Foto: REUTERS/Kevin Lamarque/

İran müharibəsi nəticəsində neft qiymətləri artdığı üçün Tramp administrasiyası Rusiya neftinin satışına qadağanı 30 gün müddətinə aradan qaldırıb. Hazırda tankerlərdə olan Rusiya nefti sərbəst şəkildə daşına və satıla biləcək.

Bir müddətdir ki, ABŞ Rusiyaya qarşı sanksiyaları yumşalda biləcəyinə dair siqnallar verirdi və bu istiqamətdə ilk mühüm addımı atdı.

ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, məqsəd İran müharibəsinə görə sarsılan enerji bazarlarını sabitləşdirməkdir.
İran müharibəsi 28 fevralda ABŞ və İsrailin bu ölkəyə hava zərbələri endirməsiylə başlayıb. Daşımalar üçün kritik əhəmiyyət daşıyan Hörmüz boğazının və Körfəz ölkələrinin müharibədən mənfi təsirlənməsi nəticəsində neftin qiyməti 100 dolları keçib.

Beynəlxalq Enerji Agentliyi (IEA) dünənki açıqlamasında bildirib ki, Yaxın Şərqdəki müharibə tarixdəki ən böyük neft təchizatı problemlərindən birinə səbəb olub.

Dənizdə nə qədər Rusiya nefti var?

Rusiya prezidenti Vladimir Putinin nümayəndəsi Kirill Dmitriyevin sözlərinə görə, dənizdə təxminən bir günlük qlobal neft istehsalı (100 milyon barel) həcmində Rusiya nefti var.

Vaşinqtonun yayımladığı lisenziya mətninə görə, 12 mart və ya daha əvvəl gəmilərə yüklənmiş Rusiya neftinin və neft məhsullarının çatdırılması və satışı Vaşinqton vaxtıla 11 aprel gecəyarısına qədər mümkün olacaq.

Tramp administrasiyası daha əvvəl – 5 martda Hindistana da 30 günlük güzəşt tətbiq dərək tankerlərdəki Rusiya neftini almağa icazə vermişdi. Ukrayna müharibəsi başlayandan sonra da Rusiyayla enerji ticarətini davam etdirən Hindistan ABŞ prezidenti Donald Trampın gömrük rüsumlarıyla bağlı təhdidindən sonra bu alışları dayandırmışdı.

Tramp impiçmentdən narahatdır

Bu qərarların hər ikisi ABŞ-də Konqresə noyabrda keçiriləcək aralıq seçkilər öncəsi Ağ Evin yanacaq qiymətlərinin və inflyasiyanın artmasından narahat olduğunu göstərir.
Respublikaçılar Partiyası Konqresə nəzarəti itirəcəyi təqdirdə Tramp impiçmentlə (vəzifədən uzaqlaşdırılma prosesiylə) üzləşə bilər.

Avropa ölkələri və Ukrayna Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına qarşıdırlar. Onların fikrincə, bu addım Moskvanın müharibə səylərini gücləndirə, həmçinin Rusiyaya siyasi və psixoloji üstünlük verə bilər.

“Politfm”