Moskva, 20 sentyabr 2026 (foto: “Exilenova+”)
Rusiya və Ukrayna sentyabrın 19-dan 21-dək qarşılıqlı uzaqmənzilli zərbələri davam etdiriblər. Rusiya ordusunun Ukrayna şəhərlərinə hücumları mülki şəxslərin ölümünə və infrastrukturun dağıdılmasına səbəb olub. Ukrayna isə müharibənin ən böyük dron əməliyyatlarından birini həyata keçirərək Moskva neft emalı zavodunu və işğal olunmuş ərazilərdəki bir sıra hərbi obyektləri vurduğunu açıqlayıb.
Rusiya iki gecədə 310 hava hücumu vasitəsindən istifadə edib
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya sentyabrın 19-dan 20-nə keçən gecə ölkəyə 138 “Shahed”, “Gerbera” və “Parodiya” tipli dron buraxıb. Onların 101-nin vurulduğu və ya radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirildiyi bildirilib. Zərbələr 17, vurulan aparatların qalıqları isə beş məntəqədə qeydə alınıb. Dronların təxminən yarısının reaktiv mühərrikli olduğu açıqlanıb (“Ukrainska Pravda”).
Sentyabrın 21-nə keçən gecə Rusiya daha 172 hava hücumu vasitəsindən istifadə edib. Onların arasında 64 reaktiv “Shahed”, “Gerbera” və “Parodiya” dronları, eləcə də “Banderol/Dan-T” dron-raketləri olub. Ukrayna HHQ 147 dronun və bir dron-raketin zərərsizləşdirildiyini, 14 məntəqədə birbaşa zərbələrin, dörd məntəqədə isə qalıqların düşməsinin qeydə alındığını bildirib. Beləliklə, Ukraynanın məlumatına görə, Rusiya iki gecədə ümumilikdə 310 hava hücumu vasitəsi göndərib, onlardan 249-u zərərsizləşdirilib.
Kiyev vilayətində üç uşaq və bir qadın həlak olub
Kiyev vilayətinə hücumlar nəticəsində üç uşaq və bir qadın həyatını itirib. Fastiv rayonunda bir qadın və iki uşaq, Vışqorod rayonunda isə yaralanaraq xəstəxanaya yerləşdirilən daha bir uşaq ölüb. Vilayətin beş rayonunda ümumilikdə 31 obyektin zədələndiyi bildirilir (“Ukrinform”).
Sumi vilayətinin Svessa icmasında Rusiya FPV dronu mülki avtomobili vurub. İki kişi və iki qadın həlak olub. Vilayət üzrə sentyabrın 19-da həyata keçirilən 47 hücum nəticəsində daha beş nəfər yaralanıb.
Xerson vilayətinin Çervonı Mayak kəndində monastıra endirilən dron zərbəsi nəticəsində 71 yaşlı din xadimi ölüb, dörd rahib yaralanıb.
Rusiya dronları Vinnitsa vilayətində dəmir yolu infrastrukturunu da zədələyib. Yanğın baş verib, Ukrayna üzrə bəzi sərnişin qatarlarının hərəkətində uzunmüddətli gecikmələr yaranıb.
Sentyabrın 21-də Xarkov vilayətinin Lozova şəhərinə beş dronla hücum edilib. Yaşayış və dəmir yolu infrastrukturu dağılıb, bir nəfər həlak olub, üç nəfər yaralanıb (“Interfax-Ukraine”).
Zaporojyedə isə çoxmərtəbəli yaşayış binası, ticarət mərkəzi və təhsil müəssisəsi zədələnib. İlkin məlumatlara əsasən, azı beş nəfər yaralanıb.
Ukrayna Moskva və Ufadakı neft emalı zavodlarını vurub
Bu gün səhər saatlarında Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufa dron hücumuna məruz qalıb. İlkin məlumatlara və yerli sakinlərin yaydığı görüntülərə əsasən, “Başneft” şirkətinin neft emalı kompleksində yerləşən müəssisələrdən biri vurulub. Monitorinq kanalları ehtimal olunan hədəfin “Başneft-Ufaneftexim” zavodu olduğunu yazıblar.
Hücum zamanı Başqırdıstanda dron təhlükəsi elan edilib, Ufa hava limanında təyyarələrin qəbulu və uçuşuna müvəqqəti məhdudiyyət qoyulub. Hadisənin nəticələri, mümkün dağıntılar və itkilər barədə rəsmi məlumat hələ açıqlanmayıb.
Ufadakı neft emalı kompleksinə “Başneft-UNPZ”, “Başneft-Novoil” və “Başneft-Ufaneftexim” zavodları daxildir. Bu müəssisələrin ümumi illik emal gücü 23 milyon tondan çoxdur. Kompleksdə benzin, dizel və aviasiya yanacağı, sürtkü materialları və digər neft məhsulları istehsal edilir (RBC-Ukraine).
Sentyabrın 19-dan 20-nə keçən gecə isə Ukrayna Rusiyaya müharibənin ən böyük dron hücumlarından birini həyata keçirib. Rusiya Müdafiə Nazirliyi ölkə ərazisi, işğal olunmuş Krım və Qara dəniz üzərində ümumilikdə 1110 Ukrayna dronunun vurulduğunu iddia edib. Bu rəqəmi müstəqil şəkildə təsdiqləmək mümkün deyil.
Moskva meri Sergey Sobyanin paytaxta doğru hərəkət edən 450 dronun məhv edildiyini, Moskva neft emalı zavodunun və yaşayış binasının zədələndiyini bildirib. Moskva vilayətinin rəhbəri Andrey Vorobyov isə hücumlar nəticəsində 74 yaşlı kişi və 44 yaşlı qadının öldüyünü, 20 nəfərin yaralandığını açıqlayıb (“Associated Press”).
Ukrayna Baş Qərargahı Moskvanın Kapotnya rayonundakı neft emalı zavodunun vurulduğunu təsdiqləyib. Məlumata görə, zavodda böyük yanğın başlayıb, AVT-6 neft emalı qurğusu, kompleks emal qurğusu və izomerləşdirmə bölməsi zədələnib. İllik emal gücü təxminən 12 milyon ton olan müəssisənin Rusiya ordusunun yanacaqla təminatında iştirak etdiyi bildirilir.
Ukrayna qüvvələri həmçinin Zaporojye vilayətinin işğal altındakı hissəsində “Buk-M3” hava hücumundan müdafiə sistemini, Donetsk vilayətində “Nebo-U” radarını və işğal olunmuş Severodonetsk yaxınlığındakı dron istehsalı obyektini vurduqlarını açıqlayıblar (“Ukrainska Pravda”).
Zelenski və Tramp Nyu-Yorkda görüşəcəklər
Volodimir Zelenski sentyabrın 20-də ABŞ Prezidenti Donald Trampla danışıb. Ukrayna Prezident Ofisinin məlumatına görə, tərəflər bu həftə Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşmək barədə razılığa gəliblər.
Zelenski danışıq zamanı sülh prosesinin əsas prioritet olduğunu, gərginliyin azaldılması, enerji və ərzaq təhlükəsizliyi, eləcə də insanların müdafiəsi ilə bağlı ideyaların müzakirə edildiyini bildirib. Görüşün dəqiq vaxtı hələ rəsmi şəkildə açıqlanmayıb (“Ukrayna Prezidentinin Ofisi”).
“Axios” danışığın məzmunu ilə tanış mənbəyə istinadən yazır ki, Tramp söhbət zamanı Zelenskidən Rusiya neft emalı zavodlarına zərbələri dayandırmağı bir neçə dəfə xahiş edib.
Daha əvvəl ABŞ prezidenti Rusiya NEZ-lərinə hücumların dünya bazarında dizel yanacağının bahalaşmasına səbəb olduğunu iddia etmiş və Zelenskidən zərbələrin dayandırılmasını istəmişdi. O, Ukrayna ilə Rusiyanın enerji obyektlərini vurmamaq barədə razılıqğa gəldiklərini açıqlamışdı. Zelenski bildirmişdi ki, Moskvanın öhdəliyə əməl edəcəyinə təminat verilərsə, Ukraynanın qarşılıqlı addım atmağa hazırdır. Həftəsonu baş verən hücumlar “enerji atəşkəsi” razılaşmasının olmadığını göstərir.
“Politfm”



