Avropa İttifaqı ölkələri 2026-cı ilin birinci rübündə Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalını əhəmiyyətli dərəcədə artırıb. Bu barədə analitik “Kpler” şirkətinə istinadən “Financial Times” məlumat yayıb.

 

Bildirilir ki, yanvar–mart aylarında Rusiyanın Yamal LNG layihəsi üzrə həyata keçirilən bütün alışların 97%-i Avropa İttifaqı (Aİ) ölkələrinin payına düşüb.

Ümumilikdə Aİ-yə təxminən 5 milyon ton qaz göndərilib ki, bu da ötən ilin eyni dövrüylə müqayisədə 17% çoxdur. Əsas qəbul limanları Zeebrügge (Belçika), Montoir və Dyunkerk (Fransa), Bilbao (İspaniya) və Rotterdam (Niderland) olub. Təchizatın ümumi dəyərinin 3 milyard dollardan çox olduğu qeyd olunur.

Mart ayında – İsrail və ABŞ-ın İrana hava hücumu səbəbindən Qətərin LNG ixracı azaldığı dövrdə Rusiyadan 1,5 milyon ton qaz tədarük edilib.

Aİ 2027-ci ilə qədər Rusiya qazından (LNG daxil olmaqla) tam imtina etməyi planlaşdırsa da, təhcizat davam edir. Avropa Komissiyası bildirib ki, qlobal bazarda təklifin azalmasına və qiymətlərin artmasına baxmayaraq bu plandan geri çəkilmək niyyəti yoxdur.

“Politfm”