məsələn, bəzi fondlar doktorantura tələbələrinə ayda 250,000 yenə qədər ödəniş edə bilir.
Bəzi universitetlər təhsil haqqından 30%, 50% və hətta 100% azad olma imkanı yaradır. Tələbə vizasıyla həftədə 28 saat (tətillərdə daha çox) işləmək icazəsi verilir.
Təqaüd məbləğləri valyuta məzənnəsindən və Yaponiyanın daxili iqtisadi siyasətindən asılı olaraq hər il dəyişə bilər.
Tələbə yataqxaları həm universitetlərin özlərinə, həm də özəl şirkətlərə məxsus ola bilir. Yataqxanalarda ciddi nizam-imtizam var və hər kəs buna əməl etməlidir. Otaqların qiymətləri komfortuna və şəhərlərə görə dəyişir.
Çin
Çin hökuməti Çin Dövlət Təqaüdü (CSC) proqramı vasitəsilə əcnəbi tələbələrə tam təqaüd verir. Bu proqram çərçivəsində təhsil haqqı, yataqxana, tibbi sığorta və aylıq təxminən 3.000 yuan (400 ABŞ dolları) təqaüd təmin olunur. Bu, əsasən texniki, mühəndislik və çin dili sahələrində ixtisaslaşan tələbələrə şamil edilir.
Bir çox universitet istedadlı tələbələri cəlb etmək üçün daxili təqaüdlər təklif edir. Onlara təhsil haqqı + yataqxana + aylıq təqaüd (1,000 – 2,500 RMB arası) verilir. Təqaüd alan tələbənin yataqxana xərcləri çox vaxt dövlət tərəfindən ödənilir.
Yataqxanaları həm yerli, həm də əcnəbi tələbələr üçün universitet həyatının ən vacib hissələrindən biridir. Çin universitetlərində yataqxana sistemi kifayət qədər mütəşəkkildir, lakin şərait universitetdən və ödənişdən asılı olaraq kəskin fərqlənə bilər. Əksər Universitetlər kənarda mənzil kiraləməyə icazə verir və kirayə xərcinə dəstək olur.
Skandinaviya ölkələri tələbə dəstəyi mövzusunda “cənnət” hesab olunur. Məsələn, Danimarka vətəndaşı olan hər bir tələbə aylıq təxminən 900 – 1000 avro (vergi çıxıldıqdan sonra) civarında təmənnasız təqaüd alır.
Dövlət hesab edir ki, tələbə işləmək məcburiyyətində qalmamalı, yalnız dərslərinə fokuslanmalıdır.
Finlandiya
Finlandiyada tələbə həyatı həm dövlət tərəfindən göstərilən dəstək, həm də tələbələr üçün yaradılan sosial infrastruktur baxımından dünyanın ən yaxşılarından biri hesab olunur. Təqaüd sistemi tələbənin vətəndaşlığından və təhsil pilləsindən asılı olaraq dəyişir. İngilis dilində ödənişli proqramda təhsil alanlara universitetlər, adətən, təhsil haqqının 50%-dən 100%-ə qədərini ödəyə bilir. Çox vaxt bu təqaüd qəbul zamanı akademik göstəricilərə görə verilir.
Magistr pilləsi üçün nəzərdə tutulan proqramda həm təhsil haqqı tam ödənir, həm də yaşayış xərcləri üçün tələbəyə birdəfəlik 5,000 avro civarında yardım edilir.
“EDUFI” adlanan təqaüdl proqramı əsasən doktorantura (PhD) tələbələri üçün nəzərdə tutulub və aylıq təxminən 1,900 avro təşkil edir.
Finlandiyada daimi yaşayış icazəsi olanlar (məsələn, ailə vəziyyətinə və ya işə görə) “Kela” proqramından (Finlandiyanın Sosial Sığorta İnstitutu) yararlana bilir. Bu proqramla aylıq yardım və mənzil dəstəyi verilir.
Bu ölkədə yataqxanalar universitetlərin yox, tələbələr üçün olan xüsusi mənzil fondlarının tabeliyindədir, onlar həm də ailəli tələbələr üçün nəzərdə tutulub. Demək olar ki, hər binada pulsuz camaşırxana, saunalar və velosiped dayanacaqları olur.
Tələbə mənzilləri, adətən, əşyasız verilir. Tələbələr mebelləri “Second hand” mağazalarından və ya “Kierrätyskeskus” (təkrar emal mərkəzləri) vasitəsilə çox ucuz əldə edirlər.
Onlara həftədə 30 saata qədər işləmək icazəsi verilir. Tələbə kartına nəqliyyatda, yeməkxanalarda və muzeylərdə 50%-ə qədər endirim var. bilərsiz.
Britaniya
Britaniyada tələbə təqaüdünün miqdarı proqramın növündən, xarakterindən universitetdən və təqaüdün xarakterindən asılı olaraq kəskin fərqlənir. Təqaüdlər əsasən iki yerə bölünür: təhsil haqqından endirim edənlər və yaşayış xərclərini (stipendiya) qarşılayanlar.
Tam təminatlı təqaüdlər: həm təhsil haqqı, həm də uşuş xərcləri ödənir; üstəlik, tələbəyə hər ay yaşayış üçün müəyyən məbləğdə stipendiya verir. Stipendiyanın məbləği London xaricində təxminən 1,300 avro-1,400 avro, Londonda isə 1,600 avro-1,700 avro civarında olur.
Qismən təqaüdlər: beynəlxalq tələbələrin əksəriyyəti bu növ təqaüdlərdən yararlanır. Pul, adətən, birbaşa tələbənin özünə verilmir, təhsil haqqından çıxılır. Birillik magistr proqramları üçün ən azı 10,000 avro məbləğində birdəfəlik yardım verilir.
Universitet təqaüdləri: bakalavr səviyyəsində uğurlu tələbələrə hər il 2,000- 5,000 avro arası endirim edilir. Magistr səviyyəsindəki “Global Excellence” və ya “Vice-Chancellor’s” təqaüdləri adətən 4,000-8,000 avro civarında olur.
“Leeds” universitetində tələbələr üçün 16000 avroya, “Gardiff” universitetində 10000 avroya qədər təqaüd imkanları mövcuddur.
Son araşdırmalara görə, beynəlxalq tələbələr üçün universitetlərin təklif etdiyi maksimum təqaüd məbləği təxminən 4,530 avro təşkil edir. Bir çox universitetsə heç bir əlavə müraciət tələb etmədən yüksək ortalaması olan tələbələrə avtomatik olaraq 2,000-3,000 avro “giriş təqaüdü” verir.
Britaniyada təqaüd alan tələbə, demək olar ki, bütün xərclərini qarşılamış hesab olunur.
“Politfm”



