Foto: internet
Azərbaycanda illərdir dəyişməyən bir vəziyyət var: kəndli məhsulunu sata bilmir, bəzən tonlarla məhsul tarlada qalıb xarab olur. Amma elə həmin günlərdə bazarda qiymətlər “od tutub yanır”. Marketlərdə isə xarici məhsulların həcmi getdikcə artır.
Fermer niyə məhsulunu sata bilmir?
Əgər ölkədə aqrar istehsal varsa, qiymətlər niyə yüksək olaraq qalır? Və ya yerli məhsul tarlada çürüyürsə, bazara niyə xarici məhsullar gətirilir?
Sahə üzrə mütəxəssislər bildirirlər ki, əsas səbəb istehsalla bazar arasında əlaqənin düzgün qurulmamasıdır. Yetişdirilmiş məhsulun saxlanılması, daşınması, satışı və ixracıyla bağlı ciddi problemlər var.
Bu, Azərbaycanın kənd təsərrüfatında ən böyük paradokslardan biridir. Bir tərəfdə məhsulunu sata bilməyən fermer, digər tərəfdə isə bazarda baha qiymətlərlə üzləşən alıcı var.
Əsas səbəb uzun vasitəçi zənciridir. Məhsul fermerdən alıcıya çatana qədər bir neçə mərhələdən keçir və hər mərhələdə qiymətin üzərinə əlavə xərc gəlir. Fermer məhsulu ucuz qiymətə satır, lakin əsas qazancı vasitəçilər əldə edir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov mayın 6-da Bakıda keçirilmiş V Aqrobiznesin İnkişafı Forumunda bildirib ki, ötən il fermerlərə 280 milyon manatdan çox əkin subsidiyası verilib, aqrar sahəyə 100 milyon manatdan çox güzəştli kredit və lizinq maliyyəsi yönəldilib.
Amma subsidiyalar problemin yalnız bir hissəsini həll edir. Çünki əsas məsələ məhsulun istehsalı deyil, onun bazara çıxışıdır. Fermer kartofunu 30-40 qəpiyə satır, lakin həmin məhsul bir neçə əl dəyişdikdən sonra bazara 1-1,5 manata çıxır. Fermer bu fərqdən pay almır. Çünki saxlama anbarları, nəqliyyat və pərakəndə satış kanalları onun nəzarətində deyil.
Keçən il “Xəzər TV” bununla bağlı Masallı rayonunun Sərçüvar kəndindəndən süjet hazırlamışdı. Fermerlər havadan və ya məhsulunun az olmasından yox, onu sata bilməmələrindən şikayətlənmişdilər. Bildirmişdilər ki, məhsullarını maya dəyərindən aşağı, demək olar ki, dəyər-dəyməzinə satmağa məcbur olurlar:
“Bankdan kredit götürmüşük, 10 min manat yatırım etmişik. Zərərə düşürük, pomidorun kilosunu 10-30 qəpiyə satırıq”.
Kənd təsərrüfatı məhsulları niyə idxal olunur?
Daha bir problem idxaldan asılılıqdır. Marketlər daha stabil və standart məhsul əldə etmək üçün çox vaxt xarici istehsalçılarla işləməyə üstünlük verirlər. Yerli istehsalın plansız və pərakəndə olması marketlərin tələblərinə uyğun gəlmir.
Kiçik torpaq sahələri, zəif kooperasiya, qeyri-effektiv logistika, vasitəçilərin dominantlığı və ixrac imkanlarının məhdudluğu fermerin rəqabət qabiliyyətini azaldır. Dövlət subsidiya proqramları və müxtəlif dəstək mexanizmləri tətbiq edir. Amma əsas məsələ həmin məhsulun bazara, istehlakçıya və xarici ölkələrə necə çatdırılmasıdır.
Əgər kəndli məhsulunu sata bilmirsə, məhsul tarlada xarab olursa və alıcı eyni məhsulu baha qiymətə alırsa, deməli problem istehsalda yox, sistemdədir.
Fermer niyə məhsulunu xarici bazarlara çıxara bilmir?
Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixracı müəyyən qədər artsa da, bundan əsasən iri təsərrüfatlar və böyük şirkətlər faydalanır. Kiçik fermerlərin xarici bazarlara çıxışı isə məhduddur.
Əsas səbəblərdən biri sertifikat və keyfiyyət standartlarıdır. Xarici bazarlara çıxmaq üçün məhsul müəyyən tələblərə cavab verməlidir. Kiçik fermerlərin isə buna uyğun qablaşdırma, saxlanma və logistika imkanları məhduddur.
Ekspertlər bildirirlər ki, Azərbaycanda fermerlərin məhsullarının sığortalanması üçün də mexanizm mövcuddur. Hazırda sığorta haqqının təxminən 50 faizi dövlət tərəfindən qarşılanır. Məqsəd fermerlərin risklərini azaltmaq və aqrar istehsalı daha dayanıqlı hala gətirməkdir.
Amma bu sistemdən geniş istifadə olunmur. Kiçik fermerlərin bu haqda məlumatı ya azdır, ya da heç yoxdur. Hökumət bununla bağlı maarifləndirmə işləri aparmalı və fermerləri sığortanın faydalarına inandırmalıdır.
Sahə üzrə mütəxəssislər hesab edirlər ki, subsidiya və sığorta mexanizmləri problemi tam həll etmir. Əsas məsələ kiçik fermerin bazara çıxış imkanlarının genişləndirilməsi, kooperativ sistemin gücləndirilməsi və logistika zəncirinin effektiv qurulmasıdır.
Dünya nümunələri nə göstərir?
Niderland bu sahə üzrə klassik uğur nümunələrindən biri hesab olunur. Kiçik əraziyə malik olmasına baxmayaraq, ölkə dünyanın ən böyük aqrar məhsul ixracatçılarından biridir. Fermerlər kooperativlər vasitəsilə birləşərək məhsulu birbaşa emal müəssisələrinə və xarici bazarlara çıxarırlar. Nəticədə vasitəçi zənciri minimuma endirilir və əsas qazancı fermer əldə edir.
İsrail isə su qıtlığına baxmayaraq yüksək texnologiyalar hesabına məhsuldarlığı artırmağı bacarıb. Damcılı suvarma sistemləri, avtomatlaşdırılmış anbarlar və güclü kooperativ modeli hətta kiçik fermerlərə də xarici bazarlara çıxış imkanı yaradır.
Bu nümunələr göstərir ki, kənd təsərrüfatında əsas şərt məhsul istehsalı yox, istehsalçıyla bazar arasında düzgün sistem qurmaqdır.
“Politfm”



