Foto: internet

 

 

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) çərşənbə günü İordaniyada ABŞ qüvvələrinin istifadə etdiyi bazaya ballistik raketlər atdığını və Hörmüz boğazında 10 gəmiyə hücum etdiyini açıqlayıb. Ötən günsə ABŞ qüvvələri İranın beş neft tankerini məhv etdiyini bildirmişdilər. 

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tankerlərə zərbələrin görüntülərini yayıb və əməliyyatı SEPAH-ın əvvəlki iki gündə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmini ballistik raketlərlə iki dəfə hədəfə almasına cavab adlandırıb. Qurum həmin hücum cəhdlərində amerikalı hərbçilərin xəsarət almadığını bildirb (“Reuters”).

SEPAH Əl-Əzrəq yaxınlığındakı bazaya atılan raketlərin ciddi ziyan vurduğunu iddia edib. İordaniya isə 20 İran raketindən 18-nin vurulduğunu, digər ikisinin yaşayış olmayan ərazilərə düşdüyünü və tələfat olmadığını açıqlayıb. ABŞ rəsmisi də zərbələrin nəticəsiz qaldığını bildirib.

SEPAH həmçinin “qadağan olunmuş və təhlükəli” saydığı ərazidən keçməyə çalışan iki ABŞ gəmisi və səkkiz neft tankerini hədəfə aldığını bəyan edib. İran dövlət mediasında Küveyt və Bəhreyn limanlarındakı tankerlərin də hədəfə alına biləcəyi barədə xəbərdarlıq yayılıb.

BƏƏ-nin Xor-Fakkan limanında mayeləşdirilmiş təbii qaz tankerinin zədələndiyini bildirilir. Hadisəyə görə məsuliyyəti heç bir tərəf üzərinə götürməyib. Hörmüzdə daşımaların  pozulması ilə bağlı narahatlıqlar fonunda “Brent” markalı neftin qiyməti çərşənbə günü ilkin ticarətdə bir barel üçün 100 ABŞ dollarına yaxınlaşıb.

Regional gərginliyi artıran digər hadisə husilərin çərşənbə axşamı Səudiyyə Ərəbistanına hücumu olub. Qrup Xamis Muşaytdakı aviabazanı, həmçinin Əbha, Nəcran və Cazandakı dövlət neft şirkətinin obyektlərini dron və raketlərlə hədəfə aldığını bildirib. Səudiyyə rəsmilərinin məlumatına görə, aralarında qadın və uşaqların da olduğu 73 nəfər yaralanıb, obyektlərdə yanğınlar baş verib.

“Politfm”