foto: illüstrasiya



Statistika Komitəsinin 2026-cı il mayın 1-inə olan məlumatına görə, ölkədə muzdla çalışan işçilərin sayı 1792,3 min nəfər olub. Onlardan 862,8 min nəfəri dövlət sektorunda, 929.5 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət gösətirb. Bu göstərici ötən ayın eyni dövrüylə müqayisədə 5.3 min nəfər və ya təxminən 0.3% azdır.

Aprelin 1-nə ölkədə 1 797.6 min nəfər muzdlu işçi qeydə alınıb.

Dövlət sektorunda çalışanların sayında azalma baş verib – aprelin 1-nə bu sektorda 869.5 min nəfər fəaliyyət göstərdiyi halda, mayın 1-nə bu rəqəm 6.7 min nəfər azalaraq 862.8 min nəfərə düşüb.

Ekspertlər hesab edirlər ki, bu rəqəmlər ölkə iqtisadiyyatında və əmək bazarında struktur transformasiyasının (keçid dövrünün) aktiv fazada olduğunu göstərir. Bu, böyük ehtimalla dövlət qurumlarında, publik hüquqi şəxslərdə və ya dövlət şirkətlərində gedən struktur optimallaşdırılmasının, ştat ixtisarlarının və ya rəqəmsallaşmanın (avtomatlaşdırmanın) birbaşa nəticəsidir.

Ekspertlər bildirirlər ki, bu prosesin sürəti əmək bazarının udma qabiliyyətinə uyğunlaşdırılmalıdır.

Özəl sektorun dövlətdən azad olan işçi qüvvəsini tam kompensasiya edə bilməməsi (6.7 min itkiyə qarşı cəmi 1.4 min artım) onu göstərir ki, qeyri-dövlət sektorunda yeni və cəlbedici iş yerlərinin yaradılma sürəti hələ də dövlət sektorundakı ixtisar sürətindən geri qalır.

Bir ayda muzdlu işçi statusunu itirən 5.3 min nəfər hazırda hansı iqtisadi statusdadır?

Ekspertlər burada 3 ssenarini mümkün sayırlar.
– Bu şəxslər muzdlu işdən çıxaraq VÖEN alıb fərdi sahibkar, mikrobiznes subyekti və ya frilanser olublar.
– İşçilər faktiki olaraq işləməyə davam edir, lakin əmək müqavilələrinə xitam verilib və qeyri-formal məşğulluğa keçiblər.
– Tamamilə işsiz qalaraq sosial yükə çevriliblər.
Ekspertlərin fikrincə, əmək bazarı dövlət modelindən özəl sektor modelinə doğru mütəşəkkil şəkildə sıxışdırılır. Proses struktur baxımından düzgün olsa da, temp dinamikası risklidir.

Tövsiyyə olunur ki, dövlət sektorunda optimallaşdırma aparılarkən özəl sektora vergi təşviqləri və subsidiyalar verilməlidir ki, ixtisar olunan kadrları özünə çəkə bilsin. Əks halda növbəti aylarda rəsmi işsizlik statistikasında və ya sosial müavinət müraciətlərində artım ola bilər. 0.3%-lik ümumi azalma hələ ki həyəcan təbili olmasa da, trendin mənfiyə doğru dəyişməməsi üçün ciddi monitorinq tələb edən bir siqnaldır.

 

“Politfm”