Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, ABŞ və İsrailin İrana qarşı müharibəsinə görə “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi təxirə salına bilər.

O martın 12-də keçirdiyi brifinqdə deyib ki, hazırda “Tramp marşrutu” ABŞ üçün prioritet deyil:
“Nə baş verdiyini, onların nəylə məşğul olduğunu görürsüz. Təəssüf ki, çox böyük ehtimalla son hadisələr TRIPP layihəsinin həyata keçirilməsi prosesinə təsir edə bilər, xüsusilə də vaxt baxımından. Çünki ABŞ hakimiyyəti başqa məsələyə fokuslanıb. Amma məlum olsa ki, müharibə təsir etmir, bu, yaxşı olar”.

TRIPP marşrutu Ermənistan ərazisindən keçərək Azərbaycanı  eksklavı Naxçıvanla birləşdirməyi nəzərdə tutur. Bu layihədə hər iki tərəfi qane edə biləcək kompromis var: Bakı eksklavla maneəsiz əlaqə əldə edəcək, Yerevansa ərazi üzərində suverenliyini qoruyub saxlayacaq.

Yeganə problem ondadır ki, bu marşrut Ermənistanla İran arasındakı sərhəd xətti olan Araz çayı boyuncadır.

Bu region Tehran üçün mühüm ticarət mərkəzi rolunu oynayır və İran şirkətləri artıq “Tramp marşrutu”nun çəkilməli olduğu ərazidə yol işləri başladıblar. Həmin ərazidən İran-Ermənistan qaz kəməri də keçir.

Bakı və Yerevan müharibəni dəstəkləmir

ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə təxminən iki həftədir davam edir. Buna cavab olaraq İran təkcə İsraili və regiondakı ABŞ bazalarını yox, Fars körfəzi ölkələrini də atəşə tutur.

ABŞ ilə yaxınlaşmalarına və bu ölkənin strateji tərəfdaşları sayılmalarına baxmayaraq, nə Ermənistan, nə də Azərbaycan bu müharibəni dəstəkləyir. Hər iki ölkənin liderləri ayətullah Əli Xameneinin öldürülməsilə bağlı İrana başsağlığı veriblər, onun oğlu Müctəba Xameneini İran İslam Respublikasının ali dini lideri seçilməsi münasibətilə təbrik ediblər.

Beynəlxalq Böhran Qrupunun eksperti Konul de Mor BBC-yə açıqlamasında deyib ki, “ABŞ və İran arasında müharibə TRIPP layihəsini mütləq İran baxımından daha mübahisəli edəcək. Amma bu, təşəbbüsün avtomatik şəkildə dayandırılması demək deyil. Amma layihə təxirə salınsa və ya ləğv olunsa, bu, Bakıya Yerevan arasındakı sülh prosesini çətinləşdirə bilər”.

TRIPP-in reallaşdırılması təxirə salına bilərmi?

Plana görə, TRIPP layihəsi üzrə tikinti bu yay başlamalıdır.

Yanvar ayında ABŞ və Ermənistan TRIPP-in həyata keçirilməsi üzrə çərçivə layihəsi təqdim ediblər. ABŞ hökumətinin nəzarəti altında olacaq bir şirkətin yaradılması nəzərdə tutulur. Həmin şirkət dəmir yolu və avtomobil yolu salmalı, bu yolların ətrafındakı infrastrukturu tikməli və onları ən azı 49 il idarə etməlidir.

İranın bir neçə gün əvvəl öldürülmüş ali lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti 2025-ci ilin avqustunda xəbərdarlıq etmişdi ki, İran sərhədi yaxınlığında ABŞ-nin mövcudluğunu artırmaq cəhdi gələcək marşrutu “Trampın muzdlu döyüşçülərinin qəbiristanlığına” çevirəcək.

Amma Ermənistanın diplomatları iranlı həmkarlarını inandırmağa çalışmışdılar ki, bu layihə onların ölkəsi üçün təhlükə yaratmır. Yerevandakı Regional Demokratiya və Təhlükəsizlik Mərkəzinin direktoru Tiqran Qriqoryanın sözlərinə görə, bu istiqamətdə müəyyən müsbət irəliləyişlər də əldə olunmuşdu:

“İndi isə Tehranın mövqeyinin daha sərt olacağını gözləmək olar. Amma bu, marşrutun reallaşmayacağı anlamına gəlmir. Layihənin həyata keçirilməsini bloklamaq üçün İranın hansı alətləri var – əsas sual budur. Məncə,reaksiya əsasən siyasi bəyanatlarla məhdudlaşacaq”.

Sülh prosesi davam edəcəkmi?

Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə baş analitiki Coşua Kuçera deyir ki, TRIPP layihəsinin reallaşdırılması təxirə salınsa və ya ümumiyyətlə ləğv olunsa, bu, Ermənistanla Azərbaycan arasında sülh prosesi üçün ciddi nəticələr doğura bilər.

Ekspertin fikrincə, İran müharibəsi Azərbaycanın Ermənistan ərazisindən keçəcək yola ehtiyacını daha da artırıb. İran üzərindən ticarət əlaqələri pozulub, Naxçıvan hava limanı isə İran dronunun zərbəzindən sonra bir müddət bağlı qalıb.

Bakı bu insidentin araşdırılmasını tələb edib, İran məsuliyyəti İsrailin üzərinə atıb.

Ağ Evin Cənubi Qafqazda fəallaşması Ermənistan-Azərbaycan münasibətlərində ciddi irəliləyiş üçün katalizator rolunu oynayırdı. Hər iki ölkənin liderləri münaqişənin sona çatdırılmasında Trampın “tarixi rolunu” qeyd etmişdilər.

“Belə bir təəssürat yaranarsa ki, Amerika üçün bu artıq vacib deyil, o zaman daha kövrək vəziyyət yaranır” – Kuçera belə deyir.

Amma Konul de Mor hesab edir ki, sülh prosesi Vaşinqtonun iştirakı olmadan da davam edə bilər. Onun sözlərinə görə, son bir ildə sülh sazişinin mətni razılaşdırılıb. Azərbaycan Ermənistana benzin və dizel ixrac etməyə başlayıb. Bütün bunlar vasitəçilər olmadan, birbaşa ikitərəfli danışıqlar nəticəsində əldə olunub.

“Nisbətən sabit ikitərəfli mexanizm formalaşdırılıb. Çətin ki, TRIPP layihəsinin gecikməsi və ya hətta ləğvi sülh prosesini pozsun. Üstəlik, İrandakı müharibə tərəfləri danışıqları sürətləndirməyə də təşviq edə bilər. Çünki regionda qeyri-sabitlik təhlükəsinin artacağı getdikcə daha aydın görünür” deyə, de Mor əlavə edib.

“Politfm”

(BBC-nin materialı əsasında)