Soldan sağa: Almaniya kansleri Fridrix Merz, Ukrayna Prezidenti Volodimir Zelenski, Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron, London, 7 iyun 2026 (foto: Ceyms Ve Vaisey/”Shutterstock”)



Ukraynada sülh nizamlanmasına dair danışıqları bərpa etməyə çalışan Böyük Britaniya, Fransa və Almaniya ABŞ Prezidenti Donald Trampdan dəstək almaq niyyətindədir. Bununla belə, onlar Moskvayla müzakirələri özlərinin daha sərt mövqeləri əsasında aparmağı planlaşdırırlar.

Avropa ölkələrinin mövqeyilə tanış mənbələrin “Bloomberg” agentliyinə bildirdiyinə görə, “avroüçlük” liderləri hesab edirlər ki, müharibənin gedişi Ukraynanın xeyrinə dəyişib və bu imkan verir ki, danışıqlar 2025-ci ilin avqustunda – Trampla Vladimir Putinin Alyaska görüşündən sonra səsləndirilmiş şərtlərdən daha geniş çərçivəni əhatə etsin.

Məlumatlı mənbələr agentliyə deyiblər ki, sülh sazişinə dair yeni yanaşmanın gələn həftə Fransada keçiriləcək “Group of Seven” sammiti çərçivəsində Trampla müzakirə olunması planlaşdırılır.

“Avroüçlük” liderləri istəyirlər ki, danışıqların başlaması üçün “başlanğıc nöqtə” Rusiyanın cəbhə xəttindəki vəziyyət üzrə dərhal atəşkəsə razılıq verməsi olsun. Onlar həmçinin tələb edirlər ki, mümkün razılaşmanın nəticəsi olaraq Ukrayna etibarlı təhlükəsizlik təminatları əldə etsin. Bu təminatlar sırasında Ukrayna ərazisinə beynəlxalq qüvvələrin yerləşdirilməsi də nəzərdə tutulur.


“Politfm”