SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında patrul xidməti aparır (“presstv.ir” saytının arxiv fotosu)
Bu gün səhər ABŞ hərbi qüvvələri İran ərazisinə yeni zərbələr endirdikdən qısa müddət sonra İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri (SEPAH HDQ) xəbərdarlıq edib ki, Hörmüz boğazına yaxınlaşan istənilən gəmi qəti tədbirlərlə üzləşəcək.
İranın ali hərbi komandanlıq mərkəzi – Xatəmül-Ənbiya Mərkəzi Qərargahı keçid məntəqəsinin “dərhal və tam şəkildə” bağlanması barədə qərarın təsdiqləndiyini açıqlayıb.
SEPAH HDQ Fars körfəzində və Oman dənizində olan bütün neft tankerlərinə və ticarət gəmilərinə lövbər yerlərini tərk etməmək barədə xəbərdarlıq edib. Qurumun bəyanatında bildirilir ki, boğaza yaxınlaşmaq “düşmənlə əməkdaşlıq kimi qiymətləndiriləcək”.
Atəşkəs şərtlərinin ABŞ tərəfindən “dəfələrlə pozduğunu” bildirən HDQ bildirib ki, növbəti bildiriş açıqlana qədər boğaz bağlı olacaq. Ticarət gəmilərinə öz təhlükəsizlikləri naminə boğazdan keçməkdən çəkinmək tövsiyə olunub.
ABŞ hərbi qüvvələrinin yeni hücumlarını “son təcavüz aktları” kimi qiymətləndirən HDQ regiondakı Amerika qüvvələrini “terrorçu ordu” adlandırıb və bu qərarın qəbul edilməsinə səbəb kimi bölgədə qeyri-sabitliyin artmasını göstərib.
“Bu gündən etibarən Hörmüz boğazı tamamilə bağlanıb. Boğazda gəmilərin hər hansı hərəkətinin qarşısı ən qəti şəkildə alınacaq” – bəyanatda belə deyilir.
Hörmüz boğazı qlobal enerji tədarükündə strateji baxımdan ən mühüm nəqliyyat qovşaqlarından biri hesab olunur. Dünya üzrə neft ixracının təxminən beşdə biri məhz bu marşrut vasitəsilə icra olunur.
“Politfm”



