Husilərin tərəfdarları Səudiyyə Ərəbistanına qarşı təşkil olunmuş aksiyada; Səna, Yəmən, 18 sentyabr, 2026 (foto: AP)
İranın dəstəklədiyi husilər başqa ölkələri Yəməndə yenidən şiddətlənən müharibədə Səudiyyə Ərəbistanının tərəfini tutmamağa çağırıblar. Hərəkatın rəhbərliyində təmsil olunan Məhəmməd əl-Buxeyti AP-yə bildirib ki, husilər Qırmızı dənizdə ABŞ gəmilərinə hücum etməyəcəklərinə dair Tramp administrasiyasına təminat veriblər (“Associated Press”).
Husilərin Siyasi Bürosunun üzvü əl-Buxeytinin sözlərinə görə, bu ayın əvvəlində hərəkat Yəmənin qərb sahili boyunca sürətlə irəliləyərək Bab əl-Məndəb boğazına çatandan sonra Vaşinqton onun nümayəndələri ilə əlaqə yaradıb.
Əl-Buxeyti husilərin nəzarətindəki Sənadan videobağlantı vasitəsilə verdiyi müsahibədə deyib:
“Biz bildirdik ki, boğazda ABŞ-ni və Səudiyyə Ərəbistanından başqa heç bir ölkəni hədəf almırıq. Mövqeyimiz dəyişməyib”.
ABŞ Prezidenti Donald Tramp da administrasiyasının husilərlə danışıq apardığını təsdiqləyib. Lakin söhbətin nə vaxt və hansı səviyyədə keçirildiyini açıqlamayıb:
“Husilər bizimlə əlaqə saxlayaraq döyüşmək istəmədiklərini dedilər. ABŞ-nin bu məsələyə qarışmamasını istəyirlər və gəmilərin böyük hissəsinin keçməsinə imkan verirlər”.
AP daha əvvəl iki mənbəyə istinadən bildirmişdi ki, ötən həftəsonu Omanda ABŞ və Husi nümayəndələri arasında görüş keçirilib. Əl-Buxeyti isə amerikalılarla birbaşa görüşü təsdiqləməyib. Onun sözlərinə görə, əlaqə yalnız Oman vasitəsilə yaradılıb.
Oman 2025-ci ildə də ABŞ ilə husilər arasında razılaşmanın əldə olunmasına kömək etmişdi. Həmin razılaşmadan sonra husilər Amerika gəmilərinə hücumları, ABŞ isə Yəməndə həftələrlə davam edən bombardmanı dayandırmışdı.
Əl-Buxeyti bildirib ki, husilərin məqsədi Bab əl-Məndəbi bütün gəmilərin üzünə bağlamaq deyil:
“Hərbi əməliyyatlarımız boğazı bağlamağa yox, Yəmən də daxil olmaqla, hamının buradan sərbəst keçməsini təmin etməyə yönəlib”.
Bununla yanaşı, husilər Səudiyyə Ərəbistanına bağlı gəmilərin Bab əl-Məndəb boğazından və Qırmızı dənizdən keçməsinə mane olacaqlarını açıqlayıblar. Hərəkat son günlər Səudiyyəyə məxsus və ya bu ölkə ilə əlaqəli gəmilərə, eləcə də krallığın daxilindəki neft obyektlərinə hücum edib.
Səudiyyənin tərəfini tutan ölkələrə xəbərdarlıq
Əl-Buxeyti bildirib ki, hər hansı ölkə Səudiyyə Ərəbistanına dəstək olaraq Yəməndəki döyüşlərə qoşularsa, husilər eyni vaxtda bir neçə cəbhədə müharibə apara bilərlər:
“Yəmən artıq yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da döyüşmək gücündədir”.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanına hücumlar husilərin nəzarətində olan ərazilərin blokadası aradan qaldırılana və gəmilərin onların Qırmızı dənizdəki limanlarına daxil olmasına icazə verilənədək davam edəcək. Əl-Buxeyti yalnız bundan sonra danışıqlara başlamağın mümkün olduğunu deyib.
Husilərin Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşat isə Sənanın 2014-cü ildə ələ keçirilməsinin ildönümü münasibətilə çıxışında sülh imkanını tam istisna etmədiklərini bildirib:
“Biz sülh qapısını bağlamamışıq”.
Döyüşlər niyə yenidən şiddətləndi?
Əl-Buxeyti son qarşıdurmaya görə Səudiyyə Ərəbistanını günahlandırıb. Onun sözlərinə görə, döyüşlər Səudiyyənin rəhbərlik etdiyi koalisiyanın hava hücumundan sonra şiddətlənib.
Həmin hücumda Səna beynəlxalq hava limanı vurulub və içində husilərin nümayəndə heyəti olan İran təyyarəsinin enməsinə imkan verilməyib. Husilər bu uçuşu koalisiyanın hava və dəniz məhdudiyyətlərinə qarşı tədbir kimi təqdim etmişdilər.
Bundan sonra husilər Səudiyyə Ərəbistanına raket və dronlar atıblar. Şənbə günü Ər-Riyada yönələn hücumun qarşısı alınıb. Səudiyyə rəsmilərinin məlumatına görə, vurulan dronun qalıqlarının yerə düşməsi nəticəsində bir mülki şəxs ölüb, bir neçə nəfər yaralanıb.
ABŞ həm Co Baydenin, həm də Donald Trampın prezidentliyi dövründə husilərin mövqelərini bombalayıb. Lakin Vaşinqton hazırkı mərhələdə Yəməndə yenidən hərbi əməliyyata başlamağa maraq göstərmir. ABŞ ordusunun əsas diqqəti İranla müharibəyə yönəlib.
AP-nin qiymətləndirməsinə görə, husilərin hücumlarını dayandırmaq üçün diplomatik razılaşma tələb oluna bilər. Bunun üçünsə Vaşinqton husilərə təsir göstərə bilən yeganə dövlətlə – İranla razılığa gəlməlidir. ABŞ ilə İran arasında aparılan danışıqlar bir neçə həftə əvvəl nəticəsiz başa çatıb.
Husilər qərb sahilində mövqelərini gücləndiriblər
Son hücum zamanı husilər strateji Moxa limanını və Qırmızı dənizdəki bir neçə mühüm adanı ələ keçiriblər. Bu ərazilər onlara Bab əl-Məndəbdən keçən gəmilərin hərəkətinə daha yaxından nəzarət etmək imkanı verir. Normal şəraitdə dünya ticarətinin təxminən 12 faizi bu boğazdan keçir.
Səudiyyə Ərəbistanının dəstəklədiyi və uzun müddətdir ayrı-ayrı silahlı dəstələrə parçalanmış Yəmən hökumət qüvvələri geri çəkilib. Onlar yenidən qüvvə toplayaraq əks-hücuma keçəcəklərini bildiriblər.
Döyüşlərin bərpası 2022-ci ildən bəri Yəməndə nisbi sakitlik yaradan atəşkəsi faktiki olaraq sona çatdırıb. Müharibə husilərin 2014-cü ildə Səna da daxil olmaqla, ölkənin şimalını və mərkəzi hissəsinin böyük bölümünü ələ keçirməsindən sonra başlamışdı. Səudiyyənin rəhbərlik etdiyi koalisiya bir il sonra beynəlxalq səviyyədə tanınan hökuməti müdafiə etmək üçün müharibəyə qoşulmuşdu.
BMT-nin hesablamasına görə, qarşıdurma indiyədək azı 150 min insanın ölümünə səbəb olub və ölkəni aclığın astanasına gətirib.
Əl-Buxeyti hesab edir ki, qərb sahilinin husilərin nəzarətinə keçməsi qüvvələr nisbətini dəyişib:
“Səudiyyə Ərəbistanı ən mühüm üstünlüyünü – qərb sahilini itirdi”.
“Politfm”



