Foto:  Alex Brandon/”Reuters”


İran hökumətinin nümayəndə heyəti ABŞ ilə danışıqlar üçün İslamabada gəlib.

İranın dövlət televiziyasının “Teleqram” kanalında qeyd olunub ki, nümayəndə heyətinə əvvəllər İslam İnqilabı Keşikçiləri Korpusunda fəaliyyət göstərmiş parlament spikeri Məhəmməd-Baqir Qalibaf rəhbərlik edir. Heyətə həmçinin xarici işlər naziri Abbas Əraqçi, Müdafiə Şurasının katibi Əli-Əkbər Əhmədiyan, Mərkəzi Bankın rəhbəri Əbdolnaser Hemmati və bir neçə deputat daxildir.

İran son ana qədər danışıqlara nümayəndə heyəti göndərəcəyini təsdiqləmirdi. Rəsmi şəxslər, o cümlədən Qalibaf bildirirdi ki, 8 aprel gecəsi elan olunmuş atəşkəsin şərtləri yerinə yetirilməyib — xüsusilə də İsrailin Livanda hərbi əməliyyatları dayandırmaması baxımından.

Öz növbəsində İran da Hörmüz boğazını bloklamaqda davam edir. Bu, atəşkəsin dayanıqlılığıyla bağlı şübhələri artırır (“Reuters”).

ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens rəhbərlik edəcək. Dünən axşam saatlarında onun təyyarəsi yanacaq doldurmaq üçün Parisdə eniş edib.

Amerika prezidenti Donald Tramp daha əvvəl onun İranla danışıqlarda iştirak etməyəcəyini bildirmişdi.

Onun sonradan fikir dəyişdirməsi belə bir ehtimal yaradır ki, Tramp öz komandasında müharibəyə ən az həvəsli görünən adamı da məsuliyyətə və risklərə ortaq etmək qərarına gəlib.

“Politfm”