ABŞ prezidenti Donald Tramp bu gün – fevralın 4-də Çin Xalq Respublikasının sədri Si Tsinpinlə danışıb. Onlar ticarət və təhlükəsizlik məsələləriini müzakirə ediblər (“Reuters”). Tsinpin Amerikanın Tayvana silah satışını məhdudlaşdırmasıyla bağlı Trampa xəbərdarlıq edib. Buna baxmayaraq o, söhbətin “çox müsbət” olduğunu yazıb.
Tramp həmçinin qeyd edib ki, Çinin sədri cari mövsümdə ABŞ-dan soya idxalını 12 milyon tondan 20 milyon tona qaldırmağa razılaşıb. Bu açıqlamadan sonra soya üzrə fyuçerslər kəskin bahalaşıb. ABŞ-nin tənəzzülə uğrayan kənd təsərrüfatı bölgələri Trampın ən mühüm siyasi dayaqlardan biri, Çin isə soyanın ən böyük istehlakçısıdır.
Bu xoşməramlı jestin ardınca Tsinpin Tayvan məsələsilə bağlı Trampa xəbərdarlıq edib. Tayvan dünyanın bu iki böyük iqtisadiyyatı arasında davam edən gərginliyin əsas mənbələrindən biridir.
“Birləşmiş Ştatlar Tayvana silah satışına ciddi nəzarət etməlidir” – telefon danışığı barədə rəsmi Pekinin açıqlamasında belə deyilir.
Tramp və Si Tsinpin arasında telefon danışığı ikincisinin Rusiya prezidenti Vladimir Putinlə virtual görüşündən bir neçə saat sonra baş tutub.
“Hər şey çox müsbətdir” – Tramp özünün “Truth Social” platformasında belə yazıb.
“Çinlə münasibətlərimiz və mənim prezident Si ilə şəxsi münasibətim son dərəcə yaxşıdır və hər ikimiz onları qoruyub saxlamağın nə qədər vacib olduğunu anlayırıq”.