Şimali Koreya raketi (foto: KCNA/”Yonhap”)

 

“Şimali Koreya ən azı bir qısamənzilli ballistik raket də daxil olmaqla, ölkəmizin qərb sahilləri yaxınlığındakı sulara doğru bir neçə mərmi atıb”.
Bu barədə Cənubi Koreya ordusu məlumat verib.

Şimali Koreya rəsmiləri aprelin 19-da ölkənin kasetli bombalarla təchiz olunduğunu açıqlamışdılar. Pxenyan həmçinin bəyan etmişdi ki, ballistik raket üzərində yeni kasetli bomba başlığını və elektromaqnit silahı sınaqdan keçirib.

Şimali Koreya lideri Kim Çen In mart ayında demişdi ki, ölkəsinin nüvə dövləti statusu dəyişməyəcək və “özünümüdafiə xarakterli nüvə çəkindirmə vasitələrinin” genişləndirilməsi milli təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir.

Şimali Koreya 2006-cı ildən bəri BMT-nin sanksiyalarıyla üzləşməsinə baxmayaraq Kimin rəhbərliyi altında öz arsenalını gücləndirmək cəhdlərini sürətləndirib.

Cənubi Koreya Xarici İşlər Nazirliyinin sözçüsü çərşənbə axşamı keçirdiyi brifinqində Şimali Koreyanı Seulun sülh təkliflərinə və gərginliyi azaltmaq səylərinə cavab verməyə çağırıb.

O deyib ki, Seul Şimali Koreyanın nüvə probleminin həllinə mərhələli və praqmatik yanaşma nümayiş etdirir və Koreya yarımadasının tamamilə nüvəsizləşdirilməsi siyasətini davam etdirəcək.

 

“Politfm”