Alice Weidel (AfD), the party's federal chairwoman, reacts to the projections for the State Parliament election at the AfD election party in Berlin, Sunday, Sept. 20, 2026. (Fabian Sommer/dpa via AP)

AfD həmsədri Alis Vaydel və partiyanın Berlin üzrə əsas namizədi Kristin Brinker ilkin nəticələr açıqlandıqdan sonra; Berlin, 20 sentyabr 2026 (foto: Fabian Sommer/ dpa/AP)

 

 

Almaniyada sentyabrın 20-də keçirilən iki əyalət seçkisi kansler Fridrix Mertsin rəhbərlik etdiyi federal hökumətin vəziyyətini daha da çətinləşdirib. Meklenburq–Ön Pomeraniyada ifrat sağçı siyasi qüvvə – Almaniya üçün Alternativ Partiyası (AfD) qalib gəlib. Berlində isə Sol Partiya ilk dəfə seçkini birinci yerdə başa vurub (“Reuters”).

İlkin nəticələrə görə, AfD Meklenburq–Ön Pomeraniyada səslərin 38,22 faizini toplayıb. Əyaləti idarə edən Almaniya Sosial-Demokrat Partiyası (SPD) 35,5 faizlə ikinci yeri tutub.
Ən ağır məğlubiyyət isə Mertsin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqının (CDU) payına düşüb. Partiyanın səs faizi 2021-ci ildəki 13,3 faizdən 4,89 faizə enib. Bununla da CDU parlamentə düşmək üçün lazım olan 5 faizlik həddi keçə bilməyib.

Bu, Almaniya Federativ Respublikası qurulandan bəri (1949) CDU-nun əyalət seçkilərində göstərdiyi ən pis nəticədir. Partiya ilk dəfədir ki, bir əyalətin parlamentindən tamamilə kənarda qalır. Seçkidə iştirak səviyyəsi 78,11 faiz olub.

Ekzit-polun nəticələri açıqlanandan sonra Merts baş verənləri “fəlakət” adlandırıb. Bununla belə, istefa vermək niyyətində olmadığını, hökumətə rəhbərliyi və islahatları davam etdirəcəyini söyləyib.

AfD qələbə çalsa da, hakimiyyətə gəlməyə bilər

AfD bu ay ikinci əyalət seçkisini birinci yerdə başa vurur. Partiya sentyabrın 6-da Saksoniya-Anhaltda da qalib gəlmiş, mütləq çoxluğa yaxın nəticə göstərmişdi.
Ancaq Meklenburq–Ön Pomeraniyada ən çox səs toplaması AfD-nin avtomatik olaraq hökumət quracağı demək deyil. Almaniyanın əsas partiyaları AfD ilə koalisiya yaratmaqdan imtina edirlər. Bu siyasi təcrid xətti AfD-nin hakimiyyətə gəlməsinin qarşısını alır.

SPD, Sol Partiya və “Yaşıllar” birlikdə parlamentdə çoxluq yarada bilərlər. Ona görə də SPD-dən olan Manuela Şveziqin əyalətin baş naziri vəzifəsində qalmaq ehtimalı yüksəkdir.
Bu mənzərə Almaniya siyasətindəki ziddiyyəti daha aydın göstərir: AfD-nin seçici dəstəyi artır, lakin partiya koalisiya tərəfdaşı tapa bilmədiyi üçün hakimiyyətdən kənarda qalır. Digər partiyalar isə AfD-ni hökumətə buraxmamaq üçün siyasi baxışları bir-birindən xeyli fərqlənən qüvvələrlə koalisiya qurmağa məcbur olurlar.

Berlindəki mənzil böhranı Sol Partiyaya qələbə qazandırdı

Berlində keçirilən seçkidə Sol Partiya səslərin 25,65 faizini toplayaraq ilk dəfə paytaxtda birinci olub. Hazırda Berlini SPD ilə birlikdə idarə edən CDU-nun səs faizi 18,77-yə enib. AfD isə dəstəyini artıraraq 16,26 faiz səs toplayıb. “Yaşıllar” 14,29, SPD 12,11 faiz əldə edib.

Sol Partiyanın uğurunda Berlindəki mənzil və kirayə böhranı mühüm rol oynayıb. Partiya daha çox münasib qiymətli mənzil tikilməsini, yerli orta göstəricidən xeyli baha olan kirayə haqlarının aşağı salınmasını və mənzillərin turistlərə qısamüddətli kirayə verilməsinə məhdudiyyət qoyulmasını tələb edir. Partiya iri şirkətlərin əlində cəmlənmiş mənzil fondunun bir hissəsinin dövlət mülkiyyətinə keçirilməsi ideyasını da dəstəkləyir.

Amma Berlin hökumətinin tərkibi koalisiya danışıqlarından asılı olacaq. Sol Partiya, Yaşıllar və SPD birlikdə asanlıqla çoxluq yarada bilərlər. Eyni zamanda CDU-nun “Yaşıllar” və SPD ilə razılaşaraq şəhər hakimiyyətində qalmaq imkanı da var.

Merts islahatlardan geri çəkilmək istəmir

Seçkilərin nəticələri Merts hökumətinin tezliklə süqut edəcəyi demək deyil. Lakin kanslerin onsuz da aşağı olan reytinqi, hakim koalisiya daxilindəki fikir ayrılıqları və islahatlara qarşı artan narazılıq onun siyasi imkanlarını daraldır.
Berlin İqtisadi Araşdırmalar İnstitutunun rəhbəri Marsel Fratşer bildirib ki, bu məğlubiyyətdən sonra federal hökumətin əsaslı islahatlar üçün həm siyasi dəstək, həm də cəsarət tapması daha çətin olacaq.

Onun fikrincə, koalisiya partiyaları güzəştə getməsələr, qərarların qəbulu daha da ləngiyəcək, iqtisadi zəiflik davam edəcək və AfD-nin 2029-cu il federal seçkisində qalib gəlmək ehtimalı artacaq.

Merts isə geri addım atmaq fikrində deyil. Kansler qarşıdakı dəyişikliklərin qətiyyət və səbir tələb etdiyini bildirib. Onun sözlərinə görə, islahatlar yalnız iqtisadiyyatı dirçəltmək üçün deyil, cəmiyyətdə güclənən avtoritar meyllərin qarşısını almaq üçün də vacibdir.
Vitse-kansler və SPD həmsədri Lars Klinqbeyl isə nəticələrin hökumətə açıq xəbərdarlıq olduğunu söyləyib. O, xüsusilə pensiya islahatlarının seçicilər arasında narahatlıq yaratdığını və hökumətin siyasi xəttinə yenidən baxmalı olduğunu bildirib.

Əsas problemlər – bahalaşma, islahatlar və Ukraynaya yardım

Merts 2025-ci ildə Almaniyanın durğunluq yaşayan iqtisadiyyatını yenidən inkişaf yoluna qaytarmaq vədi ilə hakimiyyətə gəlmişdi. Lakin pensiya, vergi və səhiyyə sahələrində nəzərdə tutulan dəyişikliklər geniş dəstək qazanmayıb. Hökumətin öz qərarlarını ictimaiyyətə izah etməkdə yol verdiyi səhvlər də narazılığı artırıb.

Meklenburq–Ön Pomeraniyada yaşayış xərcləri, Berlində isə enerji və mənzil qiymətləri seçicilərin əsas qayğıları sırasında olub. Hökumət seçkidən bir qədər əvvəl benzin və dizel yanacağına tətbiq edilən vergilərin azaldılmasını da nəzərdə tutan yardım paketini açıqlayıb.

Şverin şəhərində yaşayan Karlotta Hayk “Reuters”-ə deyib ki, “Burdakı maaşla, demək olar, heç nə almaq mümkün deyil”.

Adının çəkilməsini istəməyən başqa bir sakin isə hökumətin xarici ölkələrə ayırdığı vəsaitə etiraz edib:
“Pul öz ölkəmizə, uşaqlara və təqaüdçülərə lazımdır”.

Əyalətin baş naziri Manuela Şveziq də seçki kampaniyasında federal hökumətin islahatlarını tənqid etmişdi. Onun sözlərinə görə, əyalətdə bir çox insan Ukraynaya maliyyə və hərbi yardım göstərilməsinə qarşıdır, “Şimal axını” kəmərləri ilə yenidən Rusiyadan qaz alınmasını istəyir.

Vaxtilə Şveziq də bu layihəni müdafiə edirdi. Lakin 2022-ci ildə baş verən partlayışlardan sonra əvvəlki mövqeyindən uzaqlaşıb.

2029-cu il seçkisinə doğru

AfD on ildən bir qədər artıq müddətdə kiçik avroskeptik hərəkatdan Almaniyanın ən çox dəstək qazanan siyasi qüvvələrindən birinə çevrilib. Partiya ölkədə qalmaq üçün hüquqi əsası olmayan əcnəbilərin deportasiyasını, Rusiya ilə enerji əlaqələrinin bərpasını və Almaniyanın avrozonadan çıxmasını istəyir.

AfD Saksoniya-Anhalt və Meklenburq–Ön Pomeraniyadakı nəticələri 2029-cu il federal seçkisinə gedən yolun başlanğıcı kimi təqdim edir. Partiya ölkə üzrə keçirilən rəy sorğularında da ön sıralardadır.

Əyalət seçkiləri Mertsin kanslerliyinə dərhal son qoymasa da, onun siyasi nüfuzuna ciddi zərbə vurub. Hakim koalisiya indi iki təzyiq arasında qalıb: iqtisadi islahatları davam etdirməli və həmin dəyişikliklərdən narazı qalan seçicilərin AfD-yə yönəlməsinin qarşısını almalıdır.

“Politfm”