Novorossiyskdəki neft terminalındakı yanğından görüntü, skrinşot (video:”Exilenova+”)

 

 

Rusiya və Ukrayna gecə saatlarında qarşılıqlı və genişmiqyaslı dron hücumları həyata keçiriblər. Yerli hakimiyyət nümayəndələrinin açıqlamalarına görə, gecə və səhər hücumlarında Ukraynada azı 5, Rusiyanın Novorossiysk şəhərində isə 4 nəfər həlak olub.

Rusiyanın Ukraynaya hücumu

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hücum sentyabrın 8-i saat 18:00-dan başlayıb. Rusiya işğal olunmuş Krımdan “İsgəndər-M” ballistik raketləri, Azov dənizi istiqamətindən S8000 “Banderol” sursatları və 196 müxtəlif tipli PUA buraxıb. Səhər saat 08:30-a qədər 165 PUA-nın vurulduğu və ya radioelektron vasitələrlə sıradan çıxarıldığı bildirilib. Zərbələr 23, vurulan aparatların qalıqları isə dörd məntəqədə qeydə alınıb.

Rusiya Müdafiə Nazirliyi hədəflərin hərbi sənaye, liman, gəmi və logistika obyektləri olduğunu iddia edib. Moskvanın açıqladığı siyahıda Kiyevdə PUA və pilotsuz kater istehsalı ilə əlaqəli olduğu deyilən anbar, Nikolayev şəhərində liman terminalları, yanacaq çənləri, logistika mərkəzləri və yarımstansiya, Odesaya gedən yük gəmisi və Starikazaçyedəki sərhəd-keçid məntəqəsi var.

Ukrayna tərəfinin açıqladığı məlumata görə:

– Starokazaçye–Tudora sərhəd-keçid məntəqəsinə və yaxın əraziyə zərbə nəticəsində iki mülki şəxs ölüb, üç nəfər yaralanıb. Yanğın baş verib, 16 nəfər təxliyə olunub və keçid müvəqqəti bağlanıb. Moldova sərhəd xidməti PUA-ların Ukrayna ərazisinə düşdüyünü təsdiqləyib.
– Nikolayev şəhərində 70 yaşlı qadın həlak olub, biri 15 yaşlı uşaq olmaqla, dörd nəfər yaralanıb. Nəqliyyat və liman infrastrukturu, poçt terminalı, ticarət mərkəzi, kafe, yaşayış evləri və yük avtomobilləri zədələnib (“Suspilne”).
– Kiyevin Darnitski rayonunda PUA çoxmərtəbəli yaşayış binasının 11–12-ci mərtəbələrinə dəyib. Hamilə qadın da daxil olmaqla, azı altı nəfər yaralanıb, üç nəfər xəstəxanaya yerləşdirilib. Xilasedicilər binadan 23 nəfəri çıxarıblar.
– Dneprdəki tikinti materialları anbarında və fərdi evdə yanğın baş verib. Üç nəfər xəsarət alıb; iki nəfər xəstəxanaya yerləşdirilib, onlarla yaşayış binası zədələnib.
– Xersonda bir kişi və bir qadın həlak olub, bir kişi yaralanıb.
– Kiyev vilayətində ərzaq müəssisəsi, Xarkovda yaşayış binası və anbar, Çerniqov vilayətində isə evlər zədələnib. Bu məntəqələr üzrə ilkin məlumatlarda ölüm qeydə alınmayıb.

Ukraynanın Rusiya ərazisinə zərbələri

Rusiyanın Krasnodar vilayətinin qubernatoru Venyamin Kondratyev Novorossiyskdə dörd nəfərin, o cümlədən bir uşağın öldüyünü, 29 nəfərin yaralandığını, onlardan üçünün vəziyyətinin ağır olduğunu bildirib. Onun sözlərinə görə, üç fərdi və beş çoxmənzilli ev, kilsə və uşaq bağçası zədələnib. Anapada üç ev və uşaq bağçasına ziyan dəysə də, xəsarət alan olmayıb (“Reuters”),

Rusiya Müdafiə Nazirliyi gecə ərzində ölkənin müxtəlif regionları, işğal olunmuş Krım və Qara dəniz üzərində ümumilikdə 596 Ukrayna dronunun vurulduğunu iddia edib. Regionlar üzrə bölgü və bu rəqəmi təsdiqləyən müstəqil sübut təqdim olunmayıb (“Interfax”).

Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi Novorossiysk hərbi-dəniz bazasına zərbəni təsdiqləyərək raketdaşıyıcılar daxil olmaqla, bir neçə hərbi gəminin sıradan çıxarıldığını bildirib. O, həmçinin Anapada Su-33 qırıcısının və Mi-8 helikopterinin, Gelencik yaxınlığında isə iki radar kompleksinin məhv edildiyini iddia edib. Gəmilərin sayı və adları açıqlanmayıb; Rusiya bu itkiləri təsdiqləməyib.

Açıq mənbəli görüntülərin təhlili Novorossiyskdə mazut terminalında güclü yanğın olduğunu göstərir. Rusiya rəsmiləri yalnız “müəssisələrin ərazisində” yanğın baş verdiyini açıqlayıb.

“Reuters”-in xəbərinə görə, sentyabrın 8-də ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında bir saatlıq telefon danışığı olub. Kremlin yaydığı xülasəyə görə, Tramp müharibənin mümkün qədər tez bitməsini və ABŞ–Rusiya münasibətlərinin normallaşmasına imkan yaranmasını istədiyini deyib. Putin Rusiyanın Avropaya qarşı aqressiv planlarının olmadığını iddia edib.

“Politfm”